Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Anım Günü: Şəhidlərə dərin hörmət və ehtiramın ifadəsi

Torpaqlarımız döyüş meydanında, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini layiqincə cəzalandırması nəticəsində azad oldu. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, məqsədyönlü, milli maraqlara əsaslanan və müasir çağırışlarla uzlaşan strateji kursun real məntiqi nəticəsi idi.

İkinci Qarabağ müharibəsinədək müdrik dövlət xadimi, xalqımızın ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident İl­ham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasət sayəsində Azərbaycanın milli gücü - iqtisadi poten­sialı, hərbi qüdrəti ildən-ilə artdı. Eyni zamanda, hücum xarakterli dərin stra­teji diplomatiyanın həyata keçirilməsi də respublikamızın müasir beynəlxalq münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq əlaqələrinin formalaşdı­rılmasını gerçəkləşdirdi. Təbii ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü­nün təmin olunmasında həlledici rol oynadı.

Otuz ilə yaxın bir zaman ərzində Ermənistanın davamlı xarakter alan hərbi-siyasi təxribatları, Vətən müharibəsindən az əvvəl isə işğalçının “yeni ərazilər uğrunda yeni müharibə” iddiasını səsləndirməsi, keçmiş təmas xətti boyunca silahlı qarşıdurma cəhdi göstərməsi, nəhayət, Azərbaycanın, necə deyərlər, səbir kasasını daşdırdı. Beləliklə, Azərbaycan 2020-ci il sent­yabrın 27-də qəsbkar Ermənistanın təcavüzkar silahlı qüvvələrinin növbəti təxribatının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatına başladı, öz ərazilərini işğaldan azad etmək üçün zəfər yürüşünə start verdi. Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində qətiyyətli mövqe sərgiləyərək və güclü siyasi iradə ifadə edərək “Biz haqq yolunda­yıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qara­bağ Azərbaycandır!”, – deyə bildirdi. Bununla da, Azərbaycan beynəlxalq hüquq normalarına, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, əks-hücum əməliyyatlarına başladı. Şanlı Ordumuz 44 gün ərzində dövlətimizin başçısının rəhbərliyi ilə erməni faşizminə sarsıdıcı zərbə en­dirdi, kənd və şəhərlərimizi, strateji yüksəklikləri düşməndən təmizlədi.

Yeri gəlmişkən, İkinci Qarabağ savaşında 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meyda­nında işğaldan azad edən Müzəffər Silahlı Qüvvələrimiz daha bir tarixi missiyanı şərəflə yerinə yetirdi: no­yabrın 8-də əzəli və əbədi Azərbaycan torpağını – qədim mədəniyyət pay­taxtımız Şuşa şəhərini qəhrəmanlıqla qəsbkardan geri aldı. Ali Baş Komandan Şuşanın işğaldan azad edilməsinin tari­xi əhəmiyyətindən danışarkən “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə ye­tirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın ol­sun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”, - deyə vurğu­ladı. Bu, xalqımızın zəfər yürüşünün məntiqi nəticəsi, Heydər Əliyev ideya­larının təntənəsi və çoxəsrlik dövlətçilik tariximizin zirvə hadisələrindən biri idi.

Ordumuzun döyüş meydanında əldə etdiyi möhtəşəm Zəfərdən sonra Ermənistanın kapitulyasiya aktı sa­yılan üçtərəfli Bəyanatı imzalaması Azərbaycanın qələbəsinin siyasi-hü­quqi təsdiqi idi. Azərbaycan, Rusi­ya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanata əsasən üzərinə bir sıra öhdəliklər götürən işğalçı dövlət Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respubli­kamıza təhvil verdi.

Beləliklə, Azərbaycan ərazi bütövlü­yünü hərbi-siyasi yolla təmin etməklə öz güc-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu tarixi qələbənin memarı olan Prezident İlham Əliyev Azərbaycanın möhtəşəm Zəfərini belə dəyərləndirdi: “Biz müzəffər xalq kimi danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək öz ərazi bütövlüyümüzü və milli ləyaqətimizi bərpa etdik”.

Azərbaycan dövləti və cəmiyyəti Vətən müharibəsindən sonra ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ru­huna böyük ehtiram, onların ailələrinə və qazilərimizə yüksək diqqət, qayğı göstərir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixində “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” Sərəncam imzala­ması isə bu baxımdan mühüm önəm daşıyır.

Hər il 27 sentyabr tarixinin res­publikamızda Anım Günü kimi keçirilməsi İkinci Qarabağ sava­şında qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda can­larını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Emin BAĞIROV,

mexanika üzrə fəlsəfə doktoru

27 Sentyabr 2022 00:37 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə