Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tarixi məram – ərazi bütövlüyümüz və bərpa-quruculuq...

 Biz tariximizi yadda saxlayacağıq, ancaq Ermənistan da daxil olmaqla heç bir ölkəyə qarşı ərazi iddiamız yoxdur.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyət göstərdiyi müddətdə, hər zaman ölkəmizin mövqeyini qətiyyətlə bəyan etmişdir: “Bizim əsas məqsədimiz Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaqdır”, “Biz ərazi bütövlüyümüzü bərpa etmək üçün beynəlxalq hüququn imkan verdiyi bütün həll variantlarından istifadə edəcəyik”. “Azərbaycanın heç bir ölkəyə qarşı ərazi iddiaları olmayıb, yoxdur və olmayacaq.”

 

 

 Bu, böyük bir xalqın şəksiz liderinin iradə və prinsipiallığının göstəricisidir. İllər boyu dedi, səbr etdi və nəhayət, 2020-ci ilin payızında ölkənin ərazi bütövlüyünün bərpasına nail olmaqla xalqı öz arzusuna çatdırdı.

Həm biz, həm də dünya ictimaiyyəti həmin ifadələri Azərbaycan Prezidentindən dəfələrlə eşitmişdik. Biz hər dəfə o qətiyyətli fikirləri eşidəndə sabaha inamımız qat-qat artırdı. Beynəlxalq aləmdəki ayıq başla düşünən adamlar da həmin xəbərdarlıqlardan hansısa nəticələri çıxarırdılar. Çox təəssüf ki, Ermənistan rəhbərliyi həmin tezislərdən heç bir nəticə çıxarmadı və onlar Azərbaycan Ordusundan dərs almalı oldular.

2020-ci ilin payızından sonra isə Prezident İlham Əliyevin ən çox işlətdiyi ifadələr belədir: “Biz işğaldan azad edilmiş bütün ərazilərimizi ən yüksək səviyyədə bərpa edəcəyik”, “Azərbaycan dünyaya sübut edəcək ki, biz qurub-yaradan, inkişafı, tərəqqini sevən xalqıq”, “Biz Qarabağı və Şərqi Zəngəzuru regionun əsas turizm mərkəzlərindən birinə çevirəcəyk”.

Bu, cəmi otuz ildən bir az çox yaşı olan müstəqil dövlətin Prezidentinin qətiyyətidir. Artıq həm ölkəmizdə, həm də beynəlxalq aləmdə hamı bilir ki, Prezident İlham Əliyev nəyi edəcəyini söyləyirsə, onu mütləq edir. Ona görə də işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirak etmək istəyən xarici tərəfdaşlarımızın sayı gündən-günə artır.

 

Dövlət başçımızın yaxın tariximizdə söylədiyi bəzi fikirlərə diqqət yetirək. Cənab Prezident 2020-ci il iyun ayının 26-da – Silahlı Qüvvələr günü münasibətilə keçirilən tədbirdə demişdi: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcəkdir. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı, inkişafı belədir ki, Azərbaycan ilə rəqabət aparmaq Ermənistan üçün mümkün olmayacaqdır. Onların əsas ümidi xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına və bəzi başqa ölkələrin dairələrinədir. Bizim isə ümidimiz öz gücümüzdür–Azərbaycan xalqıdır, haqq və ədalətdir, beynəlxalq hüquqdur və artan gücümüzdür. Əminəm ki, Azərbaycan ədaləti bərpa edəcək və öz ərazi bütövlüyünü təmin edəcəkdir.”

Dövlət başçımız bu fikirləri İkinci Qarabağ müharibəsindən üç ay qabaq demişdi. Müharibənin başa çatmasından bir ay sonra – dekabrın 10-da, Azadlıq meydanında keçirilən Zəfər Paradında isə cənab Prezident artıq başqa məqamlardan söz açmışdır: “Bu ilin sentyabr ayında, müharibəyə 3 gün qalmış mən BMT Baş Assambleyasının kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır. Belə də oldu və bu il bizə qarşı 3 dəfə hərbi təxribat törədildi. İyul ayında Ermənistan – Azərbaycan dövlət sərhədində hərbi təxribat törədildi və Ermənistan bizim torpaqlarımızı işğal etmək istədi. Amma biz layiqli cavab verərək onları yerinə oturtduq. Avqust ayında Azərbaycana diversiya qrupu göndərildi. O diversiya qrupu da zərərsizləşdirildi. Nəhayət, sentyabrın 27-də bizim kəndlərimiz, hərbi mövqelərimiz artilleriya atəşinə məruz qalmışdır, mülki şəxslər, hərbçilər arasında itkilər olmuşdur. Biz dedik yetər artıq, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Mən Ali Baş Komandan kimi əmr verdim ki, Azərbaycan əsgəri, irəli, torpağımızı azad etməliyik, işğala son qoymalıyıq, işğalçını cəzalandırmalıyıq və belə də oldu. Azərbaycan 44 gün ərzində istədiyinə nail oldu, ədaləti bərpa etdi”.

Həm Azərbaycan Prezidenti, həm də qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla bütün rəsmiləri dünya ictimaiyyətini inandırdılar ki, həmin 44 gündə Azərbaycanın mövqeyi beynəlxalq hüquq normalarına əsaslanırdı. Bu mövqe BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, BMT Baş Məclisinin qətnaməsi, ATƏT, Avropa Şurası, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatların qərarları və qətnamələri əsasında formalaşmışdır. Yəni həmin münaqişə beynəlxalq hüququn prisipləri əsasında həll edilə bilərdi və edildi.

Yəni Azərbaycan öz prinsipial mövqeyindən bir addım da geriyə çəkilmədi və bütün imkanları səfərbər edib məsələnin tez bir zamanda və beynəlxalq hüquq normaları əsasında həll olunmasına nail oldu. Bununla bərabər, ötən müddət ərzində biz bütün sahələrdə– diplomatik, siyasi, iqtisadi, təbliğat, hərbi sahələrdə səylərimizi daha da gücləndirmişdik.

İndi isə başqa bir məqama diqqət yönəldək. Dövlət başçımız 2017-ci il mayın 27-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində sakinlərlə görüşərkən demişdir: “Bu ilin yanvar ayında müvafiq sərəncam imzalandı, Prezidentin ehtiyat fondundan vəsait ayrıldı. Martın 22-dən başlayan tikinti işləri mayın 20-də başa çatdırılmışdır – cəmi iki aya. Yəni bütün bu tikinti işləri sizin gözünüzün qabağında olub və bu, doğrudan da tarixi hadisədir. Cəmi 2 ay ərzində kəndin bir hissəsi bərpa edildi, birinci mərhələdə 50 ev, məktəb, tarixi Şuşa məscidinin bənzəri olan məscid tikilib, Horadizdən Cocuq Mərcanlıya yol çəkilib. Növbəti mərhələdə təqribən 100 əlavə ev, – bəlkə ondan da çox – tibb məntəqəsi tikiləcək və iş yerlərinin yaradılması ilə bağlı əlavə tədbirlər görüləcəkdir. Bax, Cocuq Mərcanlı kəndinin tarixi bundan ibarətdir, bu, doğrudan da şanlı tarixdir. İşğaldan əziyyət çəkən kənd bərpa olunubdur”.

Diqqət yetirin, o zaman – beş il əvvəl biz Horadizdən Cocuq Mərcanlıya yol çəkilməsinin fəxarətini yaşayırdıq. İndi Füzulidən Şuşaya qədər uzanan, ən müasir səviyyədə çəkilmiş “Zəfər yolu”ndan danışırıq. Beş il əvvəl Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarını yaratdığımıza görə sevinirdik. İndi isə Şuşada, ümumiyyətlə, bütün Qarabağdakı tarixi, mədəni, dini abidələrimizin və ibadət yerlərimizin hamısını bərpa edirik.

Dövlət başçımız ötən il avqustun 30-da – Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimindəki nitqində demişdir: “ Dünən Şuşanın dirçəlişinin növbəti mərhələsi idi... Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onu da mənfur düşmən dağıtmışdı. Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verildi. Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var. O da bərpa edildi və hesab edirəm ki, bu tədbirlərin içində ən önəmlisi yeni yaşayış kompleksinin təməl daşının qoyulmasıdır”.

Bütün bunlarla fəxr edirik. Ən böyük fəxr etməli məqam isə dövlət başçımızın da dediyi kimi, ermənilərin Şuşada yaratdığı “şeytan yuvası”nın darmadağın edilməsidir.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

25 Sentyabr 2022 01:18 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə