Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Jurnalistlərinin VIII Qurultayı: işgüzar müzakirələr, önəmli qərarlar

Azərbaycan Jurnalistlərinin Beynəlxalq Muğam Mərkəzində keçirilən VIII Qurultayı ölkə jurnalistlərinin içtimai-siyasi həyatında önəmli hadisə kimi yadda qalacaq. Ötən tarixə nəzər saldıqda görürük ki, ölkə mediasının çağdaş dünyanın çağırışlarına operativ cavab verilməsi, aparılan islahatların hədəf və mahiyyətinin geniş diskussiya mövzusuna çevrilməsi, söz azadlığının təminatı xüsusi önəm daşımışdır.

Azərbaycan dövlətinin mətbuata verdiyi önəm davamlı olaraq onun fəaliyyətində öz səmərəsini göstərmiş və bu dəstək günümüzdə də zəruridir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə mətbuatın üzərindən senzuranın götürülməsi müstəqil mediamızın inkişafında olduqca dəyərli bir hadisə oldu və jurnalistikada yeni bir mərhələnin əsası qo­yuldu. Dövlətin bu sahədə apardığı işlərin və həyata keçirdiyi tədbirlərin sayı o qədər çox və səmərəsi o qədər təsirlidir ki, bu barədə günlərlə danışmaq olar.

Eyni zamanda, o da deyilməlidir ki, bu tədbirlər Azərbaycan jurnalistikanın həyatında müxtəlif vaxtlarda oduğu kimi, bu gün də davam etdirilməkdədir. Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli “Azərbaycan Res­publikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərmanı milli jurna­listikamızın həm dünyaya inteqrasiyasında, həm də çağdaş inkişafında yeni yüksək mərhələ oldu.

Hesab edirəm ki, qurultayda digər diqqətçəkən məsələ bütün cəmiyyətin əhvalındakı, eləcə də mediamızın çıxışlarındakı qələbə təntənəsi oldu. Mən əvvəlki qurultayla­rın da nümayəndəsi olmuşam, amma bu dəfə hiss etdim ki, qalib ölkənin təkcə vətəndaşı olmaq yox, həm də jurnalisti olmaq da, fəxarət doğurur. Qurultay iştirakçılarından hər birinin də fəxrlə qeyd etdiyi kimi, indi Azərbaycan jurna­listikası zəfər jurnalistikası olaraq özünü təsdiq etmişdir.

Artıq 44 günlük Zəfər tarixinin beynəlxalq içtimaiyyətə çatdırılması, şəhidlərimizin və qazilərimizin cəbhədə yazdıqları qəhrəmanlıq tariximizin jurnalistikanın da önəmli mövzusuna çevrilməsi günümüzün reallığı olmuşdur. Az qala, bütün çıxış və təkliflərin fövqündə daya­nan bu məsələ jurnalistlərin VIII qurultayının da önəmli mövzusu oldu.

Qurultayda Azərbaycan Mətbuat Şurası­nın rəhbər və icra strukturlarının hesabatları dinlənildi və yeni tərkibin formalaşdırılması üçün ətraflı müzakirələr aparıldı. Əvvəlcə Azərbaycan Mətbuat Şurasının nizamnaməsinə təklif olunan dəyişikliklər səsverməyə çıxa­rıldı. Azərbaycan Jurnalistlərinin Peşə Dav­ranışı Qaydalarının adının yeni versiyada – Azərbaycan Jurnalistlərinin Etik Davranış Ko­deksi adlandırılması barədə dəyişiklik qurultay iştirakçılarının müzakirəsinə təqdim olundu.

Daha sonra Azərbaycan Jurnalistlərinin VIII Qurultayının qətnaməsi qəbul olundu. Maraqlı­dır ki, qətnamədə jurnalist adından sui-istifadə hallarının nəzarətdə saxlanılması, regional medianın inkişaf etdirilməsi ilə bağlı layihənin hazırlanması və müvafiq qurumlara təqdim olunması kimi məsələlərin yer alması olduqca təqdirəlayiq hadisədir.

Mətbuat Şurasının sədri Əflatun Ama­şovun hesabatında vurğulandı ki, demok­ratik dəyərlərin formalaşdığı Azərbaycan cəmiyyətində medianın inkişafına xüsusi önəm verilmiş, özünütənzimləmə və özünüidarəetmə qurumu kimi yaradılmış və 20 ilə yaxındır ki, uğurla fəaliyyət göstərən Azərbaycan Mətbuat Şurası KİV sahəsində aparılan islahatların həyata vəsiqə almasında mühüm istiqamətverici olmuşdur. Məhz AMŞ-nin fəal iştirakı və təşkilatçılığı ilə 8-ci dəfədir ki, ölkə jurnalistlərinin ali məclisi həyata vəsiqə alır, eyni zamanda, media məkanında ictimai özünüidarə uğurla gerçəkləşdirilir.

Onu da qeyd edək ki, postsovet məkanında ilk dəfə Azərbaycanda formalaşan Azərbaycan Mətbuat Şurasının fəaliyyəti Avropa Şurası tərəfindən də dəyərləndirilmiş, onun fəaliyyət mexanizmlərinin öyrənilməsi keçmiş sovet respublikaları üçün də məsləhət bilinmişdir. Əslində, bütün bunlar AMŞ-nin fəaliyyətinə verilən qiymətdir. Ən önəmlisi də bu fəaliyyətin ən böyük faydasını ikinci Qarabağ savaşı, eləcə də bütün müharibə dövründə və sonrakı vaxtlar­da açıq-aydın görə bildik.

Azərbaycan Mətbuat Şurasının media­nın özünütənzimləmə qurumu kimi fəaliyyət göstərdiyi müddətdə məmurlarla jurnalistlər, ayrı-ayrı qurumlarla media arasında yaranan ən müxtəlif problemlərin həllində, eləcə də ölkəmizdə medianın inkişafı prosesində mühüm rolu olub. Yeri gəlmişkən, bu uğurlarda AMŞ-nin ilk gündən indiyədək sədri olmuş Əflatun Amaşovun işgüzarlığı, təşəbbüskarlığı, demok­ratizmi və peşəkarlığı önəmli rol oynayıb.

Qurultay işini davam etdirdiyi bir vaxtda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında medianın inkişafında xidmətlərinə görə Əflatun Əhməd oğlu Amaşo­vun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi xəbəri həm AMŞ-nın, həm də müasir Azərbaycan mediasının fəaliyyətinə verilən yüksək dəyər kimi qarşı­landı. Həmkarımızı hamılıqla təbrik edənlər bü böyük qiymətə görə möhtərəm Prezidentimizə minnətdarlıqlarını da məmnunluqla ifadə etdilər.

Azərbaycan Jurnalistlərinin VIII Qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıdı. İnanırıq ki, Azərbaycan Mətbuat Şurasının yeni İdarə Heyəti genişlənən informasiya məkanında Azərbaycan jurnalisti­kasının beynəlxalq aləmə daha sıx inteqrasiya etməsinə, eləcə də ortaya çıxan problemlərin həllində mühüm rol oynayacaq.

Namiq ƏHMƏDOV,

Əməkdar jurnalist, qurultay nümayəndəsi

25 Sentyabr 2022 00:23 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə