Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qələbə bayraqlarına yol açan dəmir şahinlər – “Bayraktar TB2”

Azərbaycan Ordusu 44 günlük II Qarabağ müharibəsində dünya hərb tarixində misli görünməmiş döyüş əməliyyatları apardı. Ermənistanla 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərində gedən və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan müharibədə bir neçə silah sisteminin uğurlu tətbiqi hərbi əməliyyatların taleyi­nin qısa müddətdə həllinə imkan verdi. Bu yeni silah sistemlərindən ən effektivi Türkiyənin “Baykar Savunma” şirkətinin istehsalı olan “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SPUA) oldu. Müharibə dönəmində Müdafiə Nazirliyi paylaşdığı videoçarxlarda Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin arsenalında yer alan “Bayrak­tar TB2” SPUA-larının ermənilərin hərbi texnika və canlı qüvvələrini məhv etməsini izləyirdik. Xarici ekspertlər və mətbuat “Bayraktar TB2”-ni “ölüm silahı” adlandırırdı.

Müdafiə Nazirliyinin yaydığı görüntülərdən TB2 SPUA-ların Ermənistan Silahlı Qüvvələrinə qarşı uğurla istifadə edildiyini, Ermənistan artilleriyasının, döyüş mövqelərinin, tanklarının, piyada döyüş maşınlarının, YARS və zenit-ra­ket komplekslərinin məhv olmasını ay­dın görürük. Döyüşlərin ilk günlərində Ermənistan ordusuna aid “Osa-AKM”, “Strela-10”, “Tor-M2MK” və iki ədəd S-300 zenit-raket kompleksi TB2 SPUA ilə məhv edilib.

Rəsmi görüntülər əsasında aparılmış dəqiqləşdirmələrə əsasən, 44 günlük döyüş əməliyyatlarında TB2-lər vasitəsi ilə Ermənistan ordusuna aid 90 ədəd T-72 tankı, 29 ədəd piyada döyüş ma­şını, 132 ədəd artilleriya qurğusu, ara­larında “Smerç” və WM-80 yaylım atəşli reaktiv sistemlər də olmaqla 61 YARS, 9 radiolokasiya stansiyası və REM sistemi, 143 nəqliyyat vasitəsi, habelə düşmənin çox sayda canlı qüvvəsi məhv edilib. TB2 PUA-ları döyüşlərin gedişatında zərbə endirilməsi, düşmənə məxsus hədəflərin axtarışı, təyin edilməsi və koordinatlarının artilleriya batareyala­rına ötürülməsi, digər kamikadze PUA-ların (“Harop”, “Zərbə”, “SkyStriker”) hədəflərə istiqamətləndirilməsi, fasiləsiz kəşfiyyatın aparılması və görüntülərin real vaxt rejimində komanda-idarəetmə mərkəzlərinə ötürülməsi də daxil olmaq­la müxtəlif tapşırıqların icrasını uğurla yerinə yetirib.

Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, general-pol­kovnik Movses Akopyan noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında “Bayraktar TB2” SPUA-ların fəaliyyətinə Rusiya istehsalı olan ən müasir radioelektron mübarizə kompleksi ilə də maneə qoya bilmədiklərini etiraf edib. General bildirib ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alın­mış “Pole-21” radioelektron mübarizə kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacar­sa da, 4 gün sonra adıçəkilən sistem işə yaramayıb. PUA-lar əvvəlki qayda­da Ermənistan ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vur­maqda davam edib.

Xatırladaq ki, daha əvvəl – 2020-ci ildə Suriyanın şimalında, ardınca həmin ilin yayında Liviyada, payızda isə Azərbaycanda döyüş əməliyyatlarında uğur­lu nəticə göstərən “Bayraktar TB-2”-lər hərbi ekspertlər tərəfindən yüksək dəyərləndirilir.

Sözsüz ki, müharibədə qələbəni Azərbaycan əsgəri qazandı. Lakin bu müharibə həm də ölkələrin hərbi ar­senalında mövcud olan texnika, silah müharibəsi idi. Müharibədə əsgərə üstünlük qazandıran müasir tələblərə cavab verən texnika və silahdır. Dö­yüş əməliyyatlarının gedişatında KİV-ə müsahibəsində Prezident İlham Əliyev Türkiyə istehsalı olan PUA-ların rolu­nu dəyərləndirərək, bu sistemlərin mü­asir, çağdaş texnologiyalar əsasında yaradılmış silah növü olduğunu deyib: “Bu, Türkiyənin həm texnoloji, həm iq­tisadi, həm də intellektual potensialının təzahürüdür. Əlbəttə ki, belə imkanla­rın bizdə olması işimizi asanlaşdırır və insanlarımızın, əsgərlərimizin həyatını xilas edir. Çünki onlar olmasaydı, ha­vadan vurulan həmin tankları, topları və digər erməni texnikasını biz gərək yerdən vuraydıq. O da çox böyük insan itkisinə gətirib çıxara bilərdi. Bu apa­ratlar insan itkisinin yüksək rəqəmlərlə ölçülməməsi üçün bizə böyük üstünlük verir. Eyni zamanda, onların texnologi­yası mükəmməldir”.

Oktyabrın 14-də “France 24” teleka­nalına müsahibə verən Prezident İlham Əliyev Türkiyədən əldə edilən PUA-lar vasitəsilə Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasının məhv edil­diyini deyib. Hərbi əməliyyatların sonrakı günlərində də TB2 SPUA-ları ROKET­SAN şirkətinin istehsalı olan MAM-L və MAM-C ağıllı sursatlarla döyüş mey­danında aralarında müxtəlif zenit-raket kompleksləri də olmaqla, düşmənin 200-dən çox hərbi texnikasını, silah sis­temini, çox sayda canlı qüvvəsini məhv edib.

Dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə keçir­diyi mətbuat toplantısında Prezident İlham Əliyev “Bayraktar TB2” SPU-ların döyüşlərdə qələbənin əldə olun­masında mühüm rol oynadığını bildi­rib: “Türkiyənin müdafiə sənayesinin məhsulu olan məşhur “Bayraktar” Vətən müharibəsində böyük dəyişikliyə səbəb oldu və bizim uğurlarımızın əldə edilməsində müstəsna rol oynadı. Bütün dünya türk xalqının zəkasını, istedadını bir daha gördü. Türk sənayesinin inkişaf etmiş sənaye olmasını bir daha gördü”.

Qarabağ münaqişəsində Azərbaycana hücum Ermənistan üçün ən pis ssenari idi. Digər gerçəklik isə bu idi ki, məsələnin sülh yolu ilə həll olun­ması üçün Ermənistan rəhbərliyi gərəkli olan siyasi-diplomatik addımı atmadı. Qarabağ müharibəsi Ermənistanın ordu quruculuğunun, iqtisadiyyatının, inkişafı­nın zəif olmasını, siyasi-hərbi diploma­tiyasının iflasa uğraması həqiqətini üzə çıxardı.

Rizvan FİKRƏTOĞLU,

 “Xalq qəzeti”

28 Sentyabr 2022 00:43 - TEXNİKA
TEXNİKA
7 Oktyabr 2022 | 05:41
“WiFi” 7 nədir?

Köhnə versiyamızdan xəbərləri izlə