Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İsrail mətbuatı Azərbaycan Prezidentinin Roş-Ha-Şana bayramı münasibətilə təbrikindən yazıb

İsrailin nüfuzlu “peacecom.org” xəbər saytında “Digər ölkələrlə müqayisədə Azərbaycan Roş-Ha-Şanaya necə yanaşır?” sərlövhəli məqalə dərc olunub.

Bu barədə "Xalq qəzeti"nə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham qələmə aldığı məqalədə Prezident İlham Əliyevin Azərbaycanın yəhudi icmasına yeni il bayramı - Roş-Ha-Şana münasibətilə təbrik ünvanladığını qeyd edərək, ölkə başçısına istinad edib: “Ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü Azərbaycanda məskunlaşan və buranı özünə doğma vətən bilən yəhudi icması yüz illərdir ki, sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlamış, tarixin heç bir dönəmində antisemitizm və ayrı-seçkiliklə üzləşməmişdir. Əsrlər boyu ölkəmizdə mövcud olan multikultural dəyərlərin, dözümlülük prinsiplərinin və mədəni özünüifadə müxtəlifliyinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin başlıca istiqamətlərindəndir”.

Məqalədə həmçinin qeyd olunub ki, Azərbaycan yəhudiləri hər il ölkə başçısının təbrikini alır və özlərini sözün əsl mənasında Azərbaycan cəmiyyətinin bir hissəsi kimi hiss edirlər. Azərbaycanlıların da sözügedən bayramda yəhudi həmvətənləri ilə birgə iştirakı genişqəlbli Azərbaycan xalqının yəhudi xalqına hörmət və sevgisinin təzahürüdür. Digər ölkələrin Roş-Ha-Şanaya hansı reaksiyanı verməsi məsələsinə toxunan müəllif ABŞ prezidentlərinin bir qayda olaraq yəhudilərin yeni ili ilə bağlı xüsusi şənliklər keçirmədiyini vurğulayaraq, sadəcə, bu il ilk dəfə olaraq Prezident Baydenin Roş-Ha-Şana şərəfinə ziyafət verdiyini qeyd edib. İsrailli politoloq eyni zamanda ABŞ Prezidentinin təbrikinin Azərbaycan Prezidentinin təbriki kimi isti olmadığını diqqətə çatdırıb. Qeyd olunub ki, Fransa Prezidenti, Böyük Britaniyanın və Kanadanın baş nazirləri kimi digər dünya liderləri Roş-Ha-Şana ilə bağlı tam susublar və bu hal Azərbaycanı dünya ölkələri arasında unikal ölkə edir.

26 Sentyabr 2022 16:44 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə