Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Jurnalistlərin ali məclisində milli mediamızın dövlətçiliyə sədaqəti ucadan səsləndi

Azərbaycan Jurnalistlərinin VIII Qurultayı öz işini Azərbaycan Mətbuat Şurasının nizamnaməsinə uyğun və dövlətçiliyə sədaqət və günün media çağırışlarına cavab ruhunda başa çatdırdı. Məclis media ictimaiyyətinin və cəmiyyətin başlıca gözləntilərini necə doğrultdu? Bu sualın cavabında qurultayın təşkilində fəal iştirak etmiş və yenidən rəhbər heyətə seçilmiş qurultay nümayəndələri bildirdilər:

Müşfiq Ələsgərli, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti:

– Azərbaycan Jurnalistlərinin VIII Qurultayı demokratik ab-havada, fikir fərqliliyi şəraitində baş tutdu. Milli mediamızın durumu barədə işgüzar müzakirələr keçirildi, mövcud problemlər dilə gətirildi, onların aradan qaldırılması üçün təkliflər səsləndirildi. Medianın inkişafı üçün mühüm təkliflər irəli sürüldü.

Ən əsası isə odur ki, bütün bu təkliflər nəzərə alınaraq VIII Qurultay adından qətnamə kimi qəbul edil­di. Qətnamədə qeyd edilir ki, media məkanımızdakı mənfi hallar, jurnalist adından sui-istifadə təmayülləri bundan sonra da ciddi nəzarətdə saxlanıl­sın, ona qarşı mübarizədə AMŞ-nin fəalliyyəti artırılsın. Regional medi­anın maddi-texniki bazasının inkişaf etdirilməsi məqsədi ilə xüsusi layihə hazırlanaraq müvafiq dövlət qurumları­na təqdim olunsun.

Bildirilir ki, jurnalistlərin sosial problemlərinin həlli diqqətdə saxlanıl­sın, bununla əlaqədar müvafiq qu­rumlar qarşısında məsələ qaldırılsın. Azərbaycanda və dünyada söz azadlığı, jurnalist peşəkarlığı və təhlükəsizliyi ilə bağlı tendensiyalar diqqətdə saxla­nılsın, mövcud istiqamətdə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi ilə əlaqədar fəaliyyət gücləndirilsin.

Mətbuat Şurasının yeni seçilmiş İdarə Heyətinə isə həvalə edildi ki, qətnamədə irəli sürülən təkliflərin gələcəkdə gerçəkləşdirilməsi üçün tədbirlər görsün. Hesab edirəm ki, qətnamədə əks edilmiş bu və digər təkliflərin gerçəkləşdirilməsi imkan ya­radacaq ki, Azərbaycanın media sferası olduğu nöqtədən çox-çox irəli getsin.

Mətbuat Şurasının İdarə Heyətinin, digər strukturlarının tərkibinin yeniləşməsi, buraya yeni düşüncəli şəxslərin cəlb edilməsi imkan yarada­caq ki, AMŞ media məkanımıza ciddi töhfələr versin.

Mən, VIII qurultayda iştirak edən, bizlərə, İH üzvlərinə səs verən hər kəsə təşəkkürümü bildirirəm və İdarə heyətinə yeni seçilmiş həmkarlarımı təbrik edirəm, müvəffəqiyyətlər arzula­yıram.

Aydın Quliyev, “Bakı xəbər” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü:

– Azərbaycan Mətbuat Şurası­nın VIII qurultayı milli mediamızın inkişafı yolunda yeni mərhələ açan tarixi hadisə oldu. Jurnalistlərin iştirakı təşəbbüskarlıqla seçildi və müzakirələr olduqca canlı, səmərəli keçdi. Yeni heyətin formalaşması üçün səsvermədə iştirak etməyə, onun nəticələrinə isə yüksək maraq var idi.

Fikrimcə, jurnalistlərin indiyədək olan qurultayları arasında indiki məclis ən fəal, işgüzar müzakirələrlə seçil­di. Bəlkə də yeganə qurultay oldu ki, AMŞ-nin rəhbər orqanına kimlərin seçiləcəyi hər kəsi maraqlandırırdı. Bu onu göstərdi ki, jurnalistlər ordusunun təmsilçiləri özlərinin ən nüfuzlu quru­munun bundan sonra daha məhsuldar və yeni ruhda fəaliyyət göstərməsini istəyirlər.

Qurultayda vurğulandı ki, bizim jurnalist ordumuz hədəfləri ilə, aydın mövqeli sözü ilə, mötəbər, cəmiyyətə təsiri ilə güclüdür. Erməni faşizmi üzərində qələbədən sonra keçirilən ilk jurnalist qurultayı olması məclisin yüksək vətənpərvərlik ruhunda və səslənən mülahizələrin ciddiliyində özünü göstərirdi. Milli jurnalistlər ordu­muz qalib hərbi qüvvələrimiz kimi peşə borcuna və dövlətçiliyə sadiq olduğunu bəyan etdi.

Qarabağ Zəfəri dövrünün ilk milli jurnalist qurultayımız tarixə fərqli məzmun və imiclə yazıldı. Çox əlamətdar faktdır ki, AMŞ idarə heyətinə ictimaiyyət nümayəndəsi olaraq Vətən müharibəsində xüsusi təyinatlılardan olmuş igid qazilərimizdən birini seç­dik. Bununla biz Vətən müharibəsində döyüşən ordumuzun qəhrəmanlığına və qələbəsinə bir daha öz ehtira­mımızı göstərdik. Bütövlükdə, idarə heyəti təzələndi və yeni sədr seçildi. Üzvlərin yarıya qədəri yeni nəslin nümayəndələrindən formalaşdı.

Məclisdə Əflatun Amaşovun Mətbuat Şurası yaranan gündən bu günə qədərki fəaliyyətinin məqbul qiymətləndirilməsi hər birimiz üçün qü­rurverici oldu. Əflatun Amaşovun “Xalq qəzeti”nə baş redaktor təyinatı və Pre­zidentin fəxri fərmanı ilə təltif olunması isə hamının ürəyincə oldu, qurultaya xoş əhval gətirdi. Bu, həm də AMŞ-nin öz missiyasını ötən dövrdə doğrultması­nın ən yüksək səviyyədə təqdir edilməsi kimi qarşılandı. Jurnalistlər yüksək peşəkarlıqla dövlətçiliyə sadiq olduqları­nı göstərdilər.

Tanınmış şair və jurnalist Rəşad Məcidin nümayəndələrin ümumi dəstəyi ilə AMŞ-yə sədr seçilməsi jurnalistlərimizin həmrəylik nümunəsi kimi dəyərləndirilməlidir. Qurultayın yüksək səviyyədə keçirilməsinə görə bütün jurnalistlərimizi və AMŞ-nin yeni rəhbər heyətini təbrik edir, hamıya yeni uğurlar arzulayıram.

Azər Həsrət, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Əməkdar jurnalist:

– Azərbaycan jurnalistlərinin növbəti ali məclisi özünün məhsuldarlığı və özəlliklə də fikir müxtəlifliyi üçün açıq olması ilə yadda qaldı. Qurultayın bütün nümayəndələri, hətta qonaqlar üçün də fikirlərini səsləndirmək, təqdir və tənqid ifadə etmək imkanı yaradıldı. Bu da elə azad medianın ruhuna uyğun vəziyyətdir.

Azərbaycan Mətbuat Şurasının sədri, bugünlərdə ölkənin ən nüfuzlu ictimai-siyasi nəşri “Xalq qəzeti”nə baş redaktor təyin edilmiş Əflatun Amaşo­vun ötən 20 ilədək yaxın müddətdə me­dianın özünüidarə və özünütənzimləmə qurumuna uğurla başçılıq etməsi, eləcə də İdarə Heyəti üzvlərinin səmərəli fəaliyyəti yüksək dəyərləndirildi. Məclisdə Prezident İlham Əliyevin başçılığı altında ölkədə həyata keçirilən islahatlar işığında Azərbaycan Mətbuat Şurasının rəhbərliyi də yeniləndi, idarə heyətinə yeni üzvlər, eləcə də gənc jurnalistlər seçildilər.

Bütün bunlar bir daha onu göstərir ki, jurnalistlər cəmiyyətin avanqard kəsimi olaraq, Prezidentin qalibiyyətli liderlik fəaliyyətlərinə bundan sonra da ən yüksək səviyyədə dəstək verəcəklər. Ayrıca onu da vurğulamaq lazımdır ki, qurumun İdarə Heyətinə yeni üzvlərin seçilməsində şəffaf seçkinin bütün atributlarının tətbiqi üçün şəraitin yaradılması qurultay nümayəndələrinin təqdirini qazandı. Jurnalistlər bu yenilənmə prosesini tam aşkarlıqla, demokratik şəraitdə gerçəkləşdirdi. Bu isə bir daha onu təsdiq edir ki, media təmsilçiləri məhz Azərbaycan dövlətinin rəhbər tutduğu insan haqları, demokra­tiya, ədalət, bərabər rəqabət ortamına tam uyğun bir qurultay keçirdilər.

AMŞ İdarə Heyətinin yenilənməsi, aparılmış geniş müzakirələr bu nü­fuzlu media qurumunun üzərinə yeni mərhələdə daha çevik olmaq və özəlliklə də beynəlxalq platformalar­da fəallığı daha da artırmaq vəzifəsi qoyur. Əminəm ki, Azərbaycan Mətbuat Şurasının yeni sədri, istedadlı yazıçı-jurnalist və bacarıqlı media təşkilatçısı Rəşad Məcidin başçılığı altında biz bu vəzifənin də öhdəsindən uğurla gələ biləcəyik.

Hazırladı: Tahir AYDINOĞLU,

“Xalq qəzeti”

25 Sentyabr 2022 00:15 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə