Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA-nın Rəyasət Heyətində GEANT Assosiasiyasının baş direktoru ilə görüş keçirilib

AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Bakıda keçirilməsi planlaşdırılan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı” çərçivəsində ölkəmizdə səfərdə olan GEANT Assosiasiyasının baş direktoru Erik Hayzer ilə görüşüb.

Akademiyadan verilən məlumata görə, görüşdə akademik Arif Həşimov sentyabrın 28-29 Bakıda keçiriləcək konfransa Azərbaycan dövləti səviyyəsində yüksək qiymət verildiyini və beynəlxalq tədbirdən gözləntilərin böyük olduğunu söyləyib. O, konfransın gündəliyinə daxil edilmiş məsələlərin ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb etdiyini və bir çox dövlət sənədlərində əksini tapdığını deyib. Bildirib ki, konfransa hazırlıq çərçivəsində ötən müddət ərzində İnformasiya Texnologiyaları İnstitutunda yaradılması planlaşdırılan Elektron Elm Mərkəzinin koronavirus pandemiyasının yaratdığı çətinliklərə görə inşası mümkün olmayıb. AMEA rəhbəri sözügedən mərkəzin layihəsinin hazır olduğunu və növbəti illərdə inşası üçün dövlətin investisiya proqramına salınacağını diqqətə çatdırıb.

AMEA ilə GEANT Assosiasiyası arasında işgüzar əməkdaşlıq əlaqələrinin mövcud olduğunu deyən A.Həşimov konfransdan sonra tərəflər arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoyacağını söyləyib. Vurğulayıb ki, son illərdə GEANT-ın yaratdığı imkanlardan istifadə etməklə alimlərimizin dünyanın nüfuzlu nəşriyyatlarına, kitabxanalarına, elm mərkəzlərinə çıxışı genişlənib və nəticədə dünyanın nüfuzlu jurnallarında çap olunan məqalələrin sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında 1-ci yerdədir. Həmçinin ölkəmizin, xalqımızın ədəbi-mədəni irsinin qorunması dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılır. Azərbaycanın tarixi, ədəbiyyatı, əlyazmalarına dair məlumatların GEANT şəbəkəsində yerləşdirilməsi ölkəmizin mədəni irsinin daha yaxşı təbliğinə, ölkəmizlə bağlı müraciətlərin artmasına təkan verəcək.

Akademik Azərbaycana göstərdiyi dəstəyə görə E.Hayzerə minnətdarlığını bildirib və gələcəkdə birgə geniş layihələrin həyata keçirilməsinə ümidvar olduğunu söyləyib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev Avropa Komissiyası tərəfindən maliyyələşdirilən GEANT layihəsinin dünya üzrə 50 milyondan çox istifadəçisi olduğunu, elm və təhsil müəssisələrinin şəbəkə üzərindən gündəlik olaraq terabaytlarla informasiyanın ötürüldüyünü diqqətə çatdırıb. Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını və Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramına xüsusi əhəmiyyət verdiyini deyən R.Əliquliyev ölkəmizin bu layihədən istifadə etməklə elm və təhsilin inkişafında maraqlı olduğunu vurğulayıb. O bildirib ki, Avropa Komissiyasının gənclər üçün bir çox təhsil proqramları mövcuddur və Şərq Tərəfdaşlığına üzv olan bir sıra ölkələr həmin proqramlardan geniş istifadə edirlər. R.Əliquliyev Azərbaycan gənclərinin bu proqramlara cəlb edilməsinin vacibliyini bildirib və GEANT Assosiasiyasının baş direktoru E. Hayzerin ölkəmizə səfərinin başlıca məqsədlərindən birinin də bu olduğunu deyib.

GEANT Assosiasiyasının baş direktoru E.Hayzer bildirib ki, istifadəçilərə təhlükəsiz və fasiləsiz internet trafikinin verilməsi GEANT-ın başlıca məqsədlərindəndir. Onun sözlərinə görə, elektron resurslardan geniş istifadə olunmasına dövlət tərəfindən dəstək verilməlidir və tədqiqatçıların, doktorantların, tələbələrin şəbəkənin imkanlarından geniş istifadə etməklə həmkarları ilə ünsiyyət qurmaları onların inkişafı üçün əhəmiyyətlidir. Qarşılıqlı ünsiyyət, həmçinin Azərbaycanın Avropa ilə mədəni əlaqələrinin inkişafında, azərbaycanlı gənclərin Avropa təhsil sisteminə inteqrasiyasında mühüm rol oynayacaq. E.Hayzer bu məqsədlə GEANT şəbəkəsinin Azərbaycanda geniş istifadəsinin təşviq edilməsinin başlıca hədəflərdən olduğunu söyləyib. Eyni zamanda vurğulayıb ki, bu gün dünyada bir çox qlobal problemlər mövcuddur və onların həllində alimlər xüsusi rol oynamalıdır. Alimlərin GEANT şəbəkəsinin imkanlarından geniş istifadə etməklə qarşılıqlı əlaqələr yaratmaları həmin problemlərin həllinə kömək edə bilər.

Daha sonra qonaq AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub.

27 Sentyabr 2022 22:11 - ELM
ELM

Köhnə versiyamızdan xəbərləri izlə