Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Onlar yurdu xilas etməyə getmişdilər...

Aradan keçən iki il heç yaşanmamış kimi, yenidən 2020-ci ilə, daha dəqiq desək, 27 sentyabra qayıtsaq, bir neçə saat içində aldığımız xəbərləri xatırlamaq, lazım gələrsə, xatırlatmaq yerinə düşərdi. Bəli, bir çoxumuz Vətən müharibəsindən iki il keçdiyinə inana bilmir. Əlbəttə, bunun bir çox səbəbi var. Səbəblərdən biri, təbii ki, pandemiyadır. Belə ki, 2020-ci il insanlar üçün zamanın necə keçdiyi bəlli olmayan, təqvimlərin önəmini itirdiyi ev şəraitində ötdü. Belə olan halda dünya sivilizasiyası üçün 2020, hətta 2021-ci illər yaşanılmamış kimi hiss edilir. İkinci bir səbəb isə bizim otuz illik həsrətimizin, əslində, sivil insanların heç gözləmədiyi vaxtda, bəzi şovinistlərin ümidini itirdiyi və xalqı da ümidsizləşdirdiyi bir zamanda, həm də cəmi 44 gün içində torpaqlarımızın işğaldan azad edilməsi oldu.

Hər şey o qədər sürətli yaşandı ki... Şəhid xəbərləri, işğaldan azad edilən torpaqların müjdəsi, Azərbaycan Ordusunun irəliləyişi, Şuşa və əlbəttə ki, düşmənin kapitulyasiyası. Böyüklərindən qəhrəmanlıq hekayələri, bəzən I Qarabağ müharibəsi ilə bağlı kədərli və qan donduran hadisələrin so­rağını eşidən, vətənpərvər ruhda, tor­paqlarını işğaldan azad etmək yanğısı ilə böyüyən 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində doğulan böyük bir nəsil bu səfər öz şanlı tarixini yazmaq üçün Qarabağa, hər zaman adını eşidib ürəyimizin burxulduğu həmin o torpaq­lara gedirdi...

Hər şey, məhz elə bu cür başladı. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqı 1994-cü ildə imzalanan atəşkəs müqaviləsindən sonra, yüzlərlə, hətta minlərlə dəfə eşitdiyi bir xəbərlə oyandı: Ermənistan silahlı birləşmələri atəşkəs rejimini pozub, mövqelərimiz atəşə tu­tulub və bu qəbildən xəbərlər. O günü yaxşı xatırlayırıq. Sanki ayrı bir ab-hava var idi. Böyük müjdələrin carçısı ola­caq bu anonslar ara vermir, düşmənin təxribat xəbərləri radiolardan, televi­ziyalardan insanların söhbətlərinə, gözlərindəki narahatlığa sıçrayırdı. Amma budəfəki təxribat irimiqyaslı idi. Ermənilər yenəmi torpaq sevdası­na düşmüşdü, yoxsa gözdağı vermək niyyətində idilər, bunu Allah bilər. Lakin Ali Baş Komandanın bildiyi, gördüyü və hazırladığı başqa idi. Bakı vaxtı ilə, təxminən, 14:00 radələrində əvvəlcə Azərbaycan Ordusunun genişmiqyas­lı əks-hücum əməliyyatına başlaması xəbəri, ardınca işğaldan azad edilən ilk kəndlərin və yaşayış məntəqlərinin müjdəsi xalqın nigaranlığına son qoy­du.

İnsanlar bir-birinə baxır, sanki işğal­dan azad etmək sözünün nə mənaya gəldiyini başa düşmürdülər. Elə mən özüm də... Heç görmədiyim, istirahət etmək üçün belə yaşımın çatmadığı sorağını böyüklərdən, kitablardan və filmlərdən xəbər aldığım, hər zaman şəkillərdən gördüyüm kəndlər, şəhərlər, yüksəkliklər işğaldan azad edilirdi. Həmin günlərdə qəlbinin dərinliklərində, bəlkə də, heç vaxt Vətən sözünün mənasını başa düşməyən, bu məfhumu ruhu ilə hiss etməyən insanlar belə gözlərində və ürəklərində nəhəng bir alovla, həsrətli və qayğılı duyğularla cəbhədən gələn xəbərləri gözləyir, bu­nun sənin, mənim deyil, hər kəsin sava­şı olduğunu anlayırdılar.

Azərbaycan Ordusu irəliləyir... 44 gün ərzində yaşadıqlarımızı, hətta o günlərin şahidlərinə, mənimlə birlikdə eyni xəbərləri izləyən, Prezident İlham Əliyevin xalqa açıqlamalarını gözləyən insanlara belə, tam mənası ilə, izah edə bilməyəndə anlayıram ki, biz də 90-cı illərin əvvəllərində Qarabağda yaşananları tam olaraq başa düşə bilməmişik.

