Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Madriddə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub

Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canlarından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi ilə bağlı anım mərasimi keçirilib.

"Xalq qəzeti" AZƏRTAC-a istinadən xəbər verir ki, mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, yerli kütləvi informasiya vasitələrinin, İspaniya ictimaiyyətinin, Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.

Mərasimdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Azərbaycanın bu ölkədəki səfiri Ramiz Həsənov diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsi Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən təcavüzünə son qoymuşdu, ərazi bütövlüyümüz təmin edilmiş, bir milyona yaxın soydaşımızın fundamental hüquqları bərpa edilmişdi. Məhz Azərbaycan təkbaşına BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli müvafiq qətnamələrinin icrasını təmin etmişdi.

Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Ordumuzun şücaəti nəticəsində əldə etdiyimiz Qələbə tariximizdə yeni dövr açmışdı. Beynəlxalq ədalət bərqərar edilmiş, bölgə yeni sabitlik və inkişaf dövrünə qədəm qoymuşdu.

Ermənistan tərəfindən işğal olmuş Azərbaycan torpaqlarında törədilmiş cinayətlər və qeyri-qanuni fəaliyyət barədə məlumat verilərək, ərazilərimizdə kütləvi şəkildə tank və piyada əleyhinə minaların yerləşdirildiyi, Azərbaycanın tarixi, mədəni, dini irsinin məqsədli şəkildə dağıdıldığı, mənimsənildiyi, təbii ehtiyatların talan edildiyi, şəhərlərimizdə vandalizmin həyata keçirildiyi diqqətə çatdırılıb.

Səfir Ramiz Həsənov bildirib ki, hazırda azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərini həyata keçirən, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün ardıcıl addımlar atan Azərbaycan hökuməti, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, bölgədə dayanıqlı sülh, təhlükəsizlik və rifahın təmin olunması istiqamətində ardıcıl və genişmiqyaslı tədbirlər həyata keçirir.

Daha sonra 27 Sentyabr - Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Anım mərasimi zamanı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Qələbəsinə həsr olunmuş məlumat kitabçaları, broşürlər tədbir iştirakçılarına paylaşılıb.

27 Sentyabr 2022 20:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə