Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici siyasətimizin uğurları qürur doğurur

Bu gün Azərbaycan özünün uğurlu xarici siyasəti ilə dünyada nüfuz qazanmış bir ölkə kimi xarakterizə olu­nur. Beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətimiz, digər ölkələrlə ikitərəfli əməkdaşlığımız, əlaqələrimiz ən yüksək səviyyədədir. BMT-nin ixtisaslaşmış qurumları ilə münasibətlər də işgüzar təməl üzərində bərqərar olub.

Azərbaycanın BMT-yə 30 illik üzvlüyü ərzində bir sıra genişmiqyaslı təşəbbüslər irəli sürüb, mötəbər təşkilatın işinə böyük töhfələr verib, Qoşulmama Hərəkatında (QH) sədr qismində nümunəvi fəaliyyət sərgiləyir. BMT-nin ali rəhbər heyətinin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlər və müzakirələr bunun parlaq təzahürüdür. BMT Baş Assambleyasının xəttilə cari və zəruri məsələlər üzrə müzakirələrdə Azərbaycan daim fəal iştirakı ilə seçilir.

Xarici siyasət üzrə təmaslarda toxunulan əsas məsələlərdən biri də Cənubi Qafqaz regionunda qalib Azərbaycanın diktə etdiyi reallıqlar və onların həlli ilə bağlı­dır. Həssas bölgəmizdə mövcud olan cari vəziyyət, o cümlədən, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar dünya ictimaiyyətinə hərtərəfli şəkildə çatdırılır. Xüsu­si olaraq bəyan edilir ki, işğalçı Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən, sülh müqaviləsinin imzalanması, sərhədlərin delimi­tasiyası, əsas kommunikasiyala­rın açılışı və digər məsələlərdə Azərbaycan səylərini inamla davam etdirir.

Son bir ayda Azərbaycan Prezidenti İlham Əliyevin Brüs­sel görüşləri, İtaliyada “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dün­ya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bugünün və sabahın ssenari­si” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumun­da, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sessi­yasında çıxışları və görüşləri bir daha xarici siyasət xəttinə sadiqlik nümunəsi oldu. Xarici İşlər naziri Ceyhun Bayramovun Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci (UNGA 77) sessiyasının yüksək səviyyəli həftəsində iştirakı da göstərir ki, sülhün, əməkdaşlığın, əmin-amanlıq şəraitində yaşama­ğın alternativi yoxdur. Regional təhlükəsizlik sisteminin formalaş­masında yeni mərhələyə qədəm qoyan Cənubi Qafqazda bu pro­ses bölgənin fərqli mənzərəsinin formalaşmasına səbəb olur.

Sessiyanın gərgin həftəliyində ölkəmizin mövqelərini gərəkincə təmsil edən xarici diplomati­ya idarəsinin rəhbərinin bütün görüşlərdə xoş münasibətlə qarşı­lanması Azərbaycana olan hörmət və marağın sübutudur. Ceyhun Bayramovun həftə çərçivəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden tərəfindən təşkil edilən rəsmi qəbulda iştirakı, super-dövlətin rəhbərinin ehti­ramla onun qolundan tutaraq və xanımı ilə bərabər foto çəkdirməsi bu münasibətin fərəhli detalların­dandır.

“Azərbaycan və Ermənistan arasında qısa zamanda hərtərəfli sülh sazişi imzalamaq mümkün­dür”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiya­sında çıxışı zamanı deyib: “Biz Türkiyə olaraq, Azərbaycanla Ermənistan arasında gedən prosesləri dəstəkləmək üçün addımlar atmışıq. Son zamanlar baş verən gərginlik bu gözəl iqlimə kölgə salsa da, biz hesab edirik ki, ən qısa zamanda iki ölkə arasında hərtərəfli sülh sazişi imzalamaq mümkündür”, – deyə qardaş ölkənin lideri vurğulayıb.

Nyu-Yorkda Azərbaycan XİN rəhbərinin geniş məzmunlu nitqi, habelə xarici dövlətlərin rəsmiləri ilə keçirdiyi ikitərəfli görüşlər ölkəmizin xarici siyasət xəttinin təbliği baxımından böyük önəm daşıyır. Sessiya çərçivəsində Ceyhun Bayra­movun sədrliyi ilə Qoşulmama Hərəkatının nazirlər görüşü keçirilib. QH-yə üzv dövlətlərin 50-yə yaxın xarici işlər nazirləri, habelə nazir müavinləri və BMT yanında daimi nümayəndələri iştirak ediblər. Postpandemiya dövründə qlobal vəziyyət və QH-nin vəzifələri mövzusuna həsr edilmiş iclasda bəyanatla çıxış edən nazir, Azərbaycanın QH-yə sədrliyi çərçivəsində görülən işlər, təşəbbüslər və gələcək planlar barədə məlumat verib. Dünyanın böyük transformasiya­lar dönəmindən keçdiyi, pande­miya, silahlı münaqişələr, iqlim dəyişikliyi və bir çox çağırışlar kontekstində qlobal təhlükəsizlik və inkişaf arxitekturasında indiyə qədər görünməmiş çətinliklər yaşandığı vurğulanıb. Bu baxım­dan Azərbaycanın irəli sürdüyü təşəbbüslər xatırlanıb.

Nazir 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə apa­rılan yenidənqurma işləri və sülh quruculuğu təşəbbüsləri barədə iştirakçıları məlumatlandırılıb. Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistana sülh sazişi imzalanması təklifi irəli sürüldüyü qeyd edilib. Bütün bunlara baxma­yaraq, Ermənistan silahlı qüvvələri tərəfindən 12 sentyabr tarixində Azərbaycana qarşı törədilən növbəti təxribatların bölgədə sülh və quruculuq səylərinə mane olduğu bildirilib. Bununla yanaşı, mina təhdidinin ciddi çətinliklər yaratdığı qeyd edilərək, Ermənistanın ərazilərdə mina yerləşdirməkdə davam etməsi barədə faktlar təqdim olunub. Azərbaycanın sabitliyin pozulma­sında maraqlı olmadığı və sülhün təmin edilməsi üçün səyləri davam etdirəcəyi vurğulanıb. Nazirlər çıxış edərək ölkələrin mövqelərini diqqətə çatdırıb və iclasın Siyasi Bəyannaməsi qəbul edilib.

Ceyhun Bayramov Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə BMT Baş Assamble­yasının 77-ci sessiyasında bütün görüşlərdə haqq işimiz barədə dolğun məlumatları iştirakçılara çatdırıb, ölkəmizin dünyada və re­gionda möhkəm sülh naminə atdığı konkret əməli addımlara diqqəti cəlb edib. Öncə ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və mo­deratorluğu ilə Xarici İşlər nazirimiz ermənistanlı həmkarı Ararat Mirzo­yanla görüşüb və sülh prosesi ilə bağlı ölkəmizin qətiyyətli mövqeyini bir daha ortaya qoyub. O, liderlər arasında üçtərəfli bəyanatlara və Brüssel görüşünün nəticələrinə uyğun olaraq davamlı sülhün təmin edilməsi istiqamətində təxirəsalınmaz danışıqlara hazırlı­ğını bir daha diqqətə çatdırıb.

Sonra Ceyhun Bayramo­vun BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşü olub. Tərəflər Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və regionda son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Sessiyanın yüksək səviyyəli həftəsi çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat – GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında isə nazir C.Bayramov çıxış edərək ticarət, nəqliyyat və kommunikasiya, parlamentlərarası əməkdaşlıq istiqamətlərində GUAM çərçivəsində həyata keçirilən işlər və perspektivlər barədə fikirlərini bölüşüb, təşkilat çərçivəsində əməkdaşlığın vacib olduğunu bildirib. Üzv dövlətlər “Azad ticarət zonasının yaradılması haqqında sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haqqında Protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisadi İnkişaf naminəTəşkilat– GUAM Konvensiyası”nı imzalayıb­lar.

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç, Avstri­ya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq, ATƏT-in Baş katibi Helqa Şmit, BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti, Macarıs­tan nümayəndəsi Ksaba Korosi, Estoniyanın xarici işlər naziri Urmas Reinsalu, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto, Uqandanın vitse-prezidenti Cessi­ka Rouz Epel Alupo, Laosun xarici işlər naziri Saleumxay Kommasith və Nikaraquanın xarici işlər naziri Denis Ronaldo Monkada Colind­res, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha, bu təşkilatın Cammu və Kəşmir üzrə təmas qrupunun nazirləri, Slovakiya Respublika­sının xarici və Avropa işləri naziri Rastislav Kaçer, Monqolustanın, Suriyanın və Somalinin xarici işlər nazirləri, Beynəlxalq Böhran Qrupunun prezidenti və baş icraçı direktoru Komfort Ero, Amerika Yəhudi Komitəsi (AJC), Amerika yəhudi təşkilatlarının koalisiyası­nın rəhbərləri və nümayəndələri, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin xarici işlər nazirləri, Şimali Makedoniya Respublikası­nın Baş naziri Dimitar Kovaçevski, Polşa Respublikasının xarici işlər naziri Zbiqnev Rau, Əlcəzairin, Venesuelanın, Mərakeşin və İordaniyanın xarici işlər nazirləri, BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti Ksaba Korosi, Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, BMT-nin Sivilizasiyalar Alyansı­nın (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos, Belçika Krallığının Xarici işlər, Avropa məsələləri, xarici ticarət və fede­ral mədəniyyət institutları üzrə naziri Hadja Lahbiblə görüşləri Azərbaycanın mənafeləri baxımın­dan zəruri və əhəmiyyətli olub.

Onu da deyək ki, işğalçı Ermənistan tərəfindən BMT Baş Assambleyasında Azərbaycana qarşı haqsız ittihamedici çıxışlar da olub və lazımınca dəf edilib. Həqiqət budur ki, Ermənistan Konstitusiyasında bu ölkənin parlamentinin “Dağlıq Qarabağ”ın Ermənistana birləşdiriməsinə dair 1 dekabr 1989-cu il tarixli qərarına istinad edən bənd hələ də mövcuddur. Bu ölkə hələ də Qarabağı Azərbaycan ərazisi kimi tanımayıb. Ermənistan tərəfi özü də bu yaxınlara qədər etiraf edib ki, hələ də bu ölkənin Azərbaycan ərazisində, Qarabağ bölgəsində qoşunları yerləşir. Ermənistanda Azərbaycana məxsus mədəni irs yer üzərindən silinib, Qarabağda isə kütləvi şəkildə məhv edilib. Nəhayət, Azərbaycana qarşı təcavüz siyasətindən əl çəkməyən Ermənistan 1993-2020-ci illərdə Azərbaycan torpaqlarını işğal edib və bu fakt Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 2015-ci ildə bir daha təsdiqlənib. Bu ölkə hələ də Azərbaycanın Qazax rayonunun 7 kəndini nəzarət altında saxlayır. Beləliklə, məğlub Nikol Paşinyan və komandasının ittihamlarının tam əksinə olan mənzərəni müşahidə edirik.

Azərbaycanın ümdə məqsədi regiona davamlı sülh və sabitlik gətirməkdir. BMT-nin sözügedən yüksək səviyyəli həftəsindəki gəlişmələrdən də göründüyü kimi, biz bu yolda qətiyyətlə irəliləyirik.

Əli NƏCƏFXANLI,

“Xalq qəzeti”

25 Sentyabr 2022 01:45 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə