Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

STM Şuşada “Qətiyyətli cavab” əməliyyatı sorğusunun nəticələrini elan edib

Ermənistan silahlı qüvvələrinin cari il sentyabrın 12-14-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatlarına qarşı Ordumuzun əks-hücum əməliyyatı döyüş toqquşması ilə nəticələndi. Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin təxribatının, ölkəmizin ərazisinə və suverenliyinə qarşı hərbi təhlükələrinin qarşısı alındı.

Bir müddət əvvəl Azərbaycan Ordusunun “Qisas” əməliyyatının ardından ermənilərin törətdiyi növbəti genişmiqyaslı təxribatlarına cavab olaraq Ordumuzun humanitar prinsiplər, hərbi əxlaq, şərəf və ləyaqət prinsiplərinə söykənən qətiyyətli və cəmi 7 saat davam edən unikal cavab əməliyyatı nəticəsində bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürüldü.

Azərbaycan Ordusunun Ermənistanın təxribatlarına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı Laçın və Kəlbəcər istiqamətlərində Ermənistan xeyli sayda canlı qüvvə itkisi verib. Eyni zamanda, Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri məhv edilib.

Sosial Tədqiqatlar Mərkəzi (STM) Ermənistanın Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində hərbi təxribatlarına qarşı həyata keçirdiyi “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini nəzərə alaraq növbəti dəfə bu mövzuda ictimai rəy sorğusu keçirib.

STM-dən verilən məlumata görə, Şuşa şəhərində dəyirmi masa keçirilib və ictimai rəy sorğusunun nəticələri elan edilib.

Sorğu çərçivəsində Bakı, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qazax-Tovuz, Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala, Qarabağ, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonları əhatə edilib. Respondentlərin gender bərabərliyi qorunmaqla seçmə çərçivəsi əhali sayına proporsional müəyyən edilib. Keçirilən rəy sorğusunda ümumilikdə 385 respondent iştirak edib. Respondentlərin 50,7 faizi kişi, 49,3 faizi qadındır. Sorğu iştirakçılarının 39,7 faizi kənd, 18,7 faizi qəsəbə və 41,6 faizi şəhər ərazi vahidlərində yaşayır. Həmçinin onlardan 6,8 faizi 18-25, 19 faizi 26-35, 16,4 faizi 36-45, 20 faizi 46-55, 23,8 faizi 56-65, 14 faizi 66 və yuxarı yaş qrupuna aiddir. Təhsil səviyyəsi üzrə 49,8 faizi orta, 20,3 faizi texniki və ya peşə, 29,9 faizi ali təhsillidir.

Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95 faiz əminlik intervalında 5 faiz təşkil edir.

Sorğu 2022-ci il sentyabrın 15-dən 19-dək olan dövrdə keçirilib. Sorğunun aparılmasında telefonla müsahibə üsulundan istifadə olunub.

“Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi əhəmiyyəti

İctimai rəy sorğusu çərçivəsində respondentlərə “Azərbaycan-Ermənistan sərhədində sentyabrın 13-də hərbi əməliyyatın əhəmiyyətini nələrdə görürsünüz?” sualı ünvanlanıb, onlara metodoloji olaraq bir neçə cavab variantı seçmək imkanı verilib. Nəticələrə əsasən sorğuda iştirak edənlərin mühüm hissəsi - 44.4 faizi sentyabrın 13-dəki hərbi əməliyyatı Ermənistanın dövlət sərhədində hərbi təxribatlarına qarşı cavab olması baxımından əhəmiyyətli hesab edib. Təqribən hər üç respondentdən biri (30.9 faiz) Azərbaycanın Ermənistanı sülhə məcbur etdiyi qənaətini bölüşüb. Respondentlərin 25.7 faizi Azərbaycanın “Qətiyyətli cavab” əməliyyatı ilə Ermənistanla sərhəd boyu yüksəklikləri götürərək öz mövqeyini və nəzarətini gücləndirdiyini, 23.6 faizi Azərbaycanın Ermənistanı Zəngəzur dəhlizi barədə öhdəlikləri icra etməyə məcbur etdiyini bildirib.

Respondentlərin 15.8 faizi hərbi əməliyyatların Ermənistanla dövlət sərhədlərinin müəyyənləşdirilməsini sürətləndirdiyini ifadə edib, 12.5 faizi “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi mahiyyətini digər məqamlarla əlaqələndirib. Respondentlərin 7.3 faizi isə bu suala mövqeyini ifadə etməkdə çətinlik çəkib.

Sorğuda iştirak edənlərin böyük hissəsi Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğunu düşünür. Rəyi öyrənilənlərin az hissəsi isə bu barədə mövqe bildirməkdə çətinlik çəkib.

Hərbi əməliyyatların davam etməsi mövqeyini kənd ərazi vahidlərində yaşayanlar (76.5 faiz) digər yaşayış yerləri üzrə olan respondentlərlə müqayisədə (qəsəbə və şəhər üzrə müvafiq olaraq 63.9 faiz və 66.9 faiz) daha çox istəyib.

Sosial Tədqiqatlar Mərkəzinin “Qisas” əməliyyatı ilə bağlı 2022-ci ilin avqust ayında keçirdiyi ictimai rəy sorğusunun nəticələri ilə müqayisədə hərbi əməliyyatların davam etdirilməsini istəyən respondentlərin sayı artıb. 2022-ci ilin avqust ayında 80.5 faiz respondent hərbi əməliyyatların davam etdirilməsini istəyirdisə, “Qətiyyətli cavab” əməliyyatının hərbi-siyasi əhəmiyyəti ilə bağlı sorğuda analoji nəticələr sentyabr ayı üzrə 85 faiz təşkil edib.

Rəy sorğusunda respondentlərə hərbi əməliyyatların hansı hədəfə çatana kimi davam etdirilməsi ilə bağlı sual ünvanlanıb, onlara bir neçə cavab variantı seçmək imkanı verilib. Nəticələrin təhlilinə əsasən respondentlərin əsas hissəsi bildirib ki, hərbi əməliyyatlar ermənilərin yaşadığı Xankəndi və digər ərazilər üzərində nəzarət tam təmin olunana kimi davam etməlidir. Respondentlərin digər hissəsi hərbi əməliyyatların sülh müqaviləsi imzalanana kimi davam etməsi mövqeyini bölüşüb. Sorğuda iştirak edənlərin bir qisminin qənaətinə görə, hərbi əməliyyatlar Zəngəzur dəhlizi açılana kimi davam etməlidir. Hər beş respondentdən biri isə hərbi əməliyyatların sərhədlər birgə razılaşdırılana kimi və erməni təxribatlarının qarşısı alınana kimi davam etməli olduğunu bildirib.

Sülh müqaviləsinin imzalanmasına inam və birgəyaşayışa münasibət

Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin yarıdan çoxu yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inanır.

Bu sual üzrə əldə edilən nəticənin təhlili bizə onu deməyə əsas verir ki, respondentlərin müəyyən bir hissəsində iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına inamsızlığın səbəbi Ermənistanın davamlı təxribatları və üzərinə götürdüyü öhdəliklərə əməl etməməsidir.

Sorğu nəticələrinin təhlilinə əsasən, Azərbaycanın hərbi əməliyyatları bundan sonra da davam etdirməli olduğu qənaətini bölüşənlərin mühüm hissəsi (51.9 faizi), eyni zamanda, yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına bu və ya digər dərəcədə inanan respondentlərdir. Bu mövqe respondentlərin sülhə məcburetmə prosesində hərbi əməliyyatların rolunu istisna etmədiyini göstərir.

Ümumilikdə respondentlərin əhəmiyyətli bir hissəsi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsini dəstəkləyib.

Ümumiyyətlə, yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına inam və ermənilərin Qarabağda yaşaması barədə sorğu nəticələrinin təhlili bizə onu deməyə əsas verir ki, Ermənistanda revanşist siyasət yürüdən qüvvələrin Azərbaycanla dövlət sərhədinin müxtəlif istiqamətlərində davamlı təxribatları fonunda sülh prosesinə maraqlı olmamaları ictimai rəydə buna adekvat mövqelərə gətirib çıxarır.

26 Sentyabr 2022 21:45 -
25 Noyabr 2022 | 12:08
“STP” MMC tender keçirir

Köhnə versiyamızdan xəbərləri izlə