Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bizim olan bizə qalacaq

Baxın, görün, mənfur düşmən hansı vəhşiliklər törədir – evləri yandırırlar, məktəbləri yandırırlar, ağacları qırırlar, elektrik xətlərini qırırlar. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir. Nə vicdan var, nə utanmaq var, nə əxlaq var. Ona görə İkinci Qarabağ müharibəsində qazanılmış qələbə böyük ta­rixi əhəmiyyətə malikdir. Bu, təkcə Azərbaycanın öz doğma torpaq­larının işğalçılardan azad edilməsi məsələsi deyil. Bu, eyni zamanda, bütün dünyaya, bütün işğalçılara göstərir ki, onların sonu bax, belə ola bilər. İşğalçıların, qəsbkarların sonu belə olacaq.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Füzuli şəhəri, 16 noyabr 2020-ci il

 

Dövlət başçımızdan bu fikirləri eşitmək nə qədər xoş idi, İlahi! Amma tək budurmu? Əlbəttə, yox. İlham Əliyev 50 milyonluq Azərbaycan xalqının üstündən məğlub millət adının götürülməsinə nail olub. Ali Baş Komandanımız yüz minlərlə soydaşımızı qaçqın, köçkün adını daşımaqdan xilas edib. O, bizim hər birimizin qamətinin düzəlməsinə, dövlətimizin nüfuzunun qeyri-adi dərəcədə artmasına, onlarca məscidimizin təhqirlərdən qurtulmasına, yüzlərcə tarixi-mədəni abidəmizin düşmən saxtakarlığından təmizlənməsinə zəmin yaradıb. İlham Əliyev Azərbaycanın çaylarını, bulaqlarını, dağlarını, bağlarını, əkin-biçin sahələrini mənfur düşmənin murdar nəfəsindən təmizləyib.

Bəs bunun müqabilində düşmən tərəf – otuz il alçaqlıq və şərəfsizliklə məşğul olan Ermənistan nə “qazanıb?” Bu sualın cavabını dövlət başçımız İkinci Qarabağ müharibəsi qurtarandan cəmi on gün sonra vermişdi: “Biz bü­tün dünyaya göstərmişik ki, yenilməz xalq Azərbaycan xalqıdır, müzəffər ordu Azərbaycan Ordusudur. Erməni mifini məhv etdik, erməni uydurmalarını məhv etdik, onları yerinə oturtduq, onlar bizim qabağımızda diz çöküblər və onlar bun­dan sonra bu damğa ilə yaşayacaqlar, rəzalət damğası ilə yaşayacaqlar. Biz isə bundan sonra qürur hissi ilə yaşaya­cağıq – müzəffər xalq kimi, güclü dövlət kimi, yenilməz ordu kimi, güclü iradə sa­hibi kimi”.

…1998-ci ilin may ayı idi. Lefkoşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezi­denti Rauf Denktaş bizi – azərbaycanlı jurnalistləri qəbul edirdi. Söhbət vətənpərvərlikdən, yurdsevərlikdən düşəndə Prezident bir qədər “ehtiyat­lı görkəm alaraq” soruşdu ki, aranızda işğal edilmiş Qarabağda doğulub bö­yümüş kimsə varmı? Fazil Abbasov Cəbrayıldan olduğunu dedi, Elxan Şa­hinoğlu isə atasının Ağdamda doğulub böyüdüyünü söylədi.

Şimali Kipr Prezidenti gülümsündü: “Türk xalqları öz torpaqlarının kiminsə ayağı altında qalması ilə qətiyyən barş­mazlar. Dövlətiniz iradəli, əzmlidir. Siz dövlətin yanında olsanız, həmin torpaq­ların hamısını azad edəcəksiniz. O za­man bilirsinizmi nə baş verəcək?”

Biz o zaman bugünkü zəfəri proq­nozlaşdıra bilmədiyimizə görə hamımız susduq. Prezident öz sualına özü ca­vab verdi: “O zaman həmin torpaqlara Azərbaycan ab-havası, türk ruhu qayıda­caq. O yurdlarda sizin səsiniz eşidiləcək. O yer, o səma sizi salamlayacaq.”

Biz hamımız “İnşallah!” – dedik, amma, mən nəinki orada, hətta həmin söhbəti “Xalq qəzeti”nin oxucularına təqdim edəndə də ürəyimdə düşünür­düm ki, bunlar türk qardaşımızın arzu­sundan doğan xəyallardır. Sən demə, həmin fikirlər xəyal deyilmiş.

Sən demə, Prezident İlham Əliyev həmin arzuların hamısını günün reallıq­larına çevirəcəkmiş. Dövlət başçımızın müharibənin başa çatmasından bir həftə sonra işğaldan azad edilmiş ərazilərə getməsi, yad qüvvələrin eybəcər bir ad verdiyi Suqovuşanın adını bərpa etməsi, Xudafərin körpüsünün yanında Arazın suyu ilə əl-üzünü yuması, Zəngilanda məscidin bərpasının təməlini qoyma­sı, Cıdır düzündə Novruz paxlavası ilə çay içməsi – bütün bunlar Qarabağa və Şərqi Zəngəzura Azərbaycan ab-havasının, türk ruhunun qaytarılması idi.

Ancaq mənə elə gəlir ki, dövlət başçımızın işğaldan azad edilmiş ra­yonlardan birində bu yerləri viranəyə çevirmiş vəhşi toplumun dilində yazıl­mış yol göstəricini çıxartdıraraq, həmin dəmir parçasını şəxsən özünün tapda­laması, ayaq altına atması təsadüf və ya sıradan olan bir fakt deyildi. Cənab Prezident həmin addımıyla dünyaya sübut edirdi ki, biz Qarabağ və Şərqi Zəngəzurdan Azərbaycan izlərini yox etmək istəyənlərin bütün məram və məqsədlərini ayaq altına atdıq.

… Həmin faktdan sonra bizi qar­şıda “Zəfər yolu”nun açılması, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngilanda “ağıllı kənd”in öz sakinlərini qəbul etməsi kimi tarixi hadisələr gözləyirdi. Həmin hadisələrə də şahidlik etdik.

Bəli, Şuşada Füzulidə, Ağdamda keçirilən çoxsaylı yerli və beynəlxalq tədbirlərin iştirakçıları dəfələrlə etiraf ediblər ki, Qarabağa Azərbaycan əhval-ruhiyyəsi, ab-havası, ruhu qayıdıb. Bö­yük Qayıdışlar isə hələ qabaqdadır.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

28 Sentyabr 2022 02:15 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə