Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın bölgələrində şəhidlər ehtiramla anıldı

Respublikamızın hər yerində 27 Sentyabr Anım Günü yüksək səviyyədə, şəhidlərimizin adına layiq keçirildi. Keçirilən tədbirlərdə on minlərlə sakin iştirak edərək şəhidlərə öz ehtiramlarını bildirdilər. Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasəti hərtərəfli dəstəklədiklərini bildirərək, Ermənistanın öz təcavüzkar hərəkətlərindən bu gün də əl çəkmədiyini pislədilər. Qeyd olundu ki, bir qarış belə torpaq verilməyəcək və əks təqdirdə yenə “dəmir yumruq”la qarşılaşacaqlar.

Gəncə

Şəhər icra hakimiyyətinin başçı­sı Niyazi Bayramov 44 gün ərzində şəhərdə keçiriləcək tədbirlərlə bağlı icra hakimiyyətindəki müşavirədə belə demişdi:

- İllər keçəcək, amma biz onları heç zaman unutmayacağıq. Şəhidlərimiz artıq bizim and yerimizdir. Ona görə də keçirilən hər bir tədbir, hər hansı bir mərasim çox yüksək səviyyədə, on­ların adına layiq olmalıdır. Doğrudan da, sentyabrın 27-də Gəncədə təşkil olunan tədbirlər öz mütəşəkkilliyinə, möhtəşəmliyinə və məzmununa görə seçilirdi.

Anım Günü Gəncənin Şəhidlər xiyabanında ümumşəhər tədbiri ilə başladı. Saat 12-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Burada uyuyan qəhrəman oğullarımızın məzarları gül-çiçəyə büründü, ruhlarına du­alar oxundu, yaxınlarına bir daha təsəlli verildi. Sonra Gəncənin Vətən müharibəsi dövründə Ermənistan si­lahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazilər ziyarət olundu.

Ağacəkmə aksiyası Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bü­tövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olundu. Oxşar aksiya Gəncə–Bakı magistral yolunda da baş tutdu.

Qeyd edək ki, sakinlərin Şəhidlər xiyabanına, tədbir keçirilən digər yerlərə rahat gediş-gəlişini təmin etmək məqsədi ilə xüsusi avtobuslar ayrılmışdı.

Goranboy

Goranboy şəhəri Şəhidlər Xatirə-Abidə Kompleksində keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, idarə, müəssisə, təşkilatların kollektivləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə inşa edil­miş Xatirə-Abidə Kompleksini ziyarət etdilər, onların ruhuna dualar oxudular, əziz xatirələrini bir dəqiqəlik sükutla yad etdilər.

Məhərrəm Quliyev və dedi ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında, Qarabağın azadlığı və ərazi bütövlüyümüzün təmin olun­ması şəhidlərimizin canı, qanı bahası­na olub. Biz onları bir an belə unuda bilmərik.

Həmin gün şəhərin Heydər Əliyev Parkında və Şəhidlər Xatirə Kompleksi ərazisində 100-dən çox Eldar şamı və Sərv ağacları əkildi.

Naftalan

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan Anım Günündə ŞİH-nin başçısı Vüqar Nov­ruzov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdi. Şəhidlərin əziz xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksi ziyarət olundu, gül dəstələri düzüldü, Şəhidlərin xatirəsi ehtiramla anıldı.

Mərasim Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə birlikdə ağacəkmə aksiyası ilə davam etdirildi.

Saat 12-də Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Şəmkir

Dünən Şəmkirdə Şəhidlər Memorial Abidə Kompleksinin təntənəli açılışı oldu.

İştirakçılar əvvəlcə 50 metr uzun­luğunda şanlı Azərbaycan bayrağını Bayraq Meydanından Şəhidlər xiyabanına gətirdilər. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğ­runda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılmış Şəhidlər Memorial Abidə Kompleksi­nin açılışı oldu, abidə önünə əklil qo­yuldu.

Şəhid övladlarının, məktəblilərin təqdimatında şəhidlərin xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya təqdim olundu.

Çıxış edən igid övladların məğrur anaları “Vətən sağ olsun!” deyərək canları, qanları ilə zəfər tariximizi ya­zan qəhrəmanlara, onların ailələrinə göstərilən diqqətə görə Ali Baş Ko­mandan İlham Əliyevə təşəkkürlərini bildirdilər.

Həmin gün ağacəkmə aksiyası da keçirildi və sakinlər tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində eyvanlardan, həyətyanı evlərin qapı­larından bayraqlar asılaraq həmrəylik nümayiş etdirildi.

Ağstafa

Anım Günündə Ağstafa şəhərinin mərkəzində Vətən müharibəsi şəhidlərimizin xatirəsinə ucaldılmış “Şəhid” Memorial Abidə Kompleksi ziyarət olundu, şəhidlərimizin xatirəsi dərin ehtiramla anıldı.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, rayonun digər məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Memorial kompleksin səkkizguşəli ulduzunda alovlanan məşəl önünə əklil qoyuldu, aypara abidəsi üstünə gül dəstələri düzüldü.

Tovuz

Tovuz şəhər Şəhidlər xiyabanında Anım Günü ilə əlaqədar təşkil olunan tədbirdə rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanları­nın rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etdilər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən son­ra rayon icra hakimiyyətinin başçı­sı Məmməd Məmmədov rəşadətli ordumuzun keçdiyi döyüş yolun­dan, müzəffər Ali Baş Komandanı­mızın müharibə zamanı göstərdiyi qətiyyətdən söz açdı.

Daha sonra şəhid Münasib Yusifo­vun atası Mübariz Yusifov, şəhid Cey­hun İsmayılovun anası Aytəkin İsma­yılova, şəhid Vasif Heydərovun həyat yoldaşı Qəmər Heydərova, şəhid Firuz Əhmədovun atası Məzahir Əhmədov, Vətən müharibəsi qazisi Nahid Hacı­yev çıxış edərək şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qay­ğıya görə Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya tovuzlular adından öz təşəkkürlərini bildirdilər.

Şəhidlərimizin xatirəsinə inşa olun­muş abidə kompleksi, əbədi məşəl abidəsi və şəhid məzarları önünə gül dəstələri qoyuldu, xatirələri böyük eh­tiramla yad edildi.

Mingəçevir

Anım Günü münasibətilə res­publikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də silsilə tədbirlər həyata keçirildi. İlk olaraq şəhidlərin ruhuna şəhərin müxtəlif ərazilərində 600 ədəd ağac əkildi. Tədbir iştirakçıları sonra Şəhidlər xiyabanına gələrək burada şəhidilərin xatirəsinə həsr olunmuş tədbiri davam etdirdilər. Öncə şəhidlərin ruhuna dualar oxundu, onların ruhu yad edildi.

Şəhər icra hakimiyyətinin baş­çısı İlham İsmayılov Birinci Qara­bağ müharibəsi savaşında, 2016-cı ilin Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində və eləcə də 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə şəhid olan Vətən öv­ladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi, onlara Allahdan rəhmət dilədi.

Sonra bu döyüşlərdə igid­lik, şücaət göstərən əsgər və zabitlərimizin qəhrəmanlıqlarından, vətənpərvərliklərindən, Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli addımları ilə Qarabağ savaşı uğ­runda gedən döyüşlərdə əldə olunan zəfərlərdən söhbət açıldı. Bildirildi ki, məhz həmin igid öv­ladlarımızın şücaəti nəticəsində bu gün Qarabağımız çiçəklənir, inkişaf edir, yeni-yeni infrastruk­tur layihələri həyata keçirilir. Artıq məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı həyata keçirilir. Bu bizə ruh yüksəkliyi verir. Əminik ki, cənab Prezidentimizin həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində Azərbaycan öz xoşbəxt günlərinə qayıdacaq, Qarabağımız­da həyat yenidən canlanacaq. Biz bütün şəhidlərimizin xatirəsini əziz tutur, onların ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfalar diləyirik.

Dövlətimizin başçısının şəhid ailələrinə, müharibə veteranla­rına göstərdiyi diqqət və qayğı məmnunluq doğurur. Biz Mingəçevir şəhidlərinin ailələrinə, qazilərimizə, veteranlarımıza dəstək olmaqla, on­ların bütün problem və qayğılarının, çətinlikərinin həllinə nail oluruq və hər zaman onların yanındayıq. Bu hər bir azərbaycanlının vətəndaşlıq borcudur.

Tədbirdə Şəhid Ailələrini Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ Əlilləri Cəmiyyətinin sədri Əlağa Bəndəliyev, Əmək və Müharibə Veteranları Şurasının sədr mü­avini Rizvan Mikayıllı, şəhid Təbriz Cümüzadənin atası İldı­rım Cümüzadə, Vətən müharibəsi əlili Rüstəm Ömərov çıxış edərək şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər.

Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifasın­da şəhidlərimizə həsr olunmuş kompozisiya nümayiş olundu. Sonda şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq-mühafizə orqanlarının, eləcə də idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri şəhidlərin məzarı önünə gül dəstələri qoydular.

Zaqatala

Anım Günü münasibətilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları öncə şəhər qəbiristanlığında şəhid məzarlarını ziyarət etmiş, sonra “Zəfər kompleksi” və “Şəhidlər xiyabanı” xatirə komplekslərinə gələrək Vətənimizin bütövlüyü uğrunda ca­nından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlü­yü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər biri­miz üçün əziz olduğu, xalqımızın qəhrəman övladları ilə qürur duy­duğu xüsusi vurğulanıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün­lük Vətən müharibəsində və sent­yabrın 12- dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən, şanlı tarix ya­zan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açılıb, onların hər birinin bir qəhrəman olduğu və bu gün hər kəsin onlarla fəxr etdiyi, qürur duy­duğu bildirilib.

Sonra rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canları­nı qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq keçirilən ağacəkmə aksiyasında 30 ədəd Eldar şamı və 70 ədəd Akasi­ya tingləri əkilib.

Balakən

Balakəndə də 27 Sentyabr Anım Günündə şəhidlərimizin xatirəsi anılıb. Bu münasibətlə rayonda bir neçə tədbir keçiri­lib. Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərimizə ehtiram əlaməti ola­raq rayonun Bayraq muzeyindən Şəhidlər xiyabanına doğru yürüş təşkil edilib.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İs­lam Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Vətən müharibəsində Balakən rayonun­dan olan şəhidlərin fotolarından ibarət plakatlarla yürüş edərək şəhidlərimizə ehtiramın əbədiliyini nümayiş etdiriblər.

Sonra tədbir iştirakçıları şəhidlərimizin ailə üzvləri ilə birlikdə “Şəhidlər xiyabanı”nda ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçmiş mərd Vətən oğul­larının məzarlarını ziyarət ediblər. Şəhidlərimizin məzarı üstünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

“Şəhidlər xiyabanı”nda şəhidlərimizə dərin ehtiram əlaməti olaraq onların xatirəsinə ağacəkmə aksiyası keçirilib.

Rayon mədəniyyət və istirahət parkında davam etdirilən tədbirdə əvvəlcə Azərbaycan Respublika­sının Dövlət Himni səsləndirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Ramil İsmayılov, şəhid Kamal Məmmədovun anası Zümrüd Alqa­yeva, şəhid Vahid Əlisoltanovun anası Validə Əlisoltanova, “Qartal­lar Şuşaya uçur” kitabının müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ramazan Xutra çıxış ediblər.

Çıxışlarda bildirilib ki, 2020-ci il dekabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bü­tövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bü­tün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabr ayı­nın 27-nin Azərbaycanda Anım Günü kimi qeyd edilməsi haqqında sərəncam imzalayıb. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Prezident, müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz 30 ilə yaxın işğal altında olan torpaqla­rımızı azad etməklə tarixi Qələbə əldə edib.

Daha sonra vurğulanıb ki, 2020-ci il sentyabrın 27-də başla­yan 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Silahlı Qüvvələrimizin cəsur əsgər və zabitləri misilsiz şücaət göstərərək qəhrəmanlıq salnaməsi yazıblar. Tarixi Zəfərin qazanılması ilə ümummilli lider Heydər Əliyevin bizə miras qoy­duğu müstəqil Azərbaycanın ərazi bütövlüyü təmin olunub və tarixi ədalət bərpa edilib. Hər bir azərbaycanlının ən böyük qürur mənbəyi olan şəhidlərin qəlblərdə əbədi yaşayacağı qeyd olu­nub, ölkəmizdə şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısın­dan bəhs olunub.

Sonda rayon mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

İsmayıllı

İsmayıllı rayonunda 27 Sent­yabr Anım Günü münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş tədbir keçirilib.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimdə icra hakimiyyətinin başçısı Na­hid Bağırov, Milli Məclisin depu­tatı Novruzəli Aslanov, hüquq-mühafizə orqanları, şəhid ailələri, qazilər, idarə, müəssisə, təşkilat və ictimaiyyətin nümayəndələri iştirak edib.

Şəhidlər xiyabanında keçirilən mərasimdə əvvəlcə Dövlət him­ni səsləndirilib, 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxunub.

Rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov bildirib ki, müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumu­zun gücü qarşısında düşmən məhv edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqı­nın birliyinin şərəfinə bu müharibə həm də "dəmir yumruq" əməliyyatı adlandırılır.

Rayon icra hakimiyyətinin baş­çısı Vətən müharibəsində isma­yıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiklərini bildirərək qələbə yolunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizi dərin hüznlə yad edib, sağlamlığını itirən qazilərə şəfa diləyib.

Şəhid Novruz Həmzəyevin anası Zenfira xanım şəhid ana­ları adından çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Vətən müharibəsi qazisi Vü­qar Hacıyev müharibə ilə bağ­lı xatirələrini bölüşüb və dö­yüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib.

Anım tədbirləri rayonun bü­tün kəndlərində şəhid məzarları önündə keçirilib, həmçinin şəhid ailələri evlərində ziyarət olunub.

Sonra şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Şamaxı

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin depu­tatı Tamam Cəfərova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrinin kollektivləri və ra­yon sakinləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştira­kı ilə ağaclar əkilmişdir.

Şamaxı Tarix-diyarşünaslıq muzeyinin qarşısında təşkil olun­muş rəsmi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Cənab Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan ordumuzun döyüş yolundan söz açan natiq onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.

Mərasimdə çıxış edən depu­tat Tamam Cəfərova 44 günlük müharibədə iştirak edərək şücaət göstərmiş, qəhrəmanlıqla həlak ol­muş və sağlamlığını itirmiş hər bir müharibə iştirakçısının daim dövlət qayğısı ilə əhatə olunduğunu və bundan sonra da olunacağını bil­dirib, şəhidlərimizin ailələrinə baş­sağlığı verib və səbir diləyib.

Sonra YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, QMİ-nin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axun­du Hacı Mərəhməd Mustafayev və şəhid atası Rza Nəbiyev çıxış edərək şanlı Azərbaycan ordu­sunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiyini vurğulamış, düşmənə sarsıdıcı zərbə vuraraq yaddaşlarından silinməyəcək dərs verdiklərini qeyd etmişlər.

Mərasimdə məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompazisiya nümayiş olunub.

Ölkəmizin hər yerində olduğu kimi saat 12:00-da Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.

27 Sentyabr Anım Günü ilə əlaqədar rayon rəsmiləri rayonun ayrı-ayrı kəndlərinə dəfn olunan şəhidlərin məzarlarını ziyarət etmiş, həmçinin Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltano­vun şəhidlik zirvəsinə ucalmaları­nın 2 ili münasibətilə ailələrinə baş çəkmişlər.

Hamlet QASIMOV,

 İlqar HƏSƏNOV,

 “Xalq qəzeti”nin bölgə müxbirləri

28 Sentyabr 2022 00:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT
3 Dekabr 2022 | 05:26
Arxasıza dayaq olaq
3 Dekabr 2022 | 05:18
Qazilərə daha 410 ev...

Köhnə versiyamızdan xəbərləri izlə