Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2020-ci ilin bu günü...

Zaman durmadan irəli getsə də, arabir qanrılıb geriyə baxmalı, sınaq dolu günlərə, uğur dolu aylara, illərə boylanmalı olursan. O xalq xoşbəxtdir ki, tarixi unudulmaz anlarla süslənib, parlaq sabahlara vəsilə olub. Bu baxımdan, biz azərbaycanlılara indi bütün dünya həsəd apara bilər. Çünki cəmi 44 günlük Zəfər yürüşü ilə erməni faşizmini məhv etmiş, özümüzü qalib xalq, müzəffər millət kimi hamıya tanıda bilmişik. Elə dünənki Anım Günündə şəhidlərimiz üçün qüssələnsək də, onların qoyub getdikləri qeyrət, rəşadət, mərdlik nəsnələrinə, müqəddəs qəhrəmanlıq irsinə görə bir daha qürur duyduq.

Düz iki il əvvəl, bu gün bizim “Xalq qəzeti” Azərbaycanda hərbi vəziyyət qüvvəyə minməsi barədə yazırdı: “Prezident İlham Əliyevin imzaladı­ğı Fərmana görə, sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq nor­malarını kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Res­publikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutması, nəticədə mülki şəxslər və hərbiçilər arasında ölən və yaralananların olma­sı, bu hücumların qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlama­sı nəzərə alınaraq, sentyabrın 28-də saat 00:00-dan ölkə ərazisində hərbi vəziyyət elan edilib”.

“Düşmənin daha bir neçə hərbi tex­nikası məhv edilib”, “Müdafiə Nazirliyi: Ermənistan ordusunun 3 silah-sursat anbarı, onlarla texnikası məhv edilib, 550-dən artıq canlı qüvvə itkisi var”, “Türkiyə haqlı mübarizəsində daim Azərbaycanın yanındadır”, “Xalqımızın ürəyi Azərbaycan əsgəri ilə döyünür”, “Düşmənə sonuncu dəfə xəbərdarlıq edilir”, “Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib”, “Azərbaycan XİN beynəlxalq ictimaiyyətə çağırış etdi”, “Biz zəfər çalacağıq” sərlöhvəli xəbərlərdən də göründüyü kimi, həmin gündən bü­tün Azərbaycanla birgə, bizim qəzet də, bir növ, hərbi libas geyindi, “Bilsin ana torpaq, eşitsin Vətən...” deyərək barıt qoxulu sətirləri ilə haqq işimizin müdafiəsinə qalxdı. Qırx dörd gün Qa­rabağın müxtəlif bölgələrindəki inten­siv döyüşlərdən yazdıq, Azərbaycan Ordusunun zəfər salnaməsini ya­ratdıq, qəhrəmanlarımızı xalqımıza tanıtdıq, nəhayət, böyük sərkərdə İlham Əliyevin Böyük Zəfər haqqında müjdəsini oxuculara çatdırdıq.

“Xalq qəzeti”nin 28 sentyabr 2020-ci il tarixli nömrəsində “Qarabağ”ın futbol klubunun oyunçu­su Qara Qarayevin Füzulinin Hora­diz kəndinin işğaldan azad olunması ilə bağlı fikirləri də yer almışdı: “Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğ­ma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm. İnanıram ki, bu son deyil. Tezliklə Qa­rabağda, Şuşada Azərbaycan bayra­ğı dalğalanacaq. Ordumuzla, xalqı­mızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri!"

Elə də oldu. Əbəs yerə deməyiblər ki, hər duada bir kəramət var. Başda Prezident, Ali Baş Komandan olmaq­la, böyük qələbəyə köklənən, özünü səfərbər edən hər kəs əlindən gələni edərək, başlanan zəfər marafonunun sonuna çatmağa çalışdı. Nəhayət, doğma nəfəslər üçün qəribsəmiş yurd yerlərimizin üzü güldü, Xudafərin gö­türüldü, İranla 132 kilometrlik sərhəd bərpa olundu. Şuşaya Azərbaycan bayrağı sancıldı. 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanması ilə Ermənistan acı məğlubiyyəti ilə ba­rışmalı oldu. Azadetmə statistikası­na görə, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Min­civan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Had­rut qəsəbəsi və 35 kəndi, Tərtər ra­yonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murov­dağ istiqamətlərində bir neçə strate­ji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

Ermənistanın qol çəkdiyi kapitulya­siya aktına əsasən, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayon­ları Azərbaycana döyüşsüz qaytarıldı. Ardınca quruculuq işlərinə başladıq, re­gionun əsas sülh carçısı olduq. Amma qarşı tərəf başına gələnlərdən yenə də ibrət götürmədi, silahlı təxribatlar törətməklə işlərimizi ləngitməyə, sabit­liyi pozmağa, danışıqları əngəlləməyə çalışdı. Hər dəfəsində də adekvat cavab tədbirləri görülməklə düşmən susduruldu. Keçən il şərti sərhəd zo­nasında – Eyvazlıda, Qazançıda, Qa­ragöl ətrafında Azərbaycan Ordusu­nun postları qoyuldu, mühüm ərazilər nəzarətə götürüldü. Bu il isə revan­şist əhval-ruhiyyəli düşmənin məkrli əməllərinə cavab olaraq, mart ayında keçirilən Fərrux əməliyyatı, eləcə də avqust ayında başlanan “Qisas” anti­terror və sentyabrda gerçəkləşdirilən “Qətiyyətli cavab” sülhə məcburetmə əməliyyatları ilə Qarabağda və Ermənistanla sərhəd zonasında vacib strateji yüksəkliklər geri alındı. Bu, bir daha göstərdi ki, Azərbaycanı heç nə ilə haqq yolundan döndərmək olmaz. Ötən ay alternativ yol tikilib qurtaran kimi dəhliz kimi istifadə olunan La­çın şəhəri, Zabux və Sus kəndləri də Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Bütün bu uğurların etibarlı təməli məhz 2020-ci il sentyabrın 27-də qoyulub. Təsadüfi deyil ki, Vətən müharibəsində qəhrəmancasına dö­yüşmüş, Azərbaycan Bayrağını iş­ğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bü­tövlüyü yolunda canlarını fəda et­miş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respubli­kasında Anım Günü kimi qeyd edilməsi qərara alınıb. Ötən il də, bu il də həmin gün ölkə boyu böyük qədirbilənliklə bir sıra yaddaqalan tədbirlər keçirilib. Bütün xalqımız bir dəqiqəlik sükutla şəhidlərin xatirəsinə sayğı duruşunda dayanıb.

İkinci Qarabağ müharibəsində qa­zanılmış möhtəşəm qələbədən sonra Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xa­nım Əliyevanın xüsusi təşəbbüsləri ilə işğaldan azad edilmiş ərazilər əsaslı şəkildə bərpa olunur, Qarabağın və Şərqi Zəngəzurun ölməz ruhu özünə qayıdır, dirçəlişi sürətləndirən, “Böyük Qayıdış”ı yaxınlaşdıran genişmiqyaslı layihələr həyata keçirilir. O cümlədən, regionda davamlı təhlükəsizliyin və asayişin təmin edilməsi üçün minatəmizləmə əməliyyatları aparılır. Artıq Zəngilanın Ağalı kəndi möhtəşəm geridönüşün ilk sülh göyərçini olub, öz doğmalarının ilk dəstələrini qəbul edib. Sıra digər yaşayış məntəqələrinin, digər doğma ünvanlarındır.

Bizə bu imkanı, bu fərəhi, bu dirçəlməni ölməz şəhidlərimiz bəxş ediblər. Onların sayəsində başımızın üstündəki, zirvələrimizin qaşındakı dövlət bayraqlarımız bəxtəvərliklə dal­ğalanır. Bu ipəyin, qumaşın arasında küləklər sehirlənir, üç rəngin şövqü göz qamaşdırır, Ay-ulduzlu təsvirlər gülümsəyir.

Yuxarıda qeyd etdiyimiz kimi, qəzetimizin iki il əvvəlki 28 sentyabr tarixli nömrəsində verilmiş yazılardan biri “Biz zəfər çalacağıq” adlanırdı. Bu günsə Böyük Zəfərin yaratdığı real­lıqlardan, qalib Azərbaycanın Cənubi Qafqazda lider dövlət kimi sülhpərvər səylərindən, başı “dəmir yumruq”la əzilmiş məğlub Ermənistanın məhvolma girdabındakı ölüm-qalım çabalarından, dünyanın bizim haqq işimizi etiraf etməsindən yazırıq. Daha uca zirvələrə doğru inamla irəliləyirik. Tərəqqi salnaməmizin yeni-yeni səhifələrini şöhrət tariximizə həkk edi­rik. İki il əvvəl, bu gün qələmə aldıqla­rımızın davamı olan pozulmaz sətirlər qəzetimizin səhifələrində yer alır. Necə deyərlər, ardı var...

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

28 Sentyabr 2022 01:48 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə