Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətən uğrunda canını qurban verənlər heç vaxt unudulmur

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq , Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başlandığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci il 2 dekabr tarixli sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Vətən uğrunda canını qurban verənlər, sağlamlığını itirənlər heç vaxt unudulmur. Şəhidlərimiz daim ehtiramla anılır, onların adları əbədiləşdirilir və gənc nəslin hərbi vətənpərvərlik ruhun­da yetişməsində örnək olurlar. İstər Bi­rinci Qarabağ, istərsə də İkinci Qarabağ döyüşlərində şəhid olmuş mərd oğul və qızlarımız dövlətimizin də, xalqı­mızın da daim diqqət mərkəzindədir. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən uğ­runda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların adlarının əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicə və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayırlar.

Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində hərbçilərimizin şücaətini yüksək qiymətləndirib: “Birinci Qarabağ və İkinci Qara­bağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bü­tün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.

Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, veteranların hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir və rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyas­lı tədbirlər həyata keçirir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə can­larından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qa­zandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutma­yacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq”.

Şəhid ailələrinə və müharibə iştirak­çılarına dövlətin diqqət və qayğısı xalq tərəfindən böyük razılıqla qarşılanır. Onlar bizim qürur mənbəyimizdir.

Yaralanan döyüşçünün yarası hər bir azərbaycanlının yarasıdır. “Mən hər zaman qazilərin yanında olaca­ğam” – deyən Prezident İlham Əliyev bu fikirləri ilə əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini bildirmişdir. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmüş işlər təsdiqləyir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhu­na ehtiram göstərir, xatirəsini uca tutur.

Vətən müharibəsində iştirak edən mərd oğul və qızlarımızın qəhrəmanlığı heç vaxt unudulmayacaq. Onlar həyat durduqca yaşayacaqlar. Xüsusi olaraq vurğulamaq lazımdır ki, ərazilərimizin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş əsgər və zabitlərimiz möhtərəm Prezidentimiz, Ali Baş Ko­mandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. Həmin orden və medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim olunmuşdur. Bu qəhrəmanlığı göstərən əsgər və zabitlərimiz ordu quruculuğunun inkişafına verilən diqqət sayəsində qəhrəmanlıq zirvəsinə yüksəlmişlər.

Ölkənin hərbi qüdrətini artırmış uğurlu ordu quruculuğu 2020- ci il no­yabrın 10- da düşməni diz çökdürməklə öz gücünü bir daha nümayiş etdir­di. Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində forma­laşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiya­sını uğurla davam etdirir. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir. Rəşadətli ordumu­zun 2016 –cı ilin Aprel döyüşlərində 4 gün ərzində mühüm əhəmiyyətli yüksəklikləri nəzarəti altına keçirməsi və 25 il işğal altında olan ərazimizin 2 min hektardan çoxunu azad etməsi düşmənə ciddi xəbərdarlıq idi. Lakin işğalçılıq siyasətindən əl çəkə bilməyən Ermənistan ordusu təxribatları davam etdirdi. 2018 – ci il Naxçıvanın Günnüt əməliyatı zamanı düşmənə daha ağır zərbələr vuruldu. Bu dəfə 11 min hek­tardan çox torpağımız işğaldan azad edildi. Təcavüzkar ölkə bundan da ibrət götürmədi və sərhədboyu ərazilərdə təxribatları davam etdirdi. 2020- ci il iyul ayında işğalçı ölkənin silahlı birləşmələri Qarabağa heç bir aidiyyatı olmayan Tovuz rayonu istiqamətində təxribatlar törətdi. Bu dəfə də düşmənə sarsıdıcı zərbələr endirildi. İşğalçı or­dunun əsgər və zabitləri silah-sursatını atıb qaçdılar.

Düşünmək olardı ki, artıq Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələri qarşısında çox zəif və gücsüz olduğunu dərk edəcək, bir daha sərhədboyu ərazilərdə təxribatlar törətməyəcək. Ancaq 2020 - ci il sent­yabrın 27- də Ermənistan ordusu geniş­miqyaslı təxribat törətməklə ölkəmizə qarşı müharibəyə başladı. Bu dəfə də uduzan Ermənistan oldu. Düşmən Azərbaycan Ordusu qarşısında cəmi 44 gün davam gətirə bildi. Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Koman­dan İlham Əliyev tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Or­dusunun “dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin canlı qüvvələri isə sözün həqiqi mənasında, mövqelərini qoyub qaçırdılar.

Bu gün Azərbaycan Ordusu Cənubi Qafqazın ən qüdrətli ordusudur. Silahlı Qüvvələrimiz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan islahatlar və bunun nəticəsi olaraq, baş verən keyfiyyətli dəyişikliklər möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğundakı davamlı fəaliyətinin nəticəsidir.

Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və ordumu­zun gücü düşməni kapitulyasiya aktını imzalamağa məcbur etmişdir. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesa­bına, şəhidlərimizin qanı-canı baha­sına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu.

Bütün bunlardan nəticə çıxarıb sülh müqaviləsi imzalamaq əvəzinə, Ermənistan silahlı birləşmələri yenə də sərhədboyu ərazilərdə təxribatlar törədir, hərbçilərimizi və mülki əhalini ağır artilleriya silahlarından atəşə tuturlar. Sentyabrın 12-də gecə saat­larında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan –Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiq­yaslı təxribat törətdi. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında Azərbaycan Ordusu­nun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının mina­lanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

Qarşı tərəfin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaq­lar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrast­ruktura ziyan dəydi. Ancaq qəhrəman hərbçilərimiz dərhal əks əməliyyat tədbirləri həyata keçirdi və düşmənin bütün atəş nöqtələrini susdurdular. Bu hərbi əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin 500- dən çox canlı qüvvəsi və xeyli döyüş texnikası məhv edildi. Ermənistan bir daha dərk etdi ki, yeganə çıxış yolu sülh müqavilsini imzalamaqdır.

Ordumuzun gücü artıq dünya birliyinə də bəllidir. Möhtərəm Preziden­timiz, Silahlı Qüvvələrin Ali Baş Koman­danı İlham Əliyev ordumuzun gücünü yüksək qiymətləndirərək deyb:“Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan Ordusu nəinki bölgədə, həm hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə dünya miq­yasında güclü ordular sırasındadır”.

Azər PAŞAYEV,

Ədliyyə Nazirliyi Qaradağ rayon İcra şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

25 Sentyabr 2022 00:34 - CƏMİYYƏT
CƏMİYYƏT
4 Dekabr 2022 | 07:53
İlğım...

Köhnə versiyamızdan xəbərləri izlə