Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidin doğulduğu Borsunlu kəndinə gəldilər və ad gününü qeyd etdilər…

Goranboyda Vətən müharibəsi şəhidi Cahangir Qurbanovun ad günü rayon ictimaiyyətinin iştirakı ilə təntənəli şəkildə qeyd olunub.

Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev və digər məsul şəxslər həmin gün Borsunlu kəndinə gəliblər. Onlar burada Şəhidin doğmaları, yaxınları ilə görüşüb, məzarını ziyarət ediblər. Rayon rəhbəri Cahangir Qur­banovun yaxınlarına bir daha təsəlli verərək deyib, “Vətənimizin hər bir şəhidi bizim üçün müqəddəsləşib. Onların ailəsi də diqqətdən kənarda qala bilməz və qalmır. Azərbaycan Prezidenti cənab İlham Əliyev şəhid ailələrinə, qazilərə hər zaman diqqət və qayğı göstərir. Ali Baş Komandanın həssas, qayğıkeş münasibəti hər birimiz üçün bir nümunədir, örnəkdir. Vətən müharibəsi şəhidimiz Qurbanov Cahangir Məmməd oğlunun doğum günündə onun və digər şəhidlərimizin məzarını ziyarət etmək bizim hər birimizin müqəddəs borcudur və biz bundan şərəf duyuruq”.

Qeyd edək ki, Cahangir Qurbanov 1994-cü il senytabrın 23-də Goranboy rayonunun Borsunlu kəndində anadan olub. O, 2012-ci ildə müddətli hərbi xidmətə yollanıb, Gədəbəy rayonunun “N” saylı hərbi hissəsində xidmət edib. Amma orduya olan həvəs onu yenidən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə gətirmiş və 2016-cı ildən kəşfiyyatçı kimi çalış­mışdır.

Azərbaycan Ordusunun əsgəri olan Ca­hangir Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Talış istiqamətində gedən döyüşlərdə savaşıb. Talış döyüşləri zamanı düşmənin iki postunun ələ keçirilməsində xüsusi xidmətləri olub. Elə həmin döyüşlər zamanı, sentyabrın 27-də qəhrəmancasına həlak olub və şəhidlik zirvəsinə yüksəlib.

Cahangir Qurbanov ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medallarına layiq görülüb. Allah rəhmət eləsin.

Hamlet QASIMOV,

“Xalq qəzeti”nin bölgə müxbiri

25 Sentyabr 2022 00:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə