Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qarabağ uğrunda Vətən müharibəsinin ilk günü

Zəfər marafonunun başlanğıcı

 

2020-ci il sentyabr ayının 27-də Azərbaycanın müstəqillik və dövlətçilik tarixinin yeni bir səhifəsi açıldı. Həmin gündən etibarən xalqımız Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dəmir yumruğa çevrilərək Vətən müharibəsinə qalxdı, təxminən 30 il davam edən erməni işğalına son qoyulması üçün azadlıq mübarizəsinə qoşuldu.

Qərbin ermənipərəst dövlətləri və qüvvələri tərəfindən himayə olunan və onların siyasi, mənəvi və hərbi dəstəyi ilə ən adi beynəlxalq norma­ları ayaq altına alan erməni faşizminə müharibənin elə ilk günündə sarsıdı­cı zərbə vuruldu.

Ermənistan tərəfindən Azərbaycana qarşı 2020-ci il sentyabr ayının 27-də növbəti dəfə qəfil irimiqyaslı təcavüzə qərar verilsə də, əslində, bu təxribat gözlənilən idi. Çünki son iki ildə Ermənistan rəhbərliyinin Azərbaycana qarşı apardığı davakar və hədələyici siyasət bunu deməyə əsas verirdi. Belə ki, Azərbaycan tor­paqlarının işğalının rəsmiləşdirilməsi və zorla qəbul etdirilməsi üçün Ermənistan rəhbərliyi hər cür təxribatlara əl atırdı.

Məlumdur ki, Vətən müharibəsinin başlanması ərəfəsində Ermənistan tərəfindən könüllü qoşun dəstələrinin yaradılmasına, Azərbaycanla sərhəd boyunca hərbi qüvvələrin artırılma­sına, hərbi təlimlər keçirilməsinə və Azərbaycan ərazisinə diversant qruplarının göndərilməsinə də başla­mışdılar. Ermənistan eyni zamanda, sürətlə silahlanma yolunu tutmuşdu.

Əldə edilmiş məlumatlara görə, 2020-ci ilin iyul ayında iki dövlət arasında Tovuz istiqamətində baş vermiş döyüşlərdən dərhal sonra, yəni iyul ayının 17-dən sentyabr ayı­nın başlanğıcına kimi Ermənistana təyyarələrlə min tondan artıq hərbi yük daşınmışdı. 2020-ci il sentyabr ayının 25-də Azərbaycan Respubli­kasının Prezidenti İlham Əliyev Avro­pa İttifaqının Cənubi Qafqaz üzrə xü­susi nümayəndəsi Toivo Klaarı qəbul edəndə kəşfiyyat məlumatlarına görə, Ermənistan qoşunlarının Azərbaycanla sərhəddə toplandı­ğını bildirdi və Ermənistanın yeni təxribatlara hazırlaşdığını açıqladı. Azərbaycan Prezidenti bəyan etdi ki, Ermənistanın hər hansı bir təcavüzü cavabsız qalmayacaq və Avropa İtti­faqının nümayəndəsinə də bildirdi ki, Ermənistanın bu əməlləri haqqında narahatlığı Avropa Komissarlığına da çatdırsın.

Ermənistan rəhbərliyi isə edilən xəbərdarlıqlara qulaq asmadı və 2020-ci il sentyabr ayının 27-də qarşıya qoyduğu məqsədə çatmaq üçün yenidən hərbi təxribat yolu­nu tutdu. Həmin gün səhər tezdən Tərtər rayonunun Qapanlı, Ağdamın Çıraqlı və Orta Qərvənd, Füzulinin Alxanlı, Şükürbəyli və Cəbrayılın Cocuq Mərcanlı kəndləri iriçaplı si­lahlardan atəşə tutuldu. Həmin ya­şayış məntəqələrinin atəşə tutulma­sı nəticəsində mülki əhali arasında dünyasını dəyişənlər və yaralanan­lar oldu. Adları çəkilən rayonlardakı infrastruktur obyektlərinə ciddi ziyan dəydi.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qar­şıdurma xəttinə yaxın zonalarda ya­şayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə sentyabr ayının 27-də səhər saat 6.00-dan etibarən cavab tədbirləri görməyə başladı. Qoşun bölmələri düşmənə layiqli cavab vermək üçün başlan­ğıc vəziyyətə gətirildilər. Erməni hərbi təxribatının miqyası və xa­rakteri qiymətləndirildikdən sonra təmas xətti boyunca yerləşən hərbi qüvvələrə 7.30-dan etibarən kütləvi zərbə endirilməsi əmri verildi. Əlavə olaraq raket-artilleriya və aviasi­ya qüvvələrinə düşmənə sarsıdı­cı zərbə vurulmasına cəlb olundu. Bu qüvvələrin qarşısında düşmən müdafiəsinin dərinliklərində yerləşən hərbi obyektlərə və hərbi qüvvələrə ağır zərbə vurulması tapşırığı qo­yuldu. Bununla, Ermənistanın hərbi təxribatlarının qarşısının alın­ması üçün başlanan əks-hücum əməliyyatının ilk mərhələsinin baş­lanğıcı qoyuldu.

Bütünlükdə, üç mərhələdə yekunlaşan bu müharibənin ilk mərhələsində Azərbaycanın hərbi qüvvələri qarşısında dayanan vəzifələr əks-hücum əməliyyatının hazırlanması, ilk eşelonda yerləşən Azərbaycan qüvvələrinin müdafiəsinin dayanıqlığına nail olunması, düşmənə kütləvi atəş zərbəsinin endirilməsi, əks-hücum üçün başlanğıc vəziyyətin tutulması, əsas qüvvələrin hücuma keçməsinin təmin edilməsi, düşmənin birin­ci eşelonda yerləşmiş qüvvələrin müdafiəsinin yarılması və digərləri idi. Bu ümumi vəzifələrə istinad etməklə hissə və birləşmələrin, qo­şun növlərinin və xidmətlərinin konk­ret vəzifələri də müəyyənləşdirildi.

Ermənistan hərbi qüvvələrinin yeni təcavüzkarlığı ilə bağlı Müdafiə Nazirliyi tərəfindən ilk məlumat 2020-ci il sentyabr ayının 27-də saat 7.30-da yayıldı. Həmin məlumatda bildirilirdi ki, səhər saat 6.00-dan baş­layaraq “Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çap­lı artilleriya qurğularından intensiv atəşə tutub”.

Əldə olunmuş məlumata görə, müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi sıradan çıxarılmışdı. Bu məlumatların ardınca Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu təxribatın başlandığı gün radio və televiziya ilə bütün xalqa müraciət etdi, təxribat haqqında res­publika ictimaiyyətinə məlumat verdi.

Ölkə rəhbəri bu tarixi müraciətində Ermənistanın növbəti dəfə belə bir təcavüzkar təxribata əl atmasının səbəblərini belə açıq­ladı: “Ermənistan bu təxribatı törətməklə hansı məqsədi güdürdü? İlk növbədə, Azərbaycan torpaqları­nın işğalı onların planındadır və on­lar bunu gizlətmirlər. Onların hərbi-siyasi rəhbərliyi Azərbaycanı yeni işğalla hədələməyə çalışırdı, yeni ərazilər uğrunda yeni işğal siyasəti. Budur, bu gün Ermənistan hərbi-siyasi rəhbərliyinin siyasəti. Digər səbəb Ermənistanda mövcud olan çox ciddi sosial, iqtisadi və siyasi məsələlərdən ölkə əhalisinin fikri­ni yayındırmaq və Azərbaycandan düşmən obrazı yaratmaqdır. Daha bir səbəb isə ondan ibarətdir ki, Ermənistan hər vəchlə çalışır ki, da­nışıqlar prosesi pozulsun və deyə bilərəm ki, buna nail olub. Məhz Ermənistanın riyakar, qeyri-konstruk­tiv və yalançı siyasəti nəticəsində ha­zırda danışıqlar faktiki olaraq daya­nıbdır. Növbəti təxribatın törədilməsi məhz bu məqsədləri güdür”.

Ölkə Prezidenti daha son­ra öz müraciətində Ermənistan rəhbərliyinin və erməni hərbi-siyasi dairələrinin son zamanlar Azərbaycana qarşı həyata keçirdiyi müxtəlif xarakterli təxribatlara toxun­du və sentyabr ayının 27-də başla­nan təxribatın da əvvəlki təxribatların davamı olduğunu bəyan etdi. Beynəlxalq təşkilatların qərarlarına, dünya dövlətlərinin Azərbaycanın ərazi bütövlüyünü tanımasına is­tinad etməklə İlham Əliyev bir daha öz qətiyyətini xalqa və dünya ictimaiyyətinə çatdırdı, Azərbaycan torpaqlarının erməni işğalı altında qalması ilə Azərbaycan xalqının ba­rışmayacağını bəyan etdi.

Ermənistanın yeni hərbi təxribatına qarşı Azəbaycanın haqlı mövqeyini və Azərbaycan tərəfindən görülən tədbirləri İlham Əliyev belə dəyərləndirdi: “Bizim mövqeyi­miz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuru­şuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qo­ruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpa­ğımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 fa­izi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

Bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları və Azərbaycan xal­qının dostları tərəfindən çox böyük sevinc və dəstəklə qarşılanan bu bəyanatını İlham Əliyev bu çağırışla bitirdi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çala­cağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Elə həmin gün də Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi təxribatının başlanması ilə əlaqədar İlham Əliyevin rəhbərliyi altında ölkənin Təhlükəsizlik Şurasının ic­lası çağırıldı. Bu iclasdakı proqram xarakterli çıxışı zamanı İlham Əliyev Ali Baş Komandan kimi erməni hərbi təxribatlarının qarşısının alınma­sı üçün qarşıda hansı vəzifələrin dayandığını müəyyənləşdirdi və onu bütün xalqa çatdırdı. Həmin vəzifələr, əslində, bəlli hədəfləri ifadə edirdi – Ermənistanın Azərbaycana qarşı işğalına son qoymaq, respubli­kanın ərazi bütövlüyünü təmin etmək və qaçqın və köçkünləri öz yurdları­na döndərmək.

Ali Baş Komandan müharibədə ölkəmizin qələbəsinə qəti inamını belə ifadə etdi: “Mən əminəm ki, bi­zim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın da­vam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpa­ğında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Mən müxtəlif dövrlərdə dəfələrlə demişəm ki, bizə bu məsələnin, bu münaqişənin yarımçıq həlli lazım deyil. Biz öz torpağımızdayıq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Amma öz torpağımızı heç kimə verən deyilik. Mən dəfələrlə demişəm, biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan torpaqların­da ikinci qondarma erməni dövləti yaradılsın. Heç vaxt imkan verə bilmərik və bugünkü hadisələr onu bir daha göstərir”.

Silahlı Qüvvələrin Ali Baş Komandanı qətiyyətlə bildir­di ki, Azərbaycan dövləti artıq münaqişənin yarımçıq həlli ilə ba­rışmayacaq, ərazilərin kimsəyə verilməsi ilə, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradıl­ması ilə razılaşmayacaqdır. Baş­qa sözlə, İlham Əliyev beynəlxalq hüquq normalarına əsaslanmaqla Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi üçün bütün cəbhə boyu döyüşlərə başlamaq əmri verdi. Yəni Azərbaycan Ordusunun, digər hərbi strukturların qarşısında Azərbaycan ərazilərinin tamamilə işğaldan azad edilməsi, münaqişənin yarımçıq de­yil, bütünlüklə həll edilməsi kimi ay­dın və konkret tapşırıq qoyuldu.

Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına qarşı başla­nan döyüşlər ilk vaxtlar əks-hücum əməliyyatları adlandırılırdı. Lakin qar­şıya qoyulan vəzifələrin miqyasına, hərbi-strateji dəyərinə, bu vəzifələrin həlli üçün cəlb edilən hərbi qüvvələrin sayına, bu istiqamətdə görülən işlərin ümummilli əhəmiyyətinə görə aparılan hərbi əməliyyatlara yeni mövqedən yanaşıldı.

2020-ci il sentyabr ayının 30-da Mərkəzi Hərbi Klinik Hospitalda müalicə olunan yaralı hərbi qulluqçu­larla görüşdə İlham Əliyev bu döyüşləri “Vətən uğrunda gedən döyüşlər” kimi xarakterizə etdi. 2020-ci il oktyabr ayının 26-da isə xalqa müraciətində İlham Əliyev Ermənistanın işğalçılığı­na qarşı aparılan müharibəni “Vətən müharibəsi” adlandırdı.

Bu müharibə bütün parametrlərinə görə Azərbaycan üçün Vətən müharibəsi oldu. Beynəlxalq hüquq normalarına, Dağ­lıq Qarabağ münaqişəsinin nizam­lanması ilə bağlı BMT Təhlükəsizlik Şurasının hələ 1993-cü ildə qəbul etdiyi dörd qətnamənin tələblərinə məhəl qoymayan Ermənistan üçün isə bu müharibə işğalçılıq siyasətinin davamı idi.

Vətən müharibəsinin başlanma­sı ilə Ali Baş Komandan kimi İlham Əliyev əməliyyatların planlaşdırıl­masını, əməliyyat istiqamətlərinin müəyyənləşdirilməsini, respublika­nın hərbi gücünün cəbhəyə səfərbər olunmasına rəhbərliyi, siyasi-diplo­matik fəaliyyətin müharibənin tələbləri üzərində qurulmasının təşkilatçılığını, uyğun informasiya mühitinin forma­laşdırılmasının təşəbbüskarlığını öz üzərinə götürdü.

Başlanan müharibənin uğurla tamamlanması üçün dövlət aparatla­rının fəaliyyəti yeni tələblər üzərində quruldu, ön və arxa cəbhələrin ən sıx əlaqələri yaradıldı. Xüsusilə döyüşlərin planlaşdırılması, zərbə istiqamətlərinin seçilməsi, qüvvə və vəsaitlərin cəlb edilməsi, ordu qüvvələri üçün müəyyənləşdirilmiş konkret tapşırıqların icrası Ali Baş Komandanın davamlı nəzarəti altına alındı.

2020-ci il sentyabr ayının 27-də Azərbaycan Respublikasının Prezi­denti İlham Əliyevin fərmanı ilə res­publikanın bütün ərazisində hərbi vəziyyət elan edildi. Müharibənin elə ilk günündən də Azərbaycan Ordu­sunun hissə və bölmələri təmas xətti boyunca xüsusi möhkəmləndirilmiş müdafiə xətlərinə malik erməni mövqelərinin üzərinə sürətli hücu­ma keçdilər. Bütün istiqamətlərdə aparılan döyüşlərdə elə ilk anlardan da Azərbaycan Ordusunun hissə və bölmələri hərbi təşəbbüsü ələ ala­raq erməni hərbi qüvvələrinə ağır zərbələr vurdular. Azərbaycan hərbi qüvvələrinin şimal qruplaşması şərti adı “Canavar qulağı” olan hündür­lüyün sağ və sol hədlərini, günün sonuna isə Təkəqaya yüksəkliyini ələ keçirdi. Mərkəz qruplaşması isə 3340.3 yüksəkliyini, 1444.2, 831.2, 701.3 yüksəkliklərini, Çaylı həddini erməni hərbi qüvvələrindən azad etdi.

Daha uğurlu döyüşlər isə cənub qruplaşmasının fəaliyyət zonasında baş verdi. Günün birinci yarısında artıq bəzi istiqamətlərdən erməni silahlı qüvvələrinin müdafiə xətləri yarıldı. Nəticədə, Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Hora­diz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, günün ikinci yarısında isə Murov dağ silsiləsində Murov zirvəsi erməni işğalından azad edildi. Murov zirvəsinin azad edilməsi ilə Ağdərə-Vardenis avtomobil yolu Azərbaycan Ordusunun nəzarəti altına düşdü. Adları çəkilən yaşayış məntəqələri Vətən müharibəsinin gedişində azadlığına qovuşmuş ilk yaşayış məntəqələri oldular.

Bu məntəqələrin azad edilməsindən əlavə, gün ərzində erməni hərbi qüvvələrinin atəş mövqelərinə və hərbi texnikasına da sarsıdıcı zərbə endirildi. Müharibənin elə ilk gününün nəticələri göstərdi ki, güclü olması haqqında yalan­çı mif yaradılmış quldurlaşmış Ermənistan ordusu Azərbaycan Si­lahlı Qüvvələrinin qüdrəti qarşısında gücsüz və acizdir.

Mütəxəssislər də qeyd edirdilər ki, öz gücünə yersiz arxayınçılığa varmış Ermənistan ordusu yeni başlanan müharibədə XX əsrin 90-cı illərinin hərbi taktikasına istinad edirdilərsə, Azərbaycan XXI əsrin müharibəsinin aparılmasına qadir olduğunu nüma­yiş etdirdi. Bunu elə erməni hərbi ekspertləri də etiraf etməli oldular ki, Azərbaycan tərəfi bu müharibənin gedişində kontaktsız döyüşlər apar­maq məharətini nümayiş etdirdiyi halda, erməni generalları hələ də XX əsrin 90-cı illərində ilişib qalmışdılar və onlar yeni reallıqlardan xəbərsiz idilər. Bu isə aparılan döyüşlərin nəticələrində özünü göstərirdi.

Şimal istiqamətində aparılan döyüşlərə əsasən Azəbaycanın dağ-piyada bölmələri və xüsusi təyinatlı qüvvələr cəlb edilmişdilər. Bəzi məlumatlara görə, bu bölmələrin döyüş mövqelərinə atılmasında ver­tolyotlardan da istifadə olunmuşdu. Bu bölmələrin fəaliyyəti raket-ar­tilleriya qüvvələri, zirehli texnika və uçuş aparatları tərəfindən də müşayiət olunurdu. Pilotsuz uçuş aparatları və raket-artilleriya qurğu­ları bu istiqamətdə yeləşmiş erməni mövqelərinə və hərbi texnikası­na güclü zərbələr vurdular. Həmin istiqamətdə hücumun coğrafiyasının genişləndirilməsi üçün zirehli texnika və mühəndis bölmələri erməni mina sahələrinin təmizlənməsi işini öz öhdəsinə götürdülər.

Bu zaman Azərbaycan zireh­li texnikasından bəzilərinin mina sahələrində partlaması hallarının ol­duğu bildirilir. Erməni təbliğat maşını bu hadisəni erməni hərbi qüvvələrinin böyük uğurlarından biri kimi qələmə versə də, Azərbaycan hərbi qüvvələri hərbi təşəbbüsü bütünlüklə öz əllərində saxlaya bildilər. Bu zaman hətta müqavimət göstərməyə çalı­şan erməni zirehli bölmələri də ciddi itkilərlə rastlaşdılar.

Döyüşlərin ilk günündən başlaya­raq, Azərbaycan hərbi qüvvələrinin komandanlığı həm də bölgədə yerləşdirilmiş erməni hava hücu­mundan müdafiə vasitələrinin və radio-elektron mübarizə vasitələrinin məhv edilməsinə xüsusi diqqət yetir­di. Bu məqsədlə həm pilotsuz uçuş aparatları, həm də raket-artileriya qüvvələri işə salındı. Erməni hərbi qüvvələrinə məxsus hava hücu­mundan müdafiə və radio-elektron mübarizə vasitələrinin davamlı ola­raq məhv edilməsi isə pilotsuz zərbə uçuş aparatlarının daha sərbəst və maneəsiz fəaliyyəti üçün münasib şərait yaratdı.

Əməliyyat istiqamətlərində fəaliyyət göstərən qüvvələrin dö­yüş uğurlarının əldə edilməsində hərbi hava qüvvələri çox səmərəli bir fəallıq nümayiş etdirdilər. Hərbi təyyarələrin və vertolyotların köməyi ilə bütün istiqamətlərdə, eləcə də düşmən müdafiəsinin dərinliklərində onun canlı qüvvəsinə, hava hücu­mundan müdafiə vasitələrinə və digər obyektlərinə ağır zərbə vuruldu. Hərbi hava qüvvələri Tərtər, Ağdam və Füzuli istiqamətlərində düşmənin xeyli sayda zirehli texnikasını məhv etdilər. Məhv edilən düşmən texnika­sı arasında P-18, 5N84 RLS, “Osa”, “TOR” kompleksləri də var idi.

Bəzi istiqamətlərdə ağır zərbəyə duruş gətirə bilməyən düşmən bölmələrinin şəxsi heyəti isə zirehli texnikanı ataraq qaçmağa başladı.

Gözləmədikləri halda Azərbaycanın sərt cavabı ilə rast­laşan Ermənistan rəhbərliyi və müdafiə nazirliyi isə elə ilk gündən düçar olduğu uğursuzluqları erməni xalqından gizlətməyə başladılar. Ermənistanın o zamankı müdafiə naziri sentyabrın 27-də yaydığı bəyanatda başlanan yeni gərginliyin bütün məsuliyyətini Azərbaycanın üzərinə atmaqla bildirirdi ki, guya, qətiyyətli hücumlarla Azərbaycan Ordusunun bütün cəhdlərinin qar­şısı alınır və Azərbaycan Ordusuna böyük itkilər yetirilir. O öz xalqını əmin və arxayın etməyə çalışırdı ki, Azərbaycan Ordusunu məğlub etmək üçün Ermənistanın bütün imkanları var və Azərbaycan ciddi şəkildə cəzalandırılacaqdır.

Belə xülyalarla erməni hərbi mənsubları birmənalı şəkildə Azərbaycan Ordusu tərəfindən yuxarıda adları çəkilən yaşa­yış məntəqələrinin və Murov yüksəkliyinin azad edilməsini də inkar edirdilər. Bununla belə, Ermənistan müdafiə nazirliyinin nümayəndələri döyüşlərin elə ilk günündə 31 hərbçinin öldürüldüyünü etiraf etməli oldular.

Ermənistanın baş naziri N.Paşinyan başladıqları növbəti təxribatın qarşısının alınması üçün Azərbaycan tərəfindən sərt və səmərəli tədbirlərin həyata keçirildi­yini görəndə aciz duruma düşdü.

Azərbaycan Prezidentinin qətiyyəti, Azərbaycan xalqının və ordusunun gücü onu məcbur etdi ki, bu aciz durumdan nicat tapmaq üçün dünyanın böyük dövlətlərinin liderlərinə müraciət etsin, onların vasitəsi ilə Azərbaycan tərəfindən başlanan əks-hücum əməliyyatının dayandırılması üçün Azərbaycan Prezidentinə təzyiqlər göstərsin. O, əvvəlcə Rusiya prezidenti V.Putinlə telefon danışığı apardı. Sonra erməniliyin sadiq himayədarlarından olan Fransa Prezidenti E.Makronu dilə tutdu. Sonra da N.Paşinyan dün­ya ictimaiyyətinə müraciət etdi, erməni təxribatına cavab verən Azərbaycan tərəfini müxtəlif bəhanələrlə ittiham­landırmağa başladı.

Kəmağıl erməni baş nazirinin iddi­asına görə, əks-hücum əməliyyatının keçirilməsi üçün Azərbaycan tərəfi Türkiyənin vasitəçiliyi ilə Suriyadan terrorçu dəstələri Qarabağ bölgəsinə gətirmişdi. O, az qala əks-hücum əməliyyatının da Azərbaycanın hərbi qüvvələri tərəfindən deyil, Azərbaycana gətirilmiş terrorçu dəstələr tərəfindən başlandığı­nı da dünya ictimaiyyətinə sırı­mağa cəhd göstərdi. N.Paşinyan Azərbaycan rəhbərliyini əks-hücum əməliyyatından çəkindirmək üçün qondarma Dağlıq Qarabağ qurumu­nu rəsmən tanımaq planından da xəbər verdi.

Təmas xəttində baş verən hadisələrlə bağlı Rusiyanın xa­rici işlər naziri Sergey Lavrov da Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, habelə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə telefon əlaqəsi saxladı. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev isə Ermənistanın və bu dövlətin himayədarlarının diplomatik fəallıqları qarşısında qətiyyətlə bildir­di ki, kimsə bizi öz haqq yolumuzdan döndərə bilməz.

Vətən müharibəsinin baş­landığı elə ilk gündən də İlham Əliyev Azərbaycan xalqının haqq mübarizəsinin dayandırılması üçün öz şərtini irəli sürdü – işğal altın­da olan Azərbaycan torpaqlarının azad edilməsi, Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən geri çəkilməsi müharibənin da­yandırılması üçün yeganə şərt ola bilər. Ermənistanın kimlərə isə ar­xayın olaraq qəbul etmədiyi bu şərti Azərbaycan xalqı öz gücü ilə bu təcavüzkar dövlətə qəbul etdirdi.

Sentyabr ayının 27-dən baş­layaraq Azərbaycan Ordusunun müzəffər yürüşünün başlanğıcı qo­yuldu və həmin gündən başlaya­raq Azərbaycanın hərbi qüvvələri hər gün yeni-yeni Vətən torpağının azad edilməsinin böyük sevinci­ni Azərbaycan xalqına yaşatdı. Bu hünəri müzəffər Ali Baş Komandan belə dəyərləndirirdi: “Hər gün biz irəliyə gedirdik, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri çəkilək. Bir gün də olmayıb ki, hansısa məsələni biz həll etməyək. Hər gün səhər mənim tərəfimdən hər günün döyüş-əməliyyat planı təsdiq edilirdi, günün sonunda da təhlil olunurdu. Biz bu­nun nəticəsində qısa müddət ərzində böyük Qələbə qazana bilmişik, öz doğma torpaqlarımızı düşməndən azad edə bilmişik”.

Bu böyük Zəfər Azərbaycan ordu­sunun, Azərbaycan xalqının və onun Ali Baş Komandanı İlham Əliyevin əzmkar və yaradıcı qətiyyətinin qələbəsi idi. İlham Əliyev Vətən müharibəsinin elə ilk günündən başlayaraq Vətən müharibəsinə rəhbərlikdə yeni bir təfəkkür və ya­naşma ortaya qoydu, mövcud olan reallıqların sərt çərçivəsini sındıra­raq, Azərbaycan xalqının arzusunda olduğu bir zəfərin memarına çevrildi.

Respublika Prezidenti özü də bəyan edirdi ki, Vətən müharibəsinin gedişində Ermənistanın işğalçılığına qarşı aparılan döyüşlərin dayandı­rılması ilə bağlı çoxlu təzyiqlər oldu, hətta BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə qətnamə qəbul edilməsinə cəhd göstərildi. Lakin İlham Əliyevə xas olan qətiyyət, ar­dıcıllıq, milli maraqlara bağlılıq, ata vəsiyyətini həyata keçirmək əzmi bütün bu təzyiqlərə üstün gəldi və Azərbaycan nəinki bölgədə, əslində, bütün dünya üçün əhəmiyyət kəsb edəcək bir reallıq yaratdı.

Vətən müharibəsinin elə ilk günündən Ali Baş Komandan İlham Əliyevin dilindən səslənən “Qarabağ Azərbaycandır” ifadəsi xalqımızın milli mübarizəsinin şüarına çevrildi, bütün xalqı öz ətrafında birləşdirdi və sonda bu diyarın yenidən Azərbaycan olmasını təmin etdi: “Qarabağ Azərbaycandır və nida” ifadəsi artıq bizim qələbəmizin rəmzi idi, rəmzinə çevrildi. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bi­zimdir, Qarabağ Azərbaycandır”.

2020-ci il sentyabr ayının 27-də başlanan Vətən müharibəsi, təxminən 30 il erməni işğalı altın­da qalan Qarabağı və onun ətrafını yenidən Azərbaycana qaytardı, haqq öz yerini tutdu. Azərbaycan xalqı özünün çoxəsrlik tarixinə yeni və şərəfli bir səhifə yazdı və bununla Azərbaycan dünyanın qalib xalqla­rından birinə çevrildi.

Mehman SÜLEYMANOV,

 Milli Müdafiə Universiteti Hərbi-Elmi Tədqiqat İnstitutunun professoru, tarix elmləri doktoru

27 Sentyabr 2022 01:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə