Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu Vətən bir daha bölünməyəcək!

Azərbaycanın yerləşdiyi məkanın zənginliklərinə tarix boyu dünya gücləri böyük maraq göstərib, belə tamahkarlıq ölkəmizə yağmaçı münasibətlə nəticələnib. Azərbaycanın şimalını işğal etdikdən sonra çar Rusiyası xalqımızı daimi təzyiq və istismar altında saxlamaq planına uyğun olaraq, XIX əsr boyu tarixi torpaqlarımızda erməniləri kütləvi şəkildə yerləşdirməyə başladı.

Sonradan bütün Qafqaz bölgəsi üçün problemə çevrilən bu mayası haramdan yoğ­rulan xain toplum XX əsrin əvvəllərində dədə-baba torpaqlarımız hesabına özünə dövlət qurdu, bununla kifayətlənməyərək bölgənin minilliklər boyu sahibi olan Azərbaycana və Gürcüstana əlavə ərazi iddiaları irəli sürdü. Beləliklə, XX əsr bütövlükdə ermənilərin azərbaycanlılara qarşı soyqırımı və de­portasiya siyasəti ilə müşayiət olundu. Bir əsr boyunca yüzminlərlə soydaşımız Qərbi Azərbaycandan deportasiya edildi.

1918-ci ilin mart ayında Bakıda, Şamaxıda, Qubada, Lənkəranda on minlərlə azərbaycanlı qətlə yetirildi. Nəhayət, ötən əsrin 90-cı illərində erməni həyasızlığı pik həddə çataraq qədim Azərbaycan yurdu olan Qarabağa ərazi iddiaları qaldırdı. Bu bölgədə qanlı münaqişə başlayandan sürətlə artan faciələr, xüsusən, 1992-ci il fevralın 26-da Xocalıda baş verən amansız qətliam ermənilərin ünvanına lənət, insanlıq tarixinə ləkə kimi yazıldı.

Havadarlarının siyasi və maddi dəstəyi, Azərbaycanda baş verən xaotik proseslər və başıpozuqluq nəticəsində müstəqil dövlətimizin ərazisinin 20 faizi işğal olun­du. Dünya birliyi üçün utanc gətirən haldır ki, 30 il ərzində bütün beynəlxalq qanunla­rı ayaq altına ataraq torpaqlarımızı əsarət altında saxlayan Ermənistan hərbi-siyasi rejiminə qarşı heç bir sərt təpki göstərilmədi. Azərbaycan 30 il müddətində münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olsa da, bu mövqeyimiz və dinc qonşuluq təşəbbüsümüz layiqincə dəyərləndirilmədi. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusunun Lələtəpə və Cünnüt əməliyyatlarında düşmənə öz üs­tün gücünü göstərməsi də düşmənə və onun tərəfdarlarına dərs olmadı.

Nəhayət, 2020-ci il sentyabrın 27-də düşmən təxribatına cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müqəddəs Vətən savaşı başladı. Sentyab­rın 27-də başlanan müharibə 44 gün çəkdi və tarixə Zəfər savaşı kimi düşdü. Qısa müddətdə Azərbaycan Ordusu düşməni darmadağın etdi və dünyaya öz qüdrətini göstərdi. Zəfər savaşının zirvə nöqtəsi olan Şuşa əməliyyatı isə dünya hərb tarixində xüsusi yer tutan möhtəşəm bir savaş oldu. Şuşanın azadlıq müjdəsini verən Prezident həm də ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetir­miş oldu.

Əslində, Azərbaycanın ərazi bütövlüyü­nün bərpası kimi çətin və əzablı bir proses ulu öndər Heydər Əliyevin dövlətin məhv ol­maq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda hakimiyyətə gəldiyi gündən başladı. Ümum­milli liderin həm ordu quruculuğu, həm də diplomatik müstəvidə dünyaya Azərbaycan həqiqətlərini çatdırması estafetini Prezident İlham Əliyev uğurla davam etdirdi və zəfərlə başa çatdırdı. Azərbaycan torpaqları azad edildi. İşğalçı ordusu darmadağın edilən düşmən kapitulyasiya aktına imza atmağa məcbur oldu. 30 il ərzində icra edilməyən BMT qətnamələrini, beynəlxalq hüququn prinsiplərini Azərbaycan Ordusu 44 gün ərzində yerinə yetirdi.

Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan etdiyi “Biz torpaqlarımızı öz gücümüzlə azad edəcəyik” mesajını qətiyyətlə həyata keçirdi. Azərbaycan tarixinin şərəfli səhifəsi olan 44 günlük savaş Vətən uğrunda canın­dan keçməyə hazır olan qəhrəman oğullarımı­zın qeyrəti və rəşadəti ilə çağdaş tarixə qızıl hərflərlə yazıldı.

Azərbaycan xalqı bu zəfəri qanları-can­ları ilə qazanan şəhidlərimizin xatirəsini əziz tutur və qazilərimizin hünərini yüksək dəyərləndirir. Prezident İlham Əliyev öz siyasətində şəhid ailələrinə dövlət qayğısı göstərilməsini, qazilərimizin problemlərinin həll olunmasını hər zaman gerçəkləşdirir. Anım gününün birinci ildönümündə Ali Baş Komandanın başçılığı altında keçirilən yürüş şəhid qəhrəmanlarımıza verilən dəyərin bariz nümunəsi idi. Bu gün Azərbaycan 27 sent­yabrdan başlayan Zəfər savaşının qürurunu yaşayır. Nəhayət, xalqımız bu gün bütövləşən Vətənin övladı, vətəndaşı olmağının qüruru­nu, xoşbəxtliyini yaşayır. Bizə bu səadəti bəxş edən müzəffər Ali Baş Komandana, qalib Azərbaycan Ordusuna sevgimiz, şükranlığı­mız sonsuz və əbədidir.

Ölkəmizin düşmənləri bu gün məğlub du­rumda və məyus əhvaldadır. Onların rahat­lığını pozan qüdrətli Azərbaycan dövlətinin mövcudluğu və bütövləşdirdiyi Vətənin müzəffər lideri Prezident İlham Əliyevin var­lığıdır! Müstəqilliymizin təminatçısı Prezident İlham Əliyevin liderliyi ilə bu Vətən bir daha bölünməyəcək, bütün xalq buna əmindir!

Azərbaycan lideri ilə var olsun!

Rəşad MAHMUDOV,

Milli Məclisin deputatı

27 Sentyabr 2022 00:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə