Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ombudsman AŞPA-nın Baş katibinə Ermənistanın mina xəritələrini təqdim etməsinin vacibliyini bildirib

Azərbaycan Ombudsmanı Səbinə Əliyeva Strasburqda səfər çərçivəsində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Baş katibi Despina Çatzivasiliu ilə görüşərək, Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunub.

Ombudsman Aparatının Mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Ombudsmanın mandatı ilə bağlı geniş məlumat verilib. Son illərdə təsisatda informasiya əldə etmək hüququnun, uşaq hüquqları və əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi ilə əlaqədar şöbə və sektorların yaradıldığı nəzərə çatdırılıb, bu struktur vahidlərinin funksiyaları barədə məlumat verilib. Gender bərabərliyi və qadın hüquqlarının təmininin də diqqətdə saxlanıldığı, ali məktəblərdə bu sahədə tədris aparıldığı qeyd olunub.

AŞPA-nın Baş katibinə Ombudsmanın Milli Preventiv Mexanizm qismində fəaliyyəti barədə ətraflı məlumat verilib. Başçəkmələrdə aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində görülən işlər, o cümlədən verilmiş tövsiyələrin icrası vəziyyətinin monitorinq olunduğu da diqqətə çatdırılıb.

Çıxışı zamanı ölkəmizin məruz qaldığı insan hüquq pozuntularından danışan Ombudsman hazırda azad edilmiş ərazilərimizin tezliklə və tam şəkildə minalardan təmizlənməsinin həyati əhəmiyyət daşıdığını bildirib. S.Əliyeva bu baxımdan Ermənistanın tərəfinin dəqiq mina xəritələrini ölkəmizə təqdim etməsinin vacibliyinə toxunaraq, mövzu ilə əlaqədar beynəlxalq təşkilatlara ünvanladığı ayrıca hesabatda da bu məsələnin vurğulandığını xatırladıb.

Görüş çərçivəsində D.Çatzivasiliu ilə müxtəlif mövzularla bağlı müzakirə aparılıb.

27 Sentyabr 2022 22:59 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə