Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Faiq Sücəddinov: “Vətən müharibəsi bizim şanlı tariximizdir”

44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasından sonra bəstəkarlar ordumuza, xalqımıza dəstək olmağa, yaratdıqları mahnı və marşlarla əsgərlərimizi ruhlandırmağa, haqq savaşını təcəssüm etdirməyə çalışmışdılar. Xalq artisti, bəstəkar Faiq Sücəddinov da 30 illik erməni işğalına son qoyan qələbəmizə həsr etdiyi Zəfər simfonik poeması ilə musiqisevərləri sevindirmişdi. 27 Sentyabr Anım Günü ərəfəsində Faiq müəllimlə görüşüb ithaf poeması barədə danışdıq.

– Faiq müəllim, Böyük Qələbəmizə həsr olunmuş “Zəfər” simfonik poeması barədə müzakirələr aparılıb, əsərə münasibət bil­dirilib. Bununla belə bilmək maraqlı olardı, poema necə ərsəyə gəldi, notları dəftərə köçürəndə hansı hissləri yaşadınız?

– 27 Sentyabr Anım Günü Böyük Qələbəmizə aparan şərəfli yolun başlanğı­cıdır. Eyni zamanda, Vətən müharibəsi bi­zim şanlı tariximizdir. Qələbə xəbərini xüsusi coşqu ilə qarşılayan bəstəkarlar xalqımızın qəhrəman oğullarına, bu yolda canını, qanını əsirgəməyən minlərlə şəhidlərimizin ruhuna, qazilərimizin rəşadətinə həsr olunmuş əsərlər bəstələyiblər. Ümumiyyətlə, hərbi mövzu bizim musiqimizdə həmişə olub. 1990-cı ildə AzTV-də bədii şuranın üzvü, həmçinin Estrada Simfonik Orkestrının bədii rəhbəri idim. Hələ o ağır zamanlarda da xalqımızda vətənpərvərlik hisslərinin güclənməsi üçün mövzu ilə bağlı bizə təqdim olunan bütün mahnıları qəbul edirdik. Mən müharibə za­manı 17 musiqi bəstələmişəm. İkinci Qara­bağ müharibəsindən sonra yazdığım “Zəfər” simfonik poemam qələbəmiz haqqında yazı­lan ən böyük əsərdir. Həmin poema noyab­rın 8-də və 9-da İctimai Televiziyanın efirində səsləndirilmişdi.

“Zəfər” simfonik poeması üzərində işləyəndə Azərbaycanın gələcəyi naminə canlarından keçən, əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi olan igid övladla­rımızın şücaəti gözümün önündə canlanır­dı. Döyüş meydanında yaşanan dramatiz­mi, qəhrəmanlıqları, sevinci və kədəri notlar vasitəsilə yenidən canlandırmağa çalışdım. Bilirsiniz, qələbəni təcəssüm etdirən musiqi üzərində işləmək böyük məsuliyyət tələb edir.

Əsər Qələbəmizin birinci ildönümündə səsləndirildi. İnanın, günlərlə, həftələrlə ya­zıb-pozurdum. Hətta gecənin bir aləmində də oyanıb qeydlər edirdim. “Zəfər” poemasında Qələbəmizin ruhunu, əzəmətini çatdırmaq kimi məsuliyyəti üzərimə götürmüşdüm.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yara­lı hərbçilərimizə şəfa versin.

– Qələbəmizə, vətənpərvərliyə həsr olunmuş əsərlərin hazırlanmasında gənc bəstəkarlara hansı tövsiyələri verərdiniz?

– Mən bir bəstəkar kimi bəstənin sözlərinə də fikir verirəm. Söz və musiqi vəhdəti mahnı­nı daha yaddaqalan edir. Vətənpərvərliklə ya­zılan mahnıların əsas özəlliyi odur ki, sən bu mahnıya biliyin, savadın və dünyagörüşünlə yanaşı, ürəyini də qoymalısan. Mənim Cabir Novruzun sözlərinə bəstələdiyim “Vətəndən pay olmayır” mahnısı uzun illər keçməsinə baxmayaraq, hələ də öz aktuallığını, ruhunu itirmir. Çünki sözlər, musiqi və ifa çox təsirlidir.

Müsahibə aldı:Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

28 Sentyabr 2022 00:25 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə