Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyanın yolları yenə Azərbaycandan keçir

Tarixi mənbələrdə miladdan əvvəl II əsrdə Çanqandan (Çinin indiki Sian şəhəri) Aralıq dənizinin sahillərinədək uzanan karvan yolu ilə əvvəllər ipək, sonralar isə barıt, kompas və çap dəzgahlarının Azərbaycandan keçməklə Avropaya daşınmasına başlanıb. Bununla da ticarətin ilk ən genişmiqyaslı logistikasının, dəhlizin formalaşmasının əsası qoyulub. Həmin vaxtdan etibarən sözügedən yolun əhatələndiyi ölkələrdə rifah, tərəqqi, inkişaf nəzərə çarpıb. Bir sözlə, Azərbaycanın da daxil olduğu bu nəqliyyat infrastrukturu keçdiyi bölgələrin çiçəklənməsini şərtləndirib, dünyaya sülh, əmin-amanlıq, firavanlıq bəxş edib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra bu yol yenidən canlanma, inkişaf mərhələsinə daxil olub. Dünya ölkələrini birləşdirən və “İpək yolu” adını daşıyan bu magistralın daha da təkmilləşdirilməsinin əsası TRASEKA proqramı ilə qoyulub. Ulu öndər Heydər Əliyev sözügedən məsələnin gerçəkləşməsində yorulmaz fəaliyyət göstərib. Ümummilli lider Avropa İttifaqının Qərblə Qafqaz və Mərkəzi Asiya ölkələrini yeni nəqliyyat dəhlizində birləşdirmək ideyasını irəli sürüb. Dahi şəxsiyyətin 1998-ci ildən etibarən bu təşəbbüsü əsasında paytaxtımızda beynəlxalq konfrans keçirilib. Genişmiqyaslı tədbirdə qarşı­ya konkret vəzifələr qoyulub, iştirakçı dövlətlərin fəaliyyət prinsipləri müəyyənləşdirilib.

Prezident İlham Əliyevin respublikaya rəhbərlik etdiyi 19 il ərzində isə əlverişli coğra­fi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması daim diqqət mərkəzində saxla­nılıb. Bunun nəticəsində beynəlxalq və regional nəqliyyat dəhlizləri sürətli inkişaf yoluna çıxaraq, iqtisadiyyatımızın səmərəliliyinin yüksəldilməsinə müsbət təsir göstərib. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirib, əhəmiyyətini artırıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, son 10 il ərzində respublikanın nəqliyyat sektorunda orta illik artım tempi 3,5 faiz təşkil edib, yeni infrast­ruktur qurulub, özəl investisiyalar artıb. Ölkə re­gional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməyin əsası qoyulub.

Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sentyabrın 16-da Səmərqənddə keçirilən sammiti­nin geniş tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev həmkarlarına Azərbaycanın tran­zit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Dövlətimizin başçısı respublikamı­zın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində fəal iştirakından danışaraq, hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olma­sını və bu göstəricinin il ərzində 25 milyon tona qədər artırılmasının mümkünlüyünü vurğulayıb. Azərbaycan Prezidenti, eyni zamanda, cari ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzitin 50 faizə yaxın artdığını da qeyd edib.

Azərbaycan son illər ərzində Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə san­ballı töhfələr verib. Mütəxəssislərin hesablama­larına görə, adları çəkilən dəhlizlərlə ölkəmizin ərazisindən daşınan yüklərin birinci mərhələdə 3 milyon, ikinci mərhələdə 5–8 milyon, üçüncü mərhələdə isə 15 milyon ton olması gözlənilir. Lakin hazırda Avropada mövcud müharibə şəraiti, Rusiya–Ukrayna qarşıdurması diqqəti aparıcı seqmenti Azərbaycan olan Şərq–Qərb dəhlizinə yönəldib.

Bu məqamda onu da xatırladaq ki, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin inkişa­fında önəmli rol oynayan Azərbaycan 52 gəmi ilə həm də Xəzər dənizində ən böyük mülki yük do­nanmasına malikdir və Bakı Gəmiqayırma Zavo­du bütün növ gəmilər istehsal edə bilir. Həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 mil­yon ton yükaşırma gücündədir. Bu, eyni zamanda, il ərzində 25 milyon tona qədər artırıla bilər. Eləcə də Azərbaycan 18 təyyarə ilə regionumuzda ən bö­yük mülki hava yük donanmalarından birinə malik respublika kimi tanınır.

Burada Bakı Beynəlxalq Dəniz Ticarət Lima­nından söz düşmüşkən, Prezident İlham Əliyev Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sentyabrın 16-da keçirilən sammiti­nin geniş tərkibdə iclasındakı çıxışda adı çəkilən ticarət limanı haqqında bəhs edərək, bu regional və beynəlxalq əhəmiyyətli nəhəng infrastruktu­run inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. Cari il iyulun 15-də altı ayın yekunlarına həsr olunan müşavirədə isə ölkə rəhbəri sözügedən limanın ikinci fazasına başlanılmasının vacibliyi­ni vurğulayaraq, Xəzər üzərindən yükdaşımala­rın həcminin artırılmasının artıq reallıq olduğunu söyləyib. “Mənə bu yaxınlarda verilən məlumata görə, artıq ərazimizdən keçən yükləri aşırmağa bizim imkanımız yoxdur. Çünki biz beynəlxalq ticarət limanını o vaxt olan yüklərə görə inşa et­mişik, birinci fazasını başa çatdırmışıq. İndi tezliklə ikinci fazaya keçmək lazımdır”, – deyən dövlətimizin başçısı bununla Azərbaycanın tranzit əhəmiyyətinin artmasını da diqqətə çatdırıb.

Yeri gəlmişkən, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilo­metr dəmir yolunun tikilməsini və ya əsaslı təmir edilməsini, Vətən müharibəsindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında minlərlə kilometr avtomobil yolunun salınmasını da nəzərə alsaq, respublikamızın nəqliyyat sisteminin bu sahəsində həyata keçirilən layihələrin miqyası haqqında aydın təsəvvür yaranır.

Bütün bunlar isə o deməkdir ki, Azərbaycan Prezidenti tərəfindən zamanında uzaqgörənliklə həyata keçirilən sözügedən layihələr artıq döv­rün tələbinə uyğun olaraq öz bəhrəsini verir. Dünyada baş verən geosiyasi vəziyyət isə ixrac və idxal ölkələrinin qarşısına ən təhlükəsiz və sərfəli nəqliyyat dəhlizindən istifadəni şərt qo­yur. Beləliklə, tarixi İpək yolu üzərində geniş iq­tisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan, eyni zamanda, digər dəhlizlərlə müqayisədə yüklərin ölkəmizin ərazisindən keçməklə müxtəlif istiqamətlərə tranzit daşıma­larının səmərəli təşkilinə etibarlı təminat verir, daha əlverişli şərtlərlə qısa müddətdə, təhlükəsiz və vaxtında çatdırılmasına, tranzit daşımaların həcminin dəfələrlə artmasına imkan yaradır.

İşğaldan azad edilən Qarabağ regionunun coğ­rafi mövqeyi, ərazidən Avropaya və Asiyaya çıxış imkanlarının artması isə Azərbaycanın beynəlxalq nəqliyyat-kommunikasiya və dəhliz layihələrində bundan sonra daha fəal iştirakını gücləndirəcək. Bu hal Xəzər–Qara dəniz hövzəsinin və Cənubi Qafqazın strateji və etibarlı dövləti kimi ölkəmizin iqtisadi və siyasi nüfuzunu daha da artıracaq. Gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başla­ması ilə Azərbaycanın nəqliyyat-logistika imkan­ları daha da genişlənəcək.

Qeyd edək ki, hazırda Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəsə də, dün­yada söz sahibi olan ölkələr tərəfindən bu layihənin reallaşmasına böyük maraq göstərilir. Çin, Rusi­ya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu layihənin icrasının zəruriliyini dəstəkləyir.

Dövlətimizin başçısı çıxışlarının birində Zəngəzur dəhlizinin–Horadiz–Zəngilan–Ağbənd dəmir yolu istifadəyə veriləndən sonra bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsinə əminliyini ifadə edib. Eyni zamanda, bu dəmir yo­lunun digər nəqliyyat layihələrinin də reallaşdıril­masına mühüm təsir göstərəcəyini diqqətə çatdırıb: “Azərbaycan Naxçıvanla, Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana dəmir yolu xətti açıla bilər. Bu xətt yalnız Azərbaycan ərazisindən keçə bilər. Həmçinin Rusiya ilə İran arasında Nax­çıvan ərazisi ilə dəmir yolu bağlantısı olacaq. İran ilə Ermənistan arasında dəmir yolu bağlantısı ola­caq. Türkiyə ilə Rusiya arasında dəmir yolu bağ­lantısı olacaq. Yəni bütün bölgə ölkələri bundan ancaq xeyir görəcəklər”.

Azərbaycanın uzun illər təhlükəsiz tranzit ölkə kimi qazandığı nüfuz və maliyyə resursları da Horadiz–Zəngilan–Ağbənd dəmir yolu xəttinin uğurla reallaşdırılacağına imkan verəcək. Digər tərəfdən, bu infrastruktur bütün Türk dünyasını birləşdirməklə yaxın gələcəkdə regionun türkdil­li dövlətləri arasında dərin iqtisadi-siyasi birliyin qurulmasına və möhkəmlənməsinə də əsaslı təsir göstərəcək.

V. BAYRAMOV,

“Xalq qəzeti”

28 Sentyabr 2022 00:49 - İQTİSADİYYAT
İQTİSADİYYAT
6 Dekabr 2022 | 01:32
Əməkdaşlıq genişlənir
6 Dekabr 2022 | 01:29
Biznesin inkişafına dəstək
6 Dekabr 2022 | 01:20
Ekspert rəyi
5 Dekabr 2022 | 10:59
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə