Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sentyabrın 28-i Ümumdünya Quduzluq Xəstəliyi ilə Mübarizə Günüdür

Quduzluq insanlarda, eləcə də heyvanlarda rast gəlinən xəstəlik növlərindən biridir. Virus xəstə heyvanların tüpürcəyi ilə ifraz olunduğundan bu problem daha çox quduz heyvanların dişləməsi nəticəsində yayılır. Quduzluq mərkəzi sinir sistemini zədələyir və beyində iltihaba səbəb olur.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) hər ilin sentyabr ayının 28-ni dünyada quduzluqla mübarizə günü elan edib və 2030-cu ilə qədər sahibsiz itlər vasitəsilə xəstəliyə yoluxmanın qarşısının alınmasını məqsəd kimi qarşıya qoyub.

İnsanlarda quduzluq xəstəliyi hidrofobiya - sudan qorxmaq, fotofobiya – işığa həssaslıq, psixonevroloji pozulmalar, udqunma aktının pozulması, yüksək hərarət və digər kliniki əlamətlərlə özünü büruzə verir. Quduzluq olduqca təhlükəli bir xəstəlikdir və müalicəsi olmadığı üçün, vaxtında vaksin vurulmazsa, ölümlə nəticələnir.

Çox zaman ancaq itin hücumuna məruz qalan insanlar həkimə müraciət edir. Lakin bu sadəcə itlərdən keçən virus deyil. Məsələn, canavardan, tülküdən hətta pişikdən də yoluxmaq mümkündür. Pişik cırmaqlaması nəticəsində də həkimə müraciət olunması tövsiyə edilir. Quduzluğun ilkin əlamətləri qripə bənzəyir. Bir neçə gündən sonra simptomlar ağızın köpüklənməsi, yuxusuzluq, aqressiv davranışlarla müşahidə edilir.

Heyvan dişləməsinə, cırmaqlamasına və ya zədələnmiş dərinin yalanmasına məruz qaldıqda ilk olaraq yaranı və ya tamlığı pozulmuş dərini sabun, çoxlu təmiz su ilə yumaq lazımdır. Təcili olaraq həkimə (yaxşı olar infeksionistə) müraciət edilməlidir.

Xəstəlikdən qorunmaq üçün ev heyvanlarını quduzluğa qarşı peyvəndləməli, sahibsiz it və pişiklərlə birbaşa təmas qurulmamalıdır.

Sahibsiz heyvanların sayının artması və onlara zəruri qayğının göstərilməməsi, xüsusilə küçə it və pişiklərinin vaxtında sterilizasiya edilməməsi, habelə peyvəndlənməməsi bir çox ekoloji, sanitar və səhiyyə problemlərinin yaranması ilə nəticələnir. Elə bu səbəbdən də heyvanlar sterilizasiya, peyvəndləmə, baytar qayğısı, sahibləndirmə, sığınacaq və digər humanist rəftarla da əhatə olunmalıdır.

Bu səbəbdən heyvanın hücumuna məruz qalan şəxs mütləq vaxtında həkimə müraciət etməli və quduzluğa görə peyvənd olunmalıdır.

28 Sentyabr 2022 15:13 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə