Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Media Reyesteri nədir və nəyə xidmət edir?

Son 2 ildə “Media haqqında Azərbaycan Respublikasının Qanunu”nun hazırlanması, qəbul edilməsi və həyata vəsiqə alması çağdaş Azərbaycan jurnalistikanın tarixində ən önəmli hadisələrdən biri oldu. Ölkəmizdə azad, demokratik jurnalistikanın indiki mərhələdə inkişafını təmin edən baş normativ-hüquqi sənəd olan, onun fəaliyyət kompası sayılan bu qanunun hazırlanması və qəbulu mediamızın indiki və gələcək uğurlarına yönəlik dövlət siyasətinin təkmilləşdirilməsi zərurətindən irəli gəldi.

Çağdaş dünyanın qloballaşması, sürətlə yayılan informasiyanın aparıcı trendlərdən birinə çevrilməsi ənənəvi medianın nəzəri xarakterini və prakti­ki fəaliyyətini əsaslı surətdə dəyişdirib yeniləşdirdiyindən bu gerçəklik kütləvi informasiya vasitələrinin fəaliyyətini ni­zamlayan dövlət siyasətində və hüquqi-normativ sənədlərdə də müvafiq təfsirini və təsbitini də tələb edirdi. Beynəlxalq informasiya mühitinin müəyyən et­diyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən in­novativ təkamülün yaratdığı imkan­lardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ciddi ehtiyac duyulurdu.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Res­publikasında media sahəsində isla­hatların dərinləşməsi haqqında” 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə ölkəmizdə start götürmüş media is­lahatlarının ən zəruru həlqələrindən biri olaraq ötən il Media Agentliyi­nin sahə mütəxəssislərinin iştirakı ilə ölkə gercəkliyi və qabaqcıl dünya təcrübəsi əsasında hazırladığı “Me­dia haqqında Azərbaycan Respub­likasının Qanunu”nun layihəsi jur­nalist kollektivlərində, cəmiyyətin ayrı-ayrı sferalarında, nəhayət, par­lamentin komissiyalarında geniş müzakirədən, irəli sürülmüş mülahizə və təkliflərlə tamamlandıqdan sonra ilin son günlərində Milli Məclisdə qəbul olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il dekabrın 30-da təsdiq etdiyi 2022-ci il fevralın 9-da ölkənin kütləvi informasiya vasitələrində yayımlandı. Bununla 147 illik professional Azərbaycan jurnalisti­kasının fəaliyyətində rəsmi surətdə yeni dövr başlandı.

Yeni qanunda əksini tapmış Mediya Reyesteri anlayışının təfsiri və icra me­xanizmi barədə müddəalar, təəssüf ki, qanun layihəsinin müzakirəsi və qəbulu zamanı birmənalı qarşılanmadı. Bəzi qeyri-peşəkar yazarlar və onların təmsil etdiyi subyektlər medianın fəaliyyətinin hüquqi tənzimlənməsi aləti kimi dünya təcrübəsində istinad və tətbiq edilən bu yeniliyi şübhə altına almağa, söz azadlığının məhdudlaşdırılması kimi qələmə verməyə çalışdılar. Lakin pro­fessional media ictimaiyyəti, onun nü­fuzlu subyektləri və yeniliyə həssas təmsilçiləri Mediya Reyesteri mexa­nizmini dəstəklədilər və bu hüquqi tənzimləmə yeni qanunda mükəmməl əksini tapdı.

Media ictimaiyyəti qanunun bu müddəalarının icrasını gözləməkdə ol­duğu bir vaxta anti-Azərbaycan xarici mərkəzlər və onların yerli dəmtutanları yenidən şübhə toxumları səpir, pozucu­luq cəhdləri göstərirlər. Bu zərurətdən Media Reyesteri anlayışının yeni qanunda əksini tapmış mahiyyətini, hədəfini və üstünlüklərini xatırlatmağa ehtiyac yaranır. Beləliklə, Mediya re­yesteri nədir və nəyə xidmət edir?

Media haqqında qanunun layihəsinin hazırlamış Medianın İnki­şafı Agentliyinin dönə-dönə açıqladı­ğı, izahat verdiyi kimi, Azərbaycanda jurnalistlərin reyestri anlayışı yoxdur:

– Ümumiyyətlə, belə reyestr for­malaşmayıb. Azərbaycanda Media Reyestri yaradılacaq. Jurnalistlər kö­nüllü əsasla həmin reyestrdə qeydiy­yata düşə bilərlər. Media Reyestrində media subyektləri qeydiyyata alınır. Media subyektlərinin qeydiyyata alın­ması bildiriş xarakterlidir və beynəlxalq təcrübədə tətbiq olunur. Beynəlxalq təcrübədə bildiriş xarakterli reyestrlərin mövcud olması ətraflı öyrənilib və belə bir təcrübənin Azərbaycan Respublika­sında da tətbiqi qanunla təmin edilib.

Azərbaycanda media subyektləri reyestrdə qeydiyyata alınacaq. Jurnalistlər özləri bəyan edərlərsə, həmin reyestrdə qeydə alınacaq və onlara müvafiq vəsiqə veriləcək. Bu vəsiqələr vahid jurnalist vəsiqəsi deyil. Müxtəlif ekspertlər və media subyektləri xüsusilə bu məsələnin üstündə dayanır və onlar düzgün olmayan fikir formalaş­dırırlar. Jurnalistin fəaliyyət hüququnu təsdiq edən sənəd iş yerindən verilən vəsiqədir.

Media Reyestrində qeydiyyatdan keçən jurnalistlərə jurnalist vəsiqəsi veriləcək. Qanunda da göstərilib ki, bu vəsiqə özünü Media Reyestrində görmək istəyən jurnalistlərə reyestrdə olmasını təsdiq etmək üçün verilən sənəddir. Bu vəsiqə onların jurnalist fəaliyyətini və yaxud da jurnalistika ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd olmayacaq. Mövcud təcrübədə jurnalistlərimizə öz işlədiyi media qu­rumu tərəfindən verilən vəsiqələri var. İndiyə qədər verilmiş vəsiqələr hamısı qüvvəsində qalacaq və Medianın İnki­şafı Agentliyi tərəfindən verilən jurnalist vəsiqəsi redaksiyanın verdiyi vəsiqəni inkar etməyəcək.

Ölkəmizdə media subyektlərinin fəaliyyətinə icazə verilməsi praktikası­na son qoyulandan sonra bu şəbəkənin statistik mənzərəsi o qədər də aydın deyil. Media Reyestri jurnalistlər və media subyektləri ilə bağlı statistika­nı dəqiqləşdirməyə imkan verəcək. Hazırda Azərbaycanda jurnalistlərin və media subyektlərinin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirilir. Etibar­lı mənbədən alınmış dəqiq rəqəmlər yoxdur. Məhz Media Reyestrinin forma­laşdırılması Azərbaycan mediasında sistemli yanaşmanın tətbiqini nəzərdə tutur.

Dövlət tərəfindən həmin jurnalistlərə müəyyən imtiyazların verilməsi, xüsusilə onların peşə və ixtisaslarının artırılması ilə bağlı işlərin görülməsi və jurnalistlərin bunlardan ödənişsiz əsaslarla istifadə etməsi üçün reyestrdə olmaq əsas verəcək. Belə olan təqdirdə reyestrə daxil olmaq üçün də müəyyən tələblərin qoyulması təbiidir. Bu, jurna­listika ilə məşğul olmaq üçün tələb deyil, reyestrdə olmaq üçün qoyulan tələbdir. Yəni ali təhsili olmadan da jurnalistika fəaliyyəti ilə məşğul olsalar, jurnalist sayılacaqlar, istər əmək müqaviləsi, istərsə də fərdi qaydada istənilən re­daksiyada çalışan şəxsə çevrilirlər. Bu­nunla bağlı heç bir məhdudiyyət yoxdur.

İpoteka güzəştlərindən yarar­lanmaq, digər mövcud və yaxud da gələcəkdə tətbiq olunacaq sosialyö­nümlü, iqtisadiyönümlü imtiyazlardan istifadə etmək üçün belə sistemin olma­sı məqsədəmüvafiqdir. Qanun qüvvəyə minən kimi də Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına dəyişiklik edildi və güzəştli ipotekadan istifadə edən şəxslərin siyahısına jurnalistlər də əlavə edildi. Reyestrdə olan jurnalistlərimiz bu güzəştdən yararlana biləcək.

Media haqqında qanunda nəzərdə tutulan Media Reyestrinin yaradılması istiqamətində işlər davam etdirilir. Artıq Medianın İnkişafı Agentliyi qanunla bağ­lı maarifləndirmənin gücləndirilməsi, onlayn media subyektlərinin peşəkarlığının artırılması istiqamətində önəmli addımlar atmaqdadır.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərlinin açıqlaması isə belə oldu:

– Ümumilikdə, Reyestr xidmətinin tətbiq olunmasının tərəfdarıyam. “Media haqqında” qanun müzakirə olunanda da bunu dəstəkləmişəm. Ən azı, ölkədə jurnalistlərin sayı, kəmiyyəti bilinsin. Söhbət peşəkar jur­nalistika ilə məğul olanlardan gedir. Çünki istənilən halda peşəkar və bu sahədə uzun müddət normal fəaliyyət göstərən şəxslər şərtlərə uyğun ola­raq Reyestrə düşə biləcəklər. Bu da imkan verəcək ki, ölkəmizdə nə qədər peşəkar, vəzifəsinin öhdəsindən gələn jurnalistlərin olduğunu bilək.

Bu il iyunun 20-də Avropa Şura­sının Venesiya Komissiyası “Media haqqında” Azərbaycan Respublikası Qanununa dair rəyini öz rəsmi veb-saytında yerləşdirmişdi. Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən rəydə qeyd olunan məsələlərlə bağlı rəsmi mövqe yazılı şəkildə Venesiya Komissiyasına təqdim edilmiş və bu arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapmışdır. Venesiya Komissiyası­nın rəyində anlaşılmaz hissələr çoxdur.

Tutaq ki, Media Reyestrinə irad bildirirlər. Bu media reyestri dediyi­miz məsələ media qanunvericiliyində çox açıq şəkildə, demokratik bir ruhda təsbit olunub. Onsuz da indiyə qədər bütün KİV-lərin uçotu, qeydiyyatı apa­rılırdı. Yəni reyestr deyəndə burada söhbət hansısa çətin baryerlərdən, prosedurlardan getmir. İndiyə qədər də Azərbaycanda çap və onlayn me­dianın uçotu gedib. Televiziyalarda, radiolarda həmişə lisenziyalı olub, bu da dünyanın hər yerində belədir. Əvvəllər Azərbaycanda uçot ayrı-ayrı qurumlar tərəfindən keçirilirdi. Məsələn, çap medianın uçotu Ədliyyə Nazirli­yi tərəfindən, onlayn medianın uçotu Vergilər Nazirliyi tərəfindən, elektron medianın uçotu isə Milli Teleradio Şura­sı tərəfindən aparılırdı. İndi sadəcə, bu obyektlər birləşdirilib.

Reyestrə düşən jurnalistlər üçün müəyyən sosial güzəştlərin tətbiq olun­ması gözlənilir. Bu da imkan verəcək ki, xeyli sayda jurnalistimiz sosial güzəştlərdən istifadə edə bilsinlər. Artıq sosial media iştirakçıları ilə peşəkar mediada çalışan jurnalistlərimizin sərhədləri müəyyən olunacaq. Kəmiyyəti bilməyimiz üçün bir çevrə müəyyənləşəcək.

Media Reyesteri barədə media mütəxəssislərinin, ekspertlərin, jurnalistlərin mülahizələri, qənaətləri. Gözləntiləri nədən ibarətdir?

Əksər media qurumlarında və peşəkar jurnalistlər arasınad belə bir fikir formalaşıb ki, Media Reyest­rinin aktivləşdirilməsi, onlayn me­dia subyektlərindən gündəlik mini­mum 20 özəl xəbər istehsal etmək tələbi, saytların əlaqə bölməsində məlumatların şəffaflaşdırılması və bu kimi digər məqamlar medianın peşəkarlaşdırılmasına müsbət təsir göstərəcək.

“Yenisabah.az” saytının baş re­daktoru Seymur Verdizadə hesab edir ki, Media Reyestrinin fəaliyyətə başlaması nəticəsində kimin əsl jurnalist və kimin jurnalist adından istifadə edən dələduz olduğu ortaya çıxacaq:

– Media Reyestrinin yaradılması­nı müsbət hal kimi qiymətləndirirəm. Nəhayət, kimin əsl jurnalist və ki­min jurnalist adından istifadə edən dələduz olduğuna qərar veriləcək. Bu gün Azərbaycan mediasında jurnalist az olsa da, jurnalist olmaq istəyənlər çoxdur. Bu baxımdan, Media Reyest­rinin fəaliyyəti süzgəc rolunu oynaya­caq. Süzgəcdən keçənlər jurnalist kimi fəaliyyətlərini davam etdirə biləcəklər. Artıq ölkəmizdə yeni dönəm yaranıb. Mətbuat daha azaddır və ictimai rəyə təsir etməyi bacarır. Bu baxımdan, köhnə, pis vərdişlərdən imtina etmək və yeni dövrün tələblərinə uyğun davran­maq lazımdır. Fikrimcə, bundan sonra Azərbaycan mətbuatı daha peşəkar mövqedən çıxış etməyə başlayacaq.

Bakivaxti.az saytının baş redak­toru Qalib İbrahimoğlu bildirir ki, bəzilərinin düşündüyü kimi, Reyestrdə jurnalistlərin qeydiyyatı məcburi de­yil, hər kəs orada olub-olmamaqla bağlı qərarı özü verəcək. Yəni, Media Reyestrində həm media subyektləri, həm də könüllülük əsasında jurnalistlər qeydiyyata alına bilərlər. Media Reyest­ri media sahəsində sistemli yanaşma­nın tətbiqini məqsəd kimi qarşıya qoyur.

Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da me­dia subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya pro­sedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılma­sıdır.

Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

27 Sentyabr 2022 01:25 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə