Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən müharibəsi şanlı tariximizdir

Artıq ikinci ildir ki, sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən, təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Xalqımız həmişə olduğu kimi, həmin gün də Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir.

Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən igid hərbçilərimizə arxa cəbhədə ça­lışan mülki şəxslər bütün qüvvəsi ilə dayaq olmuş, xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr en­dirmişdir. Bunun nəticəsi olaraq, Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulmuşdur.

Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yara­lanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qanı-canı bahası­na azad edilib. Onların xatirəsi həmişə ehtiramla yad edilir.

Möhtərəm Prezidentimizin sərəncamında qeyd olundu­ğu kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarımızın şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur.

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin 200 ildən çox tarixi var. Zaman-za­man azərbaycanlılara qarşı soyqırımı törədən ermənilər ərazilərimizdə məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini dəyişməyə başlamış, münbit əraziləri ələ keçirməyə çalışmış, yaşayış məntəqələrində soydaş­larımızı sıxışdırmışlar. Rusiya inqilablarının yaratdığı şəraitdən sui-istifadə edərək 1905-1907-ci və 1918-ci illərdə yüz minlərlə soydaşımızı vəhşicəsinə qətlə yetirmişlər. 1918-1920-ci illər isə xalqımızın yaddaşına erməni silahlı quldur dəstələrinin xüsusi qəddarlığı ilə həkk olunub. Həmin illərdə İrəvanda, Dərələyəzdə, Zəngəzurda, Göyçədə, Tiflisdə, Naxçıvanda, Bakıda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, Qarabağda, Muğanda, Göyçay­da on minlərlə dinc azərbaycanlı dəhşətli soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, onlara işgəncələr verilmiş, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə -yeksan edilmişdir.

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandakı öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi azərbaycanlılar yaşayan kəndlərin, şəhərlərin dağıdılması, on minlərə günahsız insanın ölü­mü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir

SSRİ-nin süqutundan sonra da Ermənistan işğalçılıq siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi hücum etmiş, onla­rın rahat yaşamasına imkan verməmişdir. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaq­larını işğal etməsi soydaşlarımızı doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur. Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə inf­rastrukturu tamamilə məhv etmiş, yaşayış məntəqələrini viran qoy­muş, ölkəmizə milyardlarla dollar dəyərində maddi ziyan vurmuşdur.

Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra, onun siyasətinin əsas qayəsini dövlət quruculuğu, iqtisadi rifah və işğal olunmuş torpaqlarımızın azad olunması təşkil etmişdir. Məhz onun titanik zəhməti sayəsində 44 günlük Zəfər savaşının iqtisadi, elmi- intellektual və beynəlxalq hüquqi əsasları formalaşmışdır.

Azərbaycan rəhbərliyi “si vis pacem para bellum”- “sülh istəyirsənsə, müharibəyə hazır olmalısan” prinsipini unutmayaraq ordu quruculuğu prosesinə də daim önəm vermişdir. Prezident İlham Əliyevin torpaqlarımızı işğaldan azad etmək üçün qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ordu quruculuğunun inkişaf etdirilməsi olmuşdur. 2003- cü ildə prezident seçilən cənab İlham Əliyev andiçmə mərasimində demişdir ki, Azərbaycanda ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür: “Ölkəmizdə güclü ordu yaradılmışdır və bu pro­ses davam edəcəkdir. Bu məsələ daim mənim diqqət mərkəzimdə olacaqdır. Azərbaycanın çox güclü ordusu olmalıdır. O, qarşıda duran bütün məsələləri həll etmək iqtida­rında olmalıdır”.

Dövlət başçımız Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərinin azad ediləcəyini də qəti olaraq bəyan etmişdi: “Azərbaycanın torpaqları işğaldan azad olunma­lıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmaya­caqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanma­masını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmaya­raq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”. Zaman bu sözlərin həqiqət olduğunu bizə əyani şəkildə göstərmişdir.

Həmin vaxtdan başlayan islahatlar, ordu quruculuğunda­kı uğurlar 2016- cı ildə özünü büruzə verdi. Həmin il Aprel döyüşlərində Silahlı Qüvvələrimiz Ermənistan ordusuna güclü zərbə vurdu, Lələtəpə və bir sıra strateji yüksəkliklər, ümumilikdə, 2 min hektardan çox ərazi düşməndən azad edldi. 2018- ci ilin mayında Naxçıvanda Günnüt əməliyyatı zamanı 11 min hektarlıq ərazi düşməndən azad olunub. 2020-ci ilin iyul ayında Tovuz hadisələri zamanı Ermənistana agır zərbələr vuran rəşadətli ordumuz bir daha nümayiş etdirdi ki, Azərbaycan bu işğal ilə barışmayacaq. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı və cəbhəboyu təxribatları, mülki əhalini hədəfə almasını davam etdirdi.

2020-ci il sentyabrın 27- də Ermənistan tərəfindən növbəti genişmiqyaslı hərbi təxribat törədildi və Azərbaycanın yaşayış məntəqələri, döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə möhtərəm Preziden­timiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri verdi. Qəhrəman hərbçilərimiz Ermnistan silahlı qüvvələrini darmadağın etdi və nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdi. Beləliklə, Azərbaycan Or­dusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Müharibənin ilk günlərindən Ədliyyə Nazirliyinin əməkdaşları, məhkəmə aparatı işçiləri və on­ların ailə üzvləri, habelə ədliyyə könüllüləri yüksək vətənpərvərlik hissi ilə cəbhəyə yollanmış və döyüşlərdə iştirak edərək fədakar xidmətlər göstərib, həmçinin ordumuzla həmrəylik nümayiş etdirərək, hərbçilərimizə, yara­lananlara, şəhid ailələrinə öz dəstəyini əsirgəməyib, Silahlı Qüvvələrə Yardım Fonduna və “YAŞAT” Fonduna əmək haqların­dan könüllü vəsaitlər köçürüblər. Eyni zamanda, nazirliyin tibb xidmətinin həkimləri müharibə dövründə yaralananlara zəruri tibbi yardım göstərmiş, ədliyyə və məhkəmə orqanlarında qanvermə aksiyaları keçirilmişlər. Həmçinin nazirliyin əməkdaşları tərəfindən hərbi hospitallarda müalicə alan hərbçilərimizə mütəmadi baş çəkilib və sovqatlar təqdim olunub.

Hərbi əməliyyatlarda mərdlik və rəşadət göstərmiş nazirlik aparatının bir əməkdaşı, həmçinin 4 ədliyyə işçisinin ailə üzvü şəhid olub. Onların əziz xatirəsi daim uca tutulur. Ədliyyə naziri Fikrət Məmmədov Vətən müharibəsində iştirak etmiş və şəhid olmuş şəxslərin ailə üzvləri ilə mütəmadi görüşlər keçirir, onların problemləri ilə maraqlanır və qarşılaşdıqları çətinliklərin aradan qaldırılma­sında köməyini əsirgəmir. Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsinin və rifahının yaxşılaş­dırılması ilə əlaqədar mütəmadi tədbirlər görülür, şəhid ailələrinin və yaralı hərbçilərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün bütün imkanlardan istifadə edilir. Ötən il Ədliyyə Nazirliyində və struktur qurumlarda anım tədbirləri keçirimiş, nazirliyin rəhbərliyi və kollektivi tərəfindən II Fəxri xiyabanda Vətən müharibəsi qəhrəmanlarının, o cümlədən şəhid ədliyyə işçisi Ruhin Xəlilovun məzarı ziyarət olunaraq əklillər qoyulmuş, əziz xatirəsi ehtiramla anılmışdır.

Ədliyyə işçiləri də digər hərbçilərimiz kimi, torpaqları­mızın azad olunması uğrunda Vətən müharibəsində iştirak etmələrindən böyük qürur hissi keçirirlər. Onlar və ailə üzvləri istər müharibə, istərsə də sonrakı dövrdə yüksək diqqət və qayğı ilə yanaşıldığına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirirlər. Biz ədliyyə işçiləri möhtrəm Prezi­dentimiz, müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin ətrafında sıx birləşərək bundan sonra da Vətənimizin müdafiəsi və tərəqqisi naminə dövlətimizə və xalqımıza layiqincə xidmət etməyi özümüzün vəzifə və vətəndaşlıq borcu sayı­rıq.

Mehdi ABDULLAYEV,

Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin rəis müavini

25 Sentyabr 2022 00:08 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə