Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan KTMT-dən niyə küskün düşüb?!

Yer bərk olanda, arabaya qoşulan öküzlər kotanı darta bilmir və gücə düşürlər. Bu zaman hər iki öküz fikirləşir ki, günah onun özünü işə vermək istəməyən boyunduruq yoldaşındadır.

Ermənistanın siyasi isteblişmentində də buna bənzər vəziyyət yaranıb. Burada hamı ölkənin iki il bundan əvvəlki biabır­çı hərbi uğursuzluğunda suçu bir-birinin üstünə atır ki, günah onda yox, məhz qarşı tərəfdədir. Son otuz ildə regionda işğalçı siyasət aparan, qonşu ölkənin iyirmi faizə yaxın torpağını işğal edən, nəhayət, İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu tərəfindən burnu əməlli-başlı əzilən Ermənistan rəhbərləri tutduqları səhv və yalnış yoldan imtina etmək əvəzinə, öz günahlarını siyasi və hərbi müttəfiqlərinin üzərinə atmağa cəhd edirlər.

Ermənistanın baş naziri Nikol Pa­şinyan və onun komandası yaxşı bir günah keçisi tapıb. Onlar iddia edirlər ki, ölkənin 44 günlük savaşda uduzma­ğının əsas səbəbi erməni ordusu yox, özünü köməyə yetirməyən KTMT-dir. Rəsmi İrəvan bu hərbi qurumun dönük çıxması barədə min cür əfsanə uydu­rub. Bəli, Ermənistan belə bir xülya ilə yaşayırdı ki, sözügedən hərbi qurum Ermənistanın işğalçı, militarist siyasətini dəstəkləməli və ona “gözün üstündə qaşın var” deyənləri cəzalandırmalıdır. Ermənilər bu dəfə bərk yanıldılar və indi başlarını əməlli-başlı itiriblər.

Bugünlərdə məlum olub ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imti­na edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, Azərbaycan–Ermənistan sərhədindəki vəziyyət nəzərə alın­maqla, Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qazaxıstanda KTMT-nin çevik re­aksiya qüvvələrinin təlimləri bu il sent­yabrın 26-da başlanıb və oktyabrın 8-də başa çatacaq. Görünən budur ki, rəsmi İrəvan KTMT-dən küskün dü­şüb. Ermənistan hələ İkinci Qarabağ müharibəsi zamanı üzvü olduğu KTMT-yə çox güvənirdi və onu öz arxasında dağ hesab edirdi. KTMT rəhbərliyi isə haqlı olaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətini sadəcə dəstəkləmədi və bu gün də bu xətti davam edir.

KTMT təkcə Ermənistandan ibarət deyil. Rusiya, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan da bu hərbi qurumun üzvüdür. Bu ölkələrin hər bi­rinin Azərbaycan dövləti ilə normal münasibətləri var və onların rəsmi İrəvanın çaldığı havaya oynamaq fikirləri yoxdur.

Bu arada xəbər yayılıb ki, Paşinyan KTMT-nin baş katibini qəbul etməyib. Bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb. Qəzet yazır ki, KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti bu il sentyabrın 20-də İrəvana gəlib və onların burada 5 gün, yəni sentyabrın 25-nə kimi qalması planlaşdırılıb.

Xatırladaq ki, KTMT missiyası Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və gərginliyin azal­dılması üçün təkliflər hazırlamaq məqsədilə İrəvana gəlib. Ermənistan hökumətinin başçısının KTMT-nin baş katibi Zası qəbul edəcəyi güman edi­lirdi. Məsələ burasındadır ki, S.Zas Ermənistana gəldikdən iki gün sonra Paşinyan Nyu-Yorka gedib və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT və Rusiyanın bir nömrəli düşməni, NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Lakin bu müddət ərzində Zas Ermənistanda hakimiyyətin ikinci eşe­lonunun rəsmiləri ilə görüşlər keçirib. Dünən isə məlumat yayılıb ki, Paşinya­nın Nyu-York görüşündən xəbər tutan Zas bir neçə gün əvvəl Ermənistanı tərk edib. Onun konkret hansı gündə getdiyini isə Xarici İşlər Nazirliyi öyrənə bilməyib.

Ermənistan hazırda kələfin ucunu tamam itirib və nə istədiyini özü də bil­mir. Məlumdur ki, erməni xalqının kol­lektiv yaddaşı Eçmiədzin kilsəsinin və erməni lobbisinin sayəsində formalaşıb. Hər iki tərəf ölkənin dalana dirəndiyinin fərqindədir və ölkənin gələcək taleyi ilə bağlı Nikol Paşinyan hökumətinə aram­sız göstərişlər verirlər.

Bir neçə gün əvvəl Ermənistanın sabiq prezidentləri və qondarma quru­mun sabiq “rəhbərləri” bütün ermənilərin katolikosunun hüzuruna gediblər. Görüşdə nədən söhbət gedib, bu barədə tərəflərdən heç biri konkret məlumat açıqlamır. Amma müxtəlif müsahibələr, məlumatlar, yazılar nəticəsində başa düşülən mənzərə ortaya çıxır.

Ermənistan mediasına sızan məlumatlara görə, iştirakçılardan biri kapitulyasiyaya razılıq verməyi və bu mövzuda Paşinyana dəstək olmağı təklif edib. Erməni dilində nəşr olunan “Yerevan bu gün” nəşri bu barədə belə yazıbdır: “Nə baş verir? Paşinyan tək qalıb, bu, faktdır. O, müqaviləni (sülh sazişi nəzərdə tutulur-müəllif) imzala­maq istəyir. Onlar buna sülh müqaviləsi, qurtuluş xəritəsi və ya başqa bir şey deyəcəklər, amma əslində bu, kapitul­yasiyadır. Sadə bir hesablama aparmaq olar ki, bütün iştirakçılardan kim həmişə və açıq şəkildə torpaqların verilməsini dəstəkləyib”.

Göründüyü kimi, Ermənistandakı re­vanşist qüvvələr hələ də Cənubi Qafqaz­da yaranmış yeni reallıqlarla hesablaş­maq istəmir və ölkəni yeni müharibəyə sürükləməyə cəhd edirlər. Bu, kökündən yalnış siyasətdir!

M.HACIXANLI,

 “Xalq qəzeti”

28 Sentyabr 2022 01:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə