Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xoş söz, diqqət, qayğı bu iki ildə yaralarımızın məlhəmi olub...”

“Xalq qəzeti” “Necəsən, Qazi?” mövzusunda ikinci “Dəyirmi masa”nı Qazaxda keçirib

Birinin gözü görmür. Digəri görüşə əlil arabasında gəlib, döyüş yoldaşları onu qucaqlarına alıb pilləkənlərlə düşürdürlər. Başqa birisinin üz-gözü yanıb, hələ də sarğıları açılmayıb... Ayaqlarını güc-bəla ilə sürüyənlər də var, çəliklə, qoltuq ağacları ilə gəzənlər də...Amma onların hamısının bir adı var: Qazi! Onlar bu adın işığında necə də gözəl, məğrur, dəyanətli, sağlam, cüssəli görünürlər! İnanın bu belədir. Bu hissləri keçirmək üçün onları danışdırmaq lazımdır, gözlərinin içinə baxmaq, “səni başa düşürəm” demək gərəkdir.

Baxıram ki, aralarında yaşca ən böyüyü 2020-ci il sentyabrın 27-də Cəbrayıl rayonunda gedən döyüşlərdə baş, göz və qarın nahiyəsindən ağır ya­ralanan və sonradan Bakı Şəhər Hərbi Hospitalının reanimasiya şöbəsinə yerləşdirilən, 3 gün koma vəziyyətində qalan mayor rütbəli Xəyyam Əliyevdir. Nələr çəkib bir özü bilir, bir də onu bu gün həyata qaytaran həkimləri. Artıq ikinci qrup əlillik dərəcəsi də təyin olu­nub. Ailəlidir, 2 övladı var. Rayon icra hakimiyyətinin köməkliyi ilə Qazax Şəhər Mənzil İstismar İdarəsində işlə təmin edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə ona avtomobil verib. Deyir ki, bu iki ildə xoş söz, diqqət, qayğı yaralarının məlhəmi olub...

“Dəyirmi masa”da rayon icra hakimiyyətinin şöbə müdiri Samir Ço­banov da iştirak edir. Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə rəhbərlik edir. Bir gözü görmür. Bədənində çoxlu qəlpə yara­ları var, kontuziya alıb. Müharibədə göstərdiyi igidliklərə görə üçüncü dərəcəli “Rəşadət” ordeninə layiq gö­rülüb, medalları da var. Nəinki burada iştirak edən qazilərin, Qazax rayonu üzrə şəhid olan, yaralanan hər bir dö­yüşçünün keçdiyi döyüş yolunu əzbər bilir, bəzən onların əvəzinə də danışır.

Samir Çobanov, qazi-kapitan, rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri: – Sevmirəm özüm haqqında danışma­ğı. Döyüşdə etdiklərimi də sadalayası deyiləm. Bircə onu demək istəyirəm ki, sabah bizim hər birimizi, bax elə bu gördüyünüz vəziyyətdə cəbhəyə apar­salar, əvvəlkindən də artıq cəsarətlə, əzmlə döyüşəcəyik. Bilirsiniz niyə? Əvvəla, biz Ali Baş Komandanımız, cənab Prezidentimizin rəhbərliyi, onun qətiyyəti sayəsində 30 ildən artıq düşmən tapdağı altında qalmış doğma torpaqlarımızı azad etmişik. İkincisi, ötən iki il ərzində gördük ki, dövlətimiz şəhid ailələrinin, qazilərin, müharibədə iştirak edən hər bir kəsin yanındadır. Biz laqeydlik görmədik, qayğı, diqqət, nəvaziş, qiymət gördük.

Bu gün Ermənistanla 168 kilometr sərhədi olan Qazax rayonu Vətən tor­paqlarının ərazi bütövlüyü uğrunda 340 nəfərdən çox şəhid verib. 7 nəfər qazaxlı Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə bu tor­pağın döyüşə atılan igid, mərd oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq.Dediyim odur ki, şəhidlərə, qazilərə, bu Qələbədə payı olan hər kəsə diqqət sonsuzdur. Budur bizi ruhlandıran, budur Qələbəyə səfərbər edən!

Rayonda şəhidlərimizə, onla­rın ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, park­ların, bulaqların, xiyabanların abadlaş­dırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olun­muş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün rayonumuza gələn qonaqlar kədər, həm də qürur yerimiz olan bu müqəddəs məkana baş çəkir, memorial önünə tər çiçəklər düzür, igid oğulları­mızın şəkli əks olunmuş lövhə önündən keçərək əziz xatirələrini ehtiramla yad edirlər. Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda can­larından keçən şəhidlərin əziz xatirəsini əbədiləşdirən guşə, eləcə də şəhərin mərkəzi küçəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə Abidə Komp­leksi bu gün Qazaxda müqəddəs ün­vanlardan biridir. Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının işıq üzü görməsi igid Vətən oğullarının gələcək nəsillərə tanıdılma­sı istiqamətində atılan nümunəvi ad­dımdır.

Bu gün, burada əyləşən hər bir qazi, eləcə də digərləri deyə bilməz ki, onla­ra qarşı soyuqluq var, arzuları, istəkləri həyata keçmir. Özləri də danışarlar yəqin.

Tural Vəliyev, qazi-leytenant: – “Xalq qəzeti”nin təşəbbüsü ilə belə bir görüşün keçiriləcəyini eşidəndə uşaq kimi sevindim. Düzü, məni da­nışdıranda, hal-əhval tutanda daxilən yüngülləşirəm, hətta ağrılarım da azalır. Doğrudur, rayonda ən müxtəlif tədbirlərə dəvət edirlər, görüşlərimiz olur, bunlar öz yerində. Amma başqa yerdən, elə mətbuatdan gəlib nəsə soruşanda tamamilə başqa hisslər keçiririk. Özüm 1991-ci ildə hərbçi ailəsində anadan olmuşam. 2012-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrıl­mışam. 2013-cü ilin iyul ayında tərxis olunduqdan sonra 2014-cü ildə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində 3 aylıq ehtiyat zabit kursunu oxumuşam. sonra “N” saylı hərbi hissədə çalışmı­şam.

Oktyabrın 30-dan 31-nə keçən gecə Xocavənd istiqamətində gedən döyüşlərdə piyada əleyhinə mina­ya düşdüm. Sağ ayağımın daban sümüyündə olan açıq qəlpəli yara bu gün də məni incidir. Yenə müalicəyə gedəcəyəm və inşəllah düzələr. Hazır­da Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsində işləyirəm.

Dövlət təltiflərim də var.Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşam.

Bunları deməyə də bilərdim. Sadəcə, soruşdunuz, mən də sadala­dım, ötən günlərdən danışdım. Sent­yabr ayını, xüsusilə 27 sentyabrı isə heç vaxt unuda bilmərəm. Heç balala­rım, qismət olsa nəvələrim, nəticələrim də unutmayacaq.Çünki həmin gün biz nəhayət, çoxdan gözlədiyimiz Böyük Qələbənin işartılarını, izlərini gördük və hiss etdik ki, bu dəfə düşmən birdəfəlik sarsıdılacaq. Belə də oldu!

Vüsal Adıgözəlov, qazi: – Soru­şursunuz ki, “necəsən, Qazi?”. Mən indi durum deyim ki, bədənimdə olan 14 qəlpədən çoxu iki ildir mənimlədir? Artıq ikinci qrup əlillik dərəcəsi də təyin olunub. Elə bilirdim həyat mənim üçün bitdi. Amma dövlətimiz tərəfindən elə bir diqqət, qayğı gördüm ki, keçirdiyim hissləri sözlə ifadə edə bilmirəm.

Özüm Bağanıs Ayrım kəndindənəm. 2014-cü ilin avqust ayından 707 say­lı hərbi hissədə xidmətə MAXE olaraq başlamışam. 2020-ci il oktyabrın 10-dan Suqovuşan, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak etdim və 17-də ayağımdan 1, qarnımdan 7, beldən 3, sağ qol bazudan 3 qəlpə yarası al­dım. Elə həmin gün Füzuli rayonunda ilkin tibbi yardım göstərildi və iki dəfə əməliyyat olundum. Amma vəziyyətim pisləşdiyi üçün Bakı Şəhər Hərbi Hos­pitalına aparıldım və daha sonra Bakı Sağlamlıq Mərkəzində müalicəmi davam etdirdim və iki dəfə də bura­da əməliyyat olundum. Hazırda ev şəraitində müalicəmi davam etdirirəm.

Azərbaycan Respublikası Preziden­tinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” me­dalları ilə təltif edilmişəm. Görüşlərə gedəndə qürurla sinəmə taxıram. Ona görə yox ki, hansısa bir qəhrəmanlıq göstərmişəm, öyünürəm, yox, sadəcə, onları mənə cənab Prezidentimiz ve­rib və bundan böyük ikinci bir mü­kafat tanımıram. Mən cəbhədə gör­düm ki, bizim əsgərlərimiz hücuma keçəndə necə “İlhamla irəli” deyərək düşməni vahiməyə salırlar. Bunları mən görmüşəm və bir daha əmin olmuşam ki, Qələbəmiz ölkə Prezidentinə, Ali Baş Komandana inamdan, məhəbbətdən yarandı. Bunları necə unudum?

Qazaxın 7 kəndini, o cümlədən, mənim doğma kəndim Bağanıs Ayrımı hələ də düşmən özündə saxlayıb, iki il qabaq imzaladığı razılaşma sənədinə məhəl qoymur. Amma inanıram ki, bu kəndlər tezliklə özümüzə qayıdacaq. Qaytarmasalar, unutmasınlar, İlham Əliyev kimi Prezidentimiz, şanlı ordu­muz öz sözünü deyəcək.

Nicat Tağıyev, qazi: – Mənim də doğulduğum Aşağı Əskipara kəndi neçə illərdir düşmənin əlindədir. Bilmirəm, bəlkə də hərbiyə olan mara­ğım torpaqlarımızı düşməndən azad etmək istəyindən, niyyətindən doğub və 2014-cü il may ayının 25-dən 707 saylı hərbi hissədə MAHHXHQ kimi xidmət etmişəm. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən cəbhədə olmuşam. Oktyabrın16-da Füzuli rayonunda gedən döyüşlərdə minaya düşdüm. Kəllə-beyin travması aldım. Müalicə olunduqdan sonra “N” saylı hərbi hissəyə qayıtdım.

Lakin icazə vermədilər ki, döyüşlərə qatılım və buna görə çox təəssüflənirəm.Beləliklə, hərbi hissədən tərxis olun­dum. Ailəliyəm, 3 övladım var. Sağ ol­sunlar, Qazax Arxiv İdarəsində Sosial xidmətlərin göstərilməsi üzrə köməkçi işi ilə təmin olunmuşam.

Azərbaycan Respublikası Preziden­tinin sərəncamlarına əsasən, “Hərbi xidmətlərə görə” və“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişəm.

Valeh Mustafayev, qazi, polkov­nik-leytenant: – Mən fəxr edirəm ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan hərbi məktəblərin məzunuyam.1997-ci ildən 2000-ci ilə qədər C.Naxçıvanski adına hərbi liseydə, 2000-ci ildən 2004-cü ilədək isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuşam və mo­tatıcı ixtisasına yiyələnmişəm. 2005-ci ilin avqust ayından başlayaraq müxtəlif hərbi hissələrdə tağım, bölük koman­diri, motoatıcı tağım komandiri, hərbi hissə komandirinin müavini olmuşam.

2020-ci ilin mart ayında 702 nömrəli hərbi hissə komandirinin idieloji iş və mənəvi-psixoloji təminat üzrə müavini – bölmə rəisi vəzifəsinə təyin olunmu­şam. 2020-ci il noyabrın 6-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə düşmən tərəfindən atılan artileriya atəşi nəticəsində partlayış zədələnməsi, “Ba­rotravma ” deyilən xəsarət almışam..

Keçən ilin sentyabrında hərbi xidmətdən təxris olunmuşam. Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına əsasən “Hərbi xidmətə görə”, “Xocavəndin azad olunması­na görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişəm.

Bu gün burada çox maraq­lı söhbətlərin şahidi oldum. Bilirsiniz diqqətimi daha çox nə cəlb etdi? Bu gənc qazilərin Vətənə olan məhəbbəti, Prezidentimizə olan sonsuz inamı, sev­gisi, torpağa bağlılığı, düşmənə nifrəti və ən nəhayət, döyüş əzmi, bu gün də döyüşə atılmaq arzusu, istəyi. İndi fikirləşirəm ki, məgər bu hisslər deyil­dimi bizi Böyük Qələbəyə aparan?! Sentyabrın 27- də başlanan Qələbə yü­rüşü cəmi 44 günə başa çatdı. Tarixdə görünməyən qələbə! Anım Günü yenə də şəhidlərimiz ziyarət olunacaq, onla­rın keçdiyi şərəfli yol yenidən xatırlana­caq. Allah şəhidlərimizə rəhmət eləsin.

“Dəyirmi masa” arxasındakı söhbəri yazdı:

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

27 Sentyabr 2022 02:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə