Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zəfərimizin musiqi salnaməsi

44 günlük Vətən müharibəsindən sonra ölkəmizdə bununla bağlı musiqi sahəsində bir çox layihələr həyata keçirilmişdir. Azərbaycan dövlətinin Qarabağdakı böyük quruculuq və bərpa işləri, mədəniyyət paytaxtımız Şuşada Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü və bilavasitə rəhbərliyi ilə həyata keçirilən “Xarıbülbül” və Üzeyir Hacıbəyli musiqi festivalları, eləcə də digər layihələr xalqımızın qüdrətini bütün dünyaya nümayiş etdirərək, mədəniyyət tariximizin səhifələrinə qızıl hərflərlə yazıldı. Bütün bu layihələrdə Azərbaycanın mədəniyyət xadimlərinin, bəstəkarların və musiqişünaslarının iştirakı əlamətdar hadisə oldu.

 

Musiqi xadimlərimizin bu dövrdəki bütün fəaliyyətində Qarabağ zəfəri gündəmdə olub. 44 günlük II Qara­bağ müharibəsinin başlanmasından sonra bəstəkarlar bütün qüvvəsiylə ordumuza, xalqımıza dəstək olma­ğa, yaratdıqları mahnı və marşlarla əsgərlərimizi ruhlandırmağa, haqq savaşını təcəssüm etdirməyə çalış­mışlar. Qələbə xəbərini xüsusi coş­qu ilə qarşılayan bəstəkarlar üçün Qarabağ Zəfəri, şanlı ordumuzun qəhrəmanlığı, xalqımızın rəşadəti əsl ilham mənbəyinə çevrilmiş, bu zəfəri bizə bəxş edən müzəffər Ali Baş Komandanımız, möhtərəm Prezidentimiz İlham Əliyevə, xalqı­mızın qəhrəman oğullarına, bu yolda canını, qanını əsirgəməyən minlərlə şəhidlərimizin ruhuna, qazilərimizin rəşadətinə həsr olunmuş əsərlər bəstələnmişdir. Yeni əsərlərin yara­dılması, onların səsləndirilməsi baxı­mından məqsədyönlü işlər həyata ke­çirilmişdir. Bu ərəfədə Zəfər Gününə həsr olunmuş konsertlər hazırlanmış, bəstəkarların qələbə mövzusunun təcəssümü ilə bağlı yeni vokal-sim­fonik əsərlərinin dinlənilməsini, eləcə də gənc bəstəkarların vətənpərvərlik ruhunda simfonik əsərlərinin müsabiqəsinin keçirilməsini qeyd etmək olar. Müsabiqə Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən təşkil olunaraq, gənc bəstəkarların (25–35 yaş həddində) vətənpərvərlik ruhunda ən yaxşı simfonik əsərlərinin üzə çıxarılması məqsədilə təşkil olunmuşdur.

“Qarabağ Azərbaycandır!” devizi ilə Heydər Əliyev adına Sarayda keçirilən Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət təntənəli konsert mədəni hadisə kimi sənətkarlarımızın Qələbəyə ən böyük töhfəsi oldu. Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının, Heydər Əliyev Sarayı­nın və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filar­moniyasının təşkilatçılığı ilə həyata keçirilən təntənəli konsertin proqra­mına bəstəkarların Zəfər müjdəsi ilə yaratdıqları simfonik və vokal-simfonik əsərləri daxil edilmişdir.

Xalq artisti Firəngiz Əlizadənin “Zəfər marşı” (söz: müəllifin) qələbəmizin himni əsl mənada qürur doğurur. Heydər Əliyev adına Saray­da keçirilən konsertdə bəstəkar Cəlal Abbasovun “Şanlı Azərbaycan” – xor və simfonik orkestr üçün kompozisi­yası Azərbaycan Milli Konservatoriya­sının tələbə xoru və simfonik orkest­rin ifasında təqdim olunaraq, sanki, Vətənimizə, xalqımıza mələklərin xeyir-duası təəssüratı yaratdı, musiqi göylərin əks-sədası kimi səslənirdi.

Simfonik orkestr üçün yaradılmış əsərlərdən Xalq artisti Azər Dada­şovun “Zəfər çələngi” əsəri olduqca rəngarəng musiqi palitrasını gözü­müz qarşısında canlandırır. Burada bəstəkar Vətən mənzərəsini, Zəfər hisslərini öz dəst-xəttinə uyğun xalq mahnı və rəqslərindən hörül­müş çələngini yaratmışdır. Əməkdar incəsənət xadimi Mobil Babayevin “Şanlı Qələbə” simfonik əsəri əsgəri marşlar ruhunda olub, ordumuzun dö­yüş əzmini tərənnüm edir. Əməkdar incəsənət xadimi Ceyhun Allahverdi­yevin “Qələbə uvertürası” qələbənin parlaq mənzərəsini yaradır. Əməkdar artist Vüqar Camalzadənin “Qara­bağa gedən yol” kompozisiyası isə sanki bir daha insanlara Zəfər yo­lunun mərhələlərini xatırladır. Gənc bəstəkar, Qarabağ qazisi Vüqar Məmmədzadənin “Dəmir yumruq” əsəri müharibəni öz gözləri ilə gör­müş bir əsgərin, bir vətəndaşın mu­siqi təfəkkürü ilə yaradılmış, müzəffər sərkərdənin “dəmir yumruğu” ətrafında sıx birləşən və qələbə qazanan ordu­muzun igidlik dastanıdır.

Bu illərdə Vətən müharibəsi ilə bağlı yaradılan vokal-simfonik əsərlərdən Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın “Döyüş cəngisi”, gənc bəstəkar Tural Məmmədlinin “Zəfər müjdəsi”, bəstəkar Azad Zahi­din “Qalib sərkərdəsi Azərbaycanın!” kompozisiyasını qeyd etmək olar.

Marş səciyyəli əsərlərdə ordu­muzun vətənpərvərlik, qələbə ruhu tərənnüm olunur. Bəstəkar Lalə Cəfərovanın “Zəfər marşı” (söz: Əhməd Elbrus, solist - Fəxri Kazım Ni­cat) bu qəbildəndir.

Bundan başqa, Xalq artisti Sərdar Fərəcovun “Azad Şuşa” odası (söz: müəllifin) Qarabağın mərkəzi Şuşa şəhərinin azad olunması ilə bağlı möhtərəm Prezidentimiz İlham Əliyevin dilindən eşitdiyimiz qələbə xəbərindən doğan qürur hisslərini əks etdirir: “Əziz Şuşa, sən azadsan, biz qayıtmışıq”.

M.MEHDIYEV,

“Xalq qəzeti”

28 Sentyabr 2022 00:30 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
4 Dekabr 2022 | 14:05
“Bu qala daşlı qala...”

Köhnə versiyamızdan xəbərləri izlə