Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan sərhədlərin delimitasiya və demarkasiyasını yubatmaqdan çəkinməlidir

Azərbaycan İkinci Qarabağ müharibəsini şanlı qələbə ilə başa vuraraq, bölgədə yeni reallıq yaratdı, düşməni ağır məğlubiyyətə uğradaraq, tarixi torpaqlarımızdan qovdu. Azərbaycan lideri İlham Əliyev şanlı qələbədən sonra qətiyyətlə bəyan etdi ki, bundan sonra hər kəs bu reallıqla barışacaq. Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmiş oldu. Nəhayət ki, Azərbaycan əsgərinin silahı öz sözünü dedi və problem həllini tapdı. Bununla da Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi. Ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 30 illik işğala son qoyuldu.

Prezident İlham Əliyev demişdir: “Ümid edirəm ki, biz bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatını təşkil etdik. Hər halda biz bu yeni əməkdaşlıq forma­tının yaradılması üçün lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın 10-da imzalanmış bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradıla­caqdır”.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat təkcə regiondakı 30 illik müharibəyə son qoymadı, həm də region ölkələri üçün real əməkdaşlıq imkanları yaratdı. Bəyanatda Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tu­tan müddəalar da yer aldı. Sənədin 6-cı bəndində deyilir: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunma­yacaq Laçın dəhlizi (5 km enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağ­lıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”.

Buradaca qeyd edək ki, regionda sülhün və əməkdaşlığın təmin olunma­sında ən çox maraqlı olan Azərbaycan çox keçmədən özünün bu bənddə nəzərdə tutulan öhdəliklərini tamamilə yerinə yetirdi. Bu yaxınlaradək köhnə Laçın dəhlizi fəaliyyətdə idi və Ermənistanla Qarabağda yaşa­yan ermənilər arasında əlaqə yüksək səviyyədə təmin olunurdu. Ərazidə Rusiya sülhməramlıları da fəaliyyətini davam etdirirdi. İndi isə Azərbaycan La­çın dəhlizi üçün yeni yol inşa edib və bu yol artıq Laçın şəhərinin içindən keçmir. Azərbaycan bununla bağlı öhdəliyini də yüksək səviyyədə icra etmiş oldu. Hətta Qarabağ ermənilərinin xahişi ilə əlavə 4 kilometrlik yolun inşasını da Azərbaycan öz üzərinə götürdü.

Amma bu yeni yolun Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı hələ heç bir addım atılmayıb. Yəni Ermənistan hökuməti öz ölkəsi üçün faydalı olan bir məsələdə də üzərinə düşən öhdəliyi yerinə yetirmir. Son məlumatlara görə, yeni Laçın dəhlizinin Ermənistan hissəsi hələ yenicə layihələndirilir.

Üçtərəfli Bəyanatın 9-cu maddəsi də bu günədək Ermənistan tərəfindən yerinə yetirilməyib. Rəsmi İrəvan ən müxtəlif bəhanələrlə bu öhdəliyini yerinə yetirməkdən yayınır. Xatırladaq ki, 9-cu bənddə deyilir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respub­likası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Fe­deral Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir”.

Üçtərəfli Bəyanatın 9-cu bəndi Zəngəzur dəhlizinin bərpasını nəzərdə tutur. Amma aradan iki ilə yaxın vaxt keçsə də, Ermənistan öhdəliyinə əməl etmir. Ümumiyyətlə, qeyd etməliyik ki, üçtərəfli Bəyanatın təkcə bu bəndi deyil, digər bəndləri də Ermənistan tərəfindən qularardına vurulur. Bu isə ən müxtəlif səviyyələrdə müzakirələrə səbəb olur. Regionda nəqliyyat–kommunikasiya əlaqələrinin bərpası məsələsi 2021-ci il yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli görüşdə də ayrıca müzakirə mövzusu olub. Bu işlərin görülməsi üçün artıq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup yaradılıb. İndiyədək aparılmış müzakirələr nəticəsində dəmir və avtomobil yollarının bərpası qərara alınıb. Amma nəticə yoxdur.

Ermənistanla sülh yaradılması, üçrərəfli Bəyanatın maddələrinin yerinə yetirilməsi Avropa İttifaqının da mara­ğındadır və onun təşəbbüsü ilə bu­nunla bağlı Azərbaycan və Ermənistan liderləri arasında artıq üç görüş keçirilib. Bu ilin mayında Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş na­ziri arasında keçirilmiş görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olunması, iki ölkə arasında münasibətlərin normallaşdırıl­ması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub, Zəngəzur dəhlizinin açılması, o cümlədən, həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılığa gəlinib. Hətta bu məsələlərlə bağlı hər iki ölkədə yaradılmış komissiyaların ilk görüşü də baş tutub. Amma nə Zəngəzur dəhlizi məsələsi yerindən tərpənir, nə də delimitasiya və demar­kasiya məsələsi. Ermənistan hələ də bu iki vacib məsələnin həlli müddətini uzatmaqla məşğuldur.

Bu azmış kimi, Ermənistan hökuməti səviyyəsində Azərbaycana qarşı yeni təxribatlar törədildi. Sentyab­rın 12–13-də bu təxribatlar nəticəsində hər iki tərəfdən ciddi itkilər oldu. Amma Azərbaycan Ordusu yenə Ermənistanın silahlı qüvvələrinə çox ağır bir dərs verdi.

Prezident İlham Əliyev bu günlərdə Laçında olarkən bu barədə bəyan etdi: “Biz müharibədən dərhal sonra onla­ra sülh təklif etdik. Bu da dünya hərb tarixində bəlkə də nadir hallardan biridir ki, 30 il ərzində torpağımız işğal altında olsun, insanlarımız əzab-əziyyət içində yaşasın, tarixi-dini abidələrimiz dağıdıl­sın, şəhərlərimiz dağıdılsın, milyondan çox mina döşənsin, buna baxmayaraq, biz sülh təklif etdik. Ancaq yenə də görürük ki, Ermənistan sülh istəmir, yenə də revanşist fikirlərlə yaşayır. Biz təklif etdik ki, delimitasiya prosesinə start verək. Bunu təxminən bir ildən çox müddət ərzində uzatdı. İndi isə bu proses başlasa da, sırf formal xarakter daşıyır, mahiyyət üzrə heç bir danı­şıqlar aparılmır, xəritələr üzrə heç bir müzakirə aparılmır. Biz bütün xəritələri hazırlamışıq. Həm XX əsrin xəritələrini, həm əvvəlki dövrün xəritələrini və deli­mitasiya işləri bu xəritələr üzrə aparıl­malıdır”.

Azərbaycan lideri qeyd edib ki, Ermənistanla sülh müqaviləsini im­zalamaq üçün 5 prinsip təklif etmişik. Sözdə onları qəbul ediblər, amma əməldə nəticə yoxdur. Ermənistan yenə də vaxtı uzatmağa çalışır. Üstəlik, son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilib. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənib və bu minalar 2021-ci ildə basdırılıb, yəni müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni bizə qarşı müharibə davam edir, bizim insanları­mız həlak olur.

Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan–Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının– Azərbaycan–Ermənistan komissiyaları­nın işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparıl­madan bizi heç kim ittiham edə bilməz”.

Təbiidir ki, Ermənistan delimitasiya məsələsini uzatmaq niyyəti ilə bizə qarşı təxribatları davam etdirəcəksə, yenə də layiqli cavabını alacaq. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyü­müzü qoruyuruq. Amma Ermənistan münaqişə dövründə problemin sülh yolu ilə həllindən imtina etməklə ordusunu və munlərlə canlı qüvvəsini güdaza verdiyi kimi, postmünaqişə dövründə də bütün bu faydalı təkliflərdən yarar­lanmağa can atmır. Bu istiqamətdə daha çox Azərbaycan, Rusiya və eyni zamanda, Avropa İttifaqı səylər göstərir. Hər halda inanırıq ki, Ermənistan da, nəhayət, eyforiyadan qurtarıb ağla gələcək və öz öhdəliklərinə, o cümlədən, sərhədlərin delimitasiya və demarkasiyasına əməl etməyə başla­yacaq.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

25 Sentyabr 2022 00:57 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə