Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azerspace – 2”-nin orbitə buraxılmasından dörd il ötür

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki olan “Azerspace-2”-nin orbitə buraxılmasından dörd il ötür. 2018-ci il sentyabrın 25-də Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə bu­raxılmış peyk ABŞ-ın “Space Systems Loral” (SSL) şirkəti tərəfindən inşa olunub. Birləşmiş Ştatların “Orbital Sciences Corporation” şirkəti tərəfindən inşa olun­muş “Azerspace-1” peyki isə orbitə 2013-cü il 8 fevral tarixində çıxarılıb. 2014-cü ilin dekabr ayında Fransanın “Airbus DS” şirkəti və “Azərkosmos” arasında im­zalanmış strateji əməkdaşlıq çərçivəsində Azərbaycanın sayca ikinci, təyinatına görə Yer səthinin məsafədən müşahidəsi peyki olan “Azersky” “Azərkosmos” tərəfindən təhvil alınıb. Bununla da “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başlayıb.

Ümumiyyətlə, Azərbaycanda 1975-ci ildən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Aerokosmik Agentlik fəaliyyət göstərir. Hələ keçmiş Sovet İttifaqı dövründə və müstəqillik illərində bu qurum uzun illər həm fundamental elmi tədqiqatlarla, həm də kosmik aparatlar üçün cihazların hazırlanması ilə məşğul olub. Belə ki, “Mir” orbital stansiyasında və digər peyklərdə azərbaycanlı alim və mütəxəssislər tərəfindən yaradılmış bir neçə qurğu quraşdırılıb, namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub, elmi məqalələr, monoqrafiyalar nəşr edilib. 2008-ci ildə isə Azərbaycan kosmik sənayesi inkişafında yeni mərhələyə qədəm qoyub. Belə ki, həmin il Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev “Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması” ilə bağlı tapşırıq vermişdi. Layihəni reallaşdırmaq məqsədilə Beynəlxalq Telekommunikasiya Birliyinə orbital mövqe ayırma prosesi üçün müraciət olunmuşdu. Eyni zamanda, 2009-cu ilin avqust ayında Prezident İlham Əliyev Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında Sərəncam imzalamışdı.

Ümumiyyətlə, Azərbaycanda müasir kosmik sənayenin inkişafı Prezident İlham Əliyevin 3 may 2010-cu il tarixli sərəncamına əsasən, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması ilə keyfiyyətcə yeni mərhələyə keçib. Ötən dövrdə ASC respublikamızda kosmik sənayeyə aid milli məhsul istehsalını uğurla təmin edib və fəaliyyət sferasını genişləndirib. Dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında”, “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında müvafiq sərəncamlar Azərbaycanın dünya kosmik ailəsinə inamlı inteqrasiyasını təmin edib. Bu sərəncamların imzalanmasından ötən qısa müddətdən sonra Azərbaycan orbitə öz peyklərini çıxarmağa başlayıb. Xatırladaq ki, ilk peykimizin orbitə çıxarılmasından sonra Prezident İlham Əliyev xalqa təbrikində bildirmişdi ki, müstəqil dövlətimiz sürətlə, hərtərəfli inkişaf edir və Azərbaycan artıq kosmik klubun üzvüdür. Kosmosa üç yerli peyki çıxaran Azərbaycan böyük kosmik güclərlə birlikdə altı ildir ki, kosmik klubun üzvü olub və müasir kosmik tədqiqatlara öz töhfəsini verir.

Bu gün “Azersky” peyki sayəsində dünyanın istənilən nöqtəsinin yüksək ayırdetməli peyk təsvirlərinə birbaşa, qeyd-şərtsiz çıxış imkanı vardır. Ötən dövr ərzində “Azersky” peykinin xidmətlərindən müdafiə və təhlükəsizlik, kənd təsərrüfatı, ekologiya və ətraf mühit, xəritəçəkmə, infrastrukturun planlaşdırılması və monitorinqi, kadastr məlumatlarının yenilənməsi, dənizdə və quruda neft çirklənmələrinin tədqiqi və digər sahələrdə istifadə edilir. Xatırladaq ki, hazırda orbitdə olan iki telekommunikasiya (Azerspace-1 və Azerspace-2) və bir yer səthinin məsafədən müşahidə (Azersky) peyki fəaliyyət göstərir. “Azerspace-1” peykinin imkanlarının 20 faizi Azərbaycanın tələbatını ödəmək üçün, qalan 80 faizi isə kommersiya məqsədilə istifadə edilir. BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul olunub, Azərbaycan kosmik fəzanın sülh məqsədlərilə istifadəsi üzrə öhdəliklər götürüb. Xüsusilə qeyd etmək yerinə düşər ki, Azərbaycanın kosmik proq­ramı sistemli və mərhələli şəkildə inkişaf edir və milli maraqlara hesablanıb. Azərbaycanın peyk layihələri daxili tələbatı ödəməklə yanaşı, həm də kommersiya məqsədi daşıyır, yəni ölkəyə xarici valyuta gətirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, 2021-ci ildə “Azərkosmos”un peyklərin kommersiya istis­marından əldə etdiyi gəlir 45,3 milyon dollar təşkil edib və bu da 2020-ci illə müqayisədə 0,4 faiz çoxdur. 2022-ci ilin yanvar-iyul aylarında isə “Azərkosmos”un peyklərin kommersiya istismarından əldə etdiyi gəlir 15,1 milyon dollar təşkil edib. Eyni zamanda, şirkətin ümumi gəlirinin 87 faizi telekommuni­kasiya və optik peyk xidmətlərinin ixracından əldə olunub. İyulda “Azərkosmos” 2,1 milyon ABŞ dolları məbləğində bu xidmətləri 30 ölkəyə ixrac edib.

Peyklər təkcə televiziya proqramlarının yayımı üçün deyil, təbii ki, bu, lazımdır və vacibdir. Peyk proqramı ölkənin informasiya təhlükəsizliyini təmin etməyə imkan verir və müdafiə və təhlükəsizlik məqsədlərinə xidmət edir. Təkcə onu qeyd etmək kifayətdir ki, “Azersky” optik peykinin köməyi ilə Azərbaycan, torpaqlarımız işğal altında olan zaman həmin ərazilərdə vəziyyətin yüksək keyfiyyətli müşahidələrini aparmışdı. Eyni zamanda, kosmik proqramın yaratdığı imkanlar 44 günlük müharibə zamanı da kömək etmişdi. Ona görə də tam dəqiqliklə demək olar ki, ölkənin kosmik proqramı Azərbaycanın müdafiəsi və təhlükəsizliyinin keşiyində dayanır və Azərbaycan xalqının mənafeyinə xidmət edir. Təsadüfi deyil ki, Azərbaycanda peyklərin olması həmişə Ermənistanı çox narahat edib və onlar həmişə “casus peykləri” adlandırılıblar.

Bu gün postmüharibə şəraitində milli peyk proqramı ölkə iqtisadiyyatının inki­şafına daha çox diqqət yetirir. Xüsusilə də işğaldan azad edilmiş ərazilərin bərpasında peyklərin müstəsna rolu var. Belə ki, ço­xillik bitkilərin əkilməsinin peyk şəkilləri əsasında təşkil edilməsi üçün işğaldan azad olunmuş ərazilərdə faktiki əkin sahələrinin xəritələri tərtib edilib. Hazırda bu torpaqlarda məhsuldarlığın, o cümlədən, çoxillik bitkilərin əkinlərinə aqrotexniki qulluq tədbirlərinin həyata keçirilməsi üçün ilkin işlərə başlanılıb. Bundan başqa, kosmik sənayenin inkişafı məqsədilə “CanSat Azerbaijan”, “Rocketry Azerbaijan”, “NewSpace Business Accele­rator Program”, “NASA Space Apps Hackat­hon” və digər layihələrin icrası davam edir. Məsələn, sentyabrın 22-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərkosmos” ilə “Voyager Space” şirkəti arasında kosmik təşəbbüslərə dair anlaşma memorandumu imzalanıb. İmzalan­ma mərasimi Parisdə keçirilən Beynəlxalq Astronavtika Konqresinin 73-cü həftəsi çərçivəsində baş tutub. Sənəd “Azərkosmos” və “Voyacer Space” arasında kosmik inf­rastruktur, elmi mərkəzlərin tikintisi, tədqiqat proqramları, texnologiyaların inkişafı və inno­vasiyalar sahəsində əməkdaşlıq imkanlarını genişləndirəcək. Eyni zamanda, memoran­dum Azərbaycanda yerli kosmik ekosistemin inkişafı və kommersiya və təhsil imkanlarının ölkədə kosmos sənayesində cəmləşdirilməsi məqsədilə təcrübə və bilik mübadiləsini nəzərdə tutur.

Bir sözlə, Qafqaz, Avropa və Yaxın Şərqlə yanaşı, Azərbaycan peyklərinin əhatə dairəsinə peyk xidmətlərinin ixracı sahəsində xüsusi əhəmiyyət kəsb edən inkişaf etməkdə olan Asiya və Afrika regionları da daxildir. Bu gün “Azərkosmos” ASC 200-dən çox radio və televiziya kanalını dünyanın üçdə birinə yayımlayır, dünyanın istənilən nöqtəsində etibarlı məlumat ötürülməsini və yüksək keyfiyyətli peyk təsvirlərini təqdim edir. Bundan başqa, kosmik peyklər sənayesi qeyri-neft sektorunun hərtərəfli bərpası və inkişafı, biznes mühitinin yaxşılaşdırılması, ölkəmizin intellektual potensialının artırılması üçün də böyük əhəmiyyət kəsb edir. Peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur. Gənc azərbaycanlı mütəxəssislər kosmik sənayenin inkişafında fəal iştirak edirlər.

Səbuhi MƏMMƏDOV,

“Xalq qəzeti”

25 Sentyabr 2022 01:06 - TEXNİKA
TEXNİKA
7 Oktyabr 2022 | 05:41
“WiFi” 7 nədir?

Köhnə versiyamızdan xəbərləri izlə