İndi gəlin, həmin günləri və yaşanan hadisələri, xalqın yox, ön cəbhədə sa­vaşan, şəhidlik zirvəsinə ucalan, qazi olan qəhrəmanların gözündən oxu­yub təsəvvür etməyə çalışaq. İnsanlar doğulur, böyüməyə başlayır, təhsil alır, kimliyini, milliyyətini və Vətənini öyrənir. Azərbaycan xəritəsini ilk dəfə görən böyük bir nəsli – “Ata, bəs bura nə üçün qırmızı rəngdədir”– sualını verib, barmağını Azərbaycan xəritəsindəki işğal olunmuş torpaqlara tuşlayan, sualı ünvanladığı insanlardan cavab gözləyən körpə uşaqları xəyal edin. Gündəliklərinin birinci səhifəsində, kitablarında, sinif otaqlarında, hətta dəftərlərində işğal tarixləri olan, bu işğal tarixləri əzbərlətdirilən uşaqları düşü­nün. Torpaqlarının nə üşün işğal edildi­yini anlaya bilməyən, xalqının bu qədər işgəncəyə və zülmə hansı səbəbdən məruz qaldığını dərk etməyən həmin o uşaqlar tarixi dəyişmək, düşməndən intiqam almaq və torpaqlarını işğaldan azad etmək fürsəti ilə qarşılaşanda nə hiss etməli idilər?

Azərbaycan Ordusu Vətən müharibəsində təkcə ermənilərin uzun illərdir yaratdığı cəfəngiyyatları məhv etmədi, həm də onların bir qərinəyə ya­xın müddət ərzində qurduqları müdafiə istehkamlarını divarın küncündən təmizlənən hörümçək toru kimi silib-süpürdü. Ermənilər qaçır, ermənilər geri çəkilir, məğlub olduqlarını qəbul edirdilər. Prezident İlham Əliyev demək olar ki, hər gün xalqa açıqlamalar ve­rir, işğaldan azad edilən torpaqların siyahısını insanlar üçün şəxsən özü oxuyurdu. Prezident İlham Əliyevin sentyabrın 27-dəki çıxışı isə əminəm ki, Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq. Belə ki, həmin gün Azərbaycan Ordusunun əks-hücum əməliyyatına başladığını xalqa bildirən dövlət başçısı qürurla və böyük qətiyyətlə bildirmişdi ki, bu əməliyyat, 30 ilə yaxın davam edən işğal prosesi­nin sonu olacaq. Torpaqlarımız işğaldan azad ediləcək və insanlar öz doğma ata-baba yurdlarına geri qayıdacaqlar. Bu qətiyyət, bu inam Azərbaycan xal­qının da qəlbində alova çevrildi, inamı­mıza inam, iradəmizə iradə qatdı. Xalq Prezidentinin ətrafında birləşdi. İnsan­lar, hətta tələbə olduğuna və ya sağ­lamlığına görə əvvəllər hərbi xitmətdə olmayan cavanlar belə könüllü şəkildə ön cəbhəyə getməyə can atır, bir qarış Vətən torpağı üçün gözlərini qırpmadan canlarından keçəcəklərini bildirirdilər. Həqiqətən də, həmin günləri yaşama­dan anlamaq, həmin hissləri sonradan eşidib duymaq mümkün deyil. Biz bütöv bir xalqın, siyasi görüşündən, dinindən, bölgəsindən, sosial mövqeyindən asılı olmayaraq birləşdiyinin, bütünləşdiyinin şahidi olduq. Biz tarix boyu eşitdiyi­miz azadlıq, hərəkatlarını, hürriyyət dastanlarını cəmi 44 günün içində öz gözlərimizlə gördük. Anladıq və bütün dünyaya anlatdıq ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayıb, bu torpaq­lar üçün can verməyə də, can almağa da hazırdır.

Əlbəttə, son illərdə ordu quruculuğu sahəsində görülən işlər, həyata keçirilən islahatlar, ordumuzun maddi-texniki ba­zasının yenilənməsi, gücləndirilməsi, Azərbaycan Silahlı Qüvvələrinin dün­yanın ən müasir silahları ilə təchiz edilməsi qələbəmizi şərtləndirən əsas səbəblərdən idi. Lakin unutmaq olmaz ki, ordumuzun şəxsi heyəti hər bir ad­dımında evində olduğunu, evinə, doğ­ma yurduna qayıtdığını hiss edir, haqq üçün savaşdığını dərk edirdi. Bu yazı­nı “Babək” filmindən dillər əzbəri olan cümlələrlə bitirmək istəyirəm: “Azadlıq, istər acı olsun, istər şirin, yalnız o idi “bizi” döyüşdən-döyüşə aparan!”.

İmran ƏLİYEV,

“Xalq qəzeti”

28 Sentyabr 2022 02:01 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə