Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

27 sentyabr 2020: Tarixi Qələbəyə gedən yolun ilk günü

 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciət edərək, bu barədə məlumat verdi. Dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutduğunu bildirdi. Ölkə rəhbəri daha sonra dedi: “Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Prezident İlham Əliyev tarixi müraciətində son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi müdaxiləsinin müntəzəm xarakter aldı­ğını, iyul ayında isə Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də düşmənin təxribatı nəticəsində hərbçilərimizin, eyni zamanda, bir mülki şəxsin həlak olduğunu diqqətə çatdıraraq, ilk artilleriya atəşinin işğalçı tərəfindən açıldığını vurğuladı.

Dövlətimizin başçısı müraciətində Azərbaycanın haqq yolu tutduğunu, ədalətin tərəfində olduğunu, ona görə də xalqımızın qələbə qazanacağını, zəfər çalacağını əminliklə bildirdi.

 

Beləliklə, 2020-ci il sentyabrın 27-də səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələrinin həyata keçirdiyi təxribatlar Azərbaycan Or­dusunun əks-hücum əməliyyatı ilə nəticələndi. Döyüşlərin ilk günü Murov­dağ və Ağdərə istiqamətlərində strateji yüksəkliklər və bir sıra kəndlər işğaldan azad olundu. Bu, Silahlı Qüvvələrimizin Vətən müharibəsində ilk böyük uğuru idi və xalqımız tərəfindən böyük sevinclə qarşılandı, həmçinin tez bir zamanda Azərbaycan Ordusunun hərbi uğurla­rının daha da genişlənəcəyi və yeni ərazilərin işğaldan azad edilməsi ilə nəticələnəcəyi əminliyi yaratdı.

Prezident, Ali Baş Komandan İlham Əliyev müharibənin ilk günlərindən başlayaraq, dəfələrlə Ermənistana xəbərdarlıq etdi, işğalçını hərbi təxribatlardan əl çəkməyə, mülki obyektlərin atəşə tutulmasını dayan­dırmağa, atəşkəs rejiminin qaydalarına əməl etməyə, münaqişənin sülh yolu ilə həlli istiqamətində Azərbaycan tərəfinin səylərinə adekvat reaksiya verməyə səslədi. Lakin rəsmi İrəvan Azərbaycan tərəfinin bu çağırışlarına məhəl qoyma­yaraq, təxribatlarını davam etdirdi. Bu da vurğulandığı kimi, ordumuzun bütün cəbhəboyu əks-hücuma keçməsi ilə nəticələndi.

Silahlı Qüvvələrimizin ortaya qoydu­ğu əzm və iradə bir daha Azərbaycanın işğal faktı ilə barışmayacağını və düşməni silah gücünə də olsa, bu tor­paqlardan çıxaracağını, ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyini təsdiqlədi. Prezident, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına müraciəti, habelə Təhlükəsizlik Şurasının iclasın­dakı çıxışı da dövlətimizin təxribatların qarşısını almaq üçün lazımi güc və qətiyyətə sahib olduğunu və bu istiqamətdə bundan sonra da zəruri ad­dımlar atılacağını göstərdi.

Yeri gəlmişkən, Ermənistan uzun bir zaman məsafəsində dün­ya güclərinin, nüfuzlu beynəlxalq təşkilatların susqunluğu, biganəliyi hesabına getdikcə azğınlaşmışdı. Düşmən “Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin nizam­lanması məqsədilə 24 mart 1992-ci ildə təsis olunan ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi sayəsində qəsbkarlıq siyasətini inadla davam etdirirdi. Əslində Minsk qrupu Ermənistanın havadarına çevrilərək, işğalçı ilə iş­ğala məruz qalana eyni münasibət bəsləyirdi, münaqişənin həllinə yox, daha artıq dərəcədə dondurulmasına çalışırdı, aparılan danışıqların nəticəsiz qalmasından isə narahatlıq keçirmir­di. Bir sözlə, beynəlxalq qətnamələrin, ədalətli sülh çağırışlarının kağız üzərində qalmasına şərait yaradırdı. Amma bütün bunlara baxmayaraq, Azərbaycan məsuliyyətli ölkə olaraq həmişə beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirir və münaqişənin danışıq­lar vasitəsilə həllinə səy göstərirdi.

Bu məsələdə ciddi narahatlıq do­ğuran həm də o idi ki, BMT kimi nü­fuzlu bir qurum Ermənistanın işğalçı siyasətinin qarşısının alınmasında fəaliyyətsizlik nümayiş etdirirdi. Sadəcə, tərəfləri sülhə çağıran bəyanatlar verməklə kifayətlənirdi. Halbuki adı çəkilən təşkilatın Təhlükəsizlik Şu­rası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxa­rılması ilə əlaqədar 4 qətnaməni (822, 853, 874, 884 saylı) reallaşdırmalı idi. Lakin qeyd edildiyi kimi, bu beynəlxalq qurum da Minsk qrupu kimi, öz vəzifəsini yerinə yetirmirdi.

Ermənistan 30 il ərzində torpaq­larımızı təkcə işğal altında saxlamaq­la kifayətlənmirdi, ərazilərimizə hərbi, ekoloji, iqtisadi zərər yetirirdi, bunlar azmış kimi, təmas xətti boyunca yaşa­yan əhalimizə dinc yaşamaq imkanı ver­mirdi. Düşmən yeni ərazilər zəbt etmək məqsədini də gizlətmirdi. Bu məqsədlə Lələtəpə (2016-cı il aprel ayı), Günnüt (2018-ci il may ayı) və Tovuz (2020-ci il iyul ayı) təxribatları ilə davamlı işğal siyasəti yürüdürdü. Lakin bu zaman Azərbaycanın ötən əsrin 90-cı illər ölkəsi olmadığını dərk etmirdi. Elə buna görə də işğal illərində iqtisadi cəhətdən qüdrətli bir dövlətə çevrilməsi, Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 or­dusu sırasında yer alması, ordu-xalq-Prezident vəhdətinin sarsılmaz olması Azərbaycanın erməni təxribatlarına qətiyyətlə cavab verməsini şərtləndirirdi.

Ermənistan 44 günlük müharibədə də öz barbarlığını, vəhşiliyini büruzə verdi. Azərbaycan Ordusu ilə döyüşdə bacarmadığını anlayıb respublikamızın şəhər və kəndlərini– dinc mülki şəxsləri hədəfə aldı, yaşayış evlərini, infrastruk­turu ballistik raketlərlə, fosforlu, kasetli bombalarla atəşə məruz qoydu. Savaş dövründə belə atəşlərlə yüzə yaxın mül­ki şəxs, o cümlədən körpələr, uşaqlar, qadınlar, qocalar həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağıdıldı, yaxud zədələndi. Dö­yüş getdiyi ərazilərdən uzaq yerləşən Bərdə, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Yevlax və Qəbələ rayonları­na raket zərbələri endirildi. Şübhəsiz ki, bu, açıq-aydın müharibə cinayətləri idi.

Ermənistanın bütün bu vandallığı­na baxmayaraq, Azərbaycan Ordusu müharibədə ləyaqət nümayiş etdirdi, işğalçının yaşayış sahələrinə atəş aç­madı, infrastrukturu dağıtmadı. Bu fərqli döyüş hər iki tərəfin əxlaqını, insanlığa münasibətini ortaya qoydu. Xalqımız müharibənin ilk günündən öz müzəffər Ali Baş Komandanının çevrəsində bir yumruq kimi sıx birləşərək, cəsarət və yetkinlik nümayiş etdirdi.

Prezident İlham Əliyev dəfələrlə İkinci Qarabağ müharibəsinin şanlı tari­ximizin parlaq səhifəsi olduğunu bildirib. Dövlətimizin başçısı xalqımızın bütün gücünü səfərbər edib bu şanlı missiya­nı uğurla yerinə yetirdiyini vurğulayıb. Ölkə rəhbəri hələ işğal dövründə hər bir Azərbaycan vətəndaşının bu müqəddəs günü öz işi, öz əməli ilə yaxınlaşdırmalı olduğunun zəruriliyini dəfələrlə deyib. Bununla belə, Azərbaycan xalqının heç vaxt işğalla barışmayaraq, nəhayət, bü­tün gücünü səfərbər edib bir nöqtəyə vuraraq düşməni tarixi torpaqlarımız­dan qovduğunu xatırladıb: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçilən zaman Azərbaycan xalqına müraciət edərək demişdim ki, nəyin bahasına olursa-olsun, biz öz tarixi torpaqlarımızı düşmənin əlindən alacağıq. İstər sülh yolu ilə, istər müharibə yolu ilə və belə də oldu. Uzun illər aparılan sülh danışıq­ları heç bir nəticə vermədi. Nəticə sıfra bərabər oldu. Əksinə, düşmən daha da azğınlaşmış, qudurmuşdu... Ermənistan və onun havadarları bu işğalı əbədi etmək istəyirdilər. Onlar hesab edirdilər ki, əgər bizim torpağımızı 30 ilə yaxın işğal altında saxlaya biliblərsə, bundan sonra da torpaqları əbədi olaraq işğal al­tında saxlayacaqlar. Amma səhv etdilər. Onlar bilməli idilər ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq. Bilməli idilər ki, biz düşməni torpağımızdan nəyin ba­hasına olursa-olsun qovacağıq. Buna hazır olmalı idik, xalq olaraq, dövlət ola­raq, bütün hazırlıq işləri vaxtlı-vaxtında aparılmalı idi və aparılmışdır”.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm qələbə xalqımızın bütün dünyaya haq­qı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib ordular sıra­sına daxil oldu. Dövlətimizin başçısının “Qarabağ Azərbaycandır və nida” şüarı, qələbəyə səsləyən lider çağırışı xalqı­mızın müqəddəs torpaqlarımız uğrunda savaşının ideya qayəsinə çevrildi. Xal­qımızın, cəmiyyətimizin nümayiş etdir­diyi möhtəşəm səfərbərlik, hər kəsin bir nəfər kimi ölkə Prezidentinin ətrafında sıx birləşərək böyük qələbəni reallı­ğa çevirməsi bütün dünyada qüdrətli Azərbaycanın özünütəsdiqi kimi qəbul edildi. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Laçında üçrəngli bayra­ğımızın dalğalanması ilə Azərbaycan tarixinin ən parlaq səhifələri yazıldı. Bölgəmizdə yeni reallıq yarandı. Bu reallığı Azərbaycan Ordusu yaratdı. Müzəffər Silahlı Qüvvələrimiz mümkün­süzü mümkünə çevirdi, milli tariximizdə silinməz iz qoymuş Vətən müharibəsini parlaq, möhtəşəm qələbə ilə başa çat­dırdı.

Qazanılan tarixi qələbədə bir çox amillər ciddi rol oynadı. Ən başlıcası Xalq–Prezident–Ordu birliyi möhtəşəm zəfərimizi şərtləndirdi. Dövlətimizin başçısı İlham Əliyevin güclü iradəsi, qətiyyəti, prinsipial mövqe­yi, vətənpərvər övladlarının şücaəti və göstərdiyi qəhrəmanlıq yurd-yuvalarından didərgin salınan soydaşla­rımızın Vətən həsrətinə son qoydu.

Sonda xatırladaq ki, Vətən müharibəsində əldə edilən möhtəşəm qələbədə Azərbaycan gəncliyi öz tarixi töhfəsini verdi. Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindən az sonra çıxışlarının birində diqqəti həmin günlərə yönəldərək, gənclərimizin vətənpərvərliyini yüksək qiymətləndirdi: “Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib. On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bü­tün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi”.

Azərbaycan xalqı hər zaman müba­riz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhu­na ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşən, Azərbaycan Bayrağını işğal­dan azad edilən torpaqlarımızda dal­ğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev tərəfindən 27 sentyabr tarixinin Anım Günü kimi təsis olunması haqqın­da imzalanan sərəncam da bunun ba­riz ifadəsidir. Başqa sözlə, dövlətimizin başçısının bu sərəncamı şəhid ruhları­na, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Artıq ikinci ildir ki, respublikamızda Anım Günü yüksək səviyyədə qeyd olunur. Qədirbilən xalqımız ölkəmizin hər yerində şəhidlərin ruhunu dərin ehtiramla anır, dini ibadət ocaqların­da – məscid, kilsə, sinaqoqlarda tor­paqlarımızı bir əlində silah, bir əlində bayraq, qəlbində Vətən sevgisi ilə azad edərkən, şəhidlik zirvəsinə uca­lan şəhidlərin əziz ruhu dualar oxu­naraq yad edilir. Şəhid ailələrinə, qazilərimizə dövlətin xüsusi diqqət və qayğısı isə cəmiyyətdə olduqca yüksək qiymətləndirilir, Azərbaycan xalqı Vətənin mübariz və qəhrəman övladla­rı ilə daim qürur hissi keçirir.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

27 Sentyabr 2022 02:38 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə