Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Səbinə Əliyeva Strasburqda Avropa Şurasının baş katibi ilə görüşüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Strasburq şəhərində rəsmi səfərdədir. O, səfər çərçivəsində Avropa Şurasının baş katibi Mariya Buriç ilə görüş keçirib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

S.Əliyeva bu il Azərbaycanda Ombudsman Aparatının 20 illiyinin qeyd olunduğunu xatırladaraq bu illər ərzində Avropa Şurası ilə əməkdaşlıqda həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına töhfə verdiyini qeyd edib. Ombudsman 30 ilə yaxın müddətdə Azərbaycanın Ermənistan tərəfindən məruz qaldığı təcavüz siyasəti, o cümlədən məcburi köçkünlərin pozulmuş hüquqları barədə danışıb. O həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 azərbaycanlının taleyinin bugünədək məlum olmaması faktına da toxunub.

Bundan başqa, M.Buriç Ermənistanın işğal dövründə minaladığı ərazilər, bu baxımdan məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün yaranan çətinliklər, mina partlayışlarının səbəb olduğu insan tələfatı barədə də məlumatlandırılıb. Azərbaycan Ombudsmanı görüşdə Ermənistanın törətdiyi son təxribatların çoxsaylı insan tələfatına səbəb olduğunu, bu kimi halların regionda ədalətli və dayanıqlı sülhə maneə yaratdığını da diqqətə çatdırıb. S.Əliyeva beynəlxalq təşkilatların bu məsələdə qəti mövqe göstərəcəyinə inandığını bildirib.

26 Sentyabr 2022 21:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə