Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 361     Bakı şəhəri, 21 sentyabr 2022-ci il

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının və onun nəzdində Azərbaycan Dənizçilik Kollecinin yenidən təşkil edilməsi, Azərbaycan Dövlət Dəniz Akademiyasının Nizamnaməsinin təsdiq olunması haqqında

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Res­publikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.12.1-ci yarımbəndinə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 2.5.1-ci və 2.7.2-ci yarımbəndlərinə uyğun olaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin təklifinə əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Dövlət Dəniz Akademiyası “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Dəniz Akademiyasına çevrilmə yolu ilə yenidən təşkil edilsin.

2. Azərbaycan Dövlət Dəniz Akademiya­sının nəzdində Azərbaycan Dənizçilik Kolleci “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kollecinə çevrilmə yolu ilə yenidən təşkil edilsin.

3. “Azərbaycan Dövlət Dəniz Akademiyası” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

4. Bu Qərarın 2-ci hissəsi ilə yaradılan publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:

4.1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:

4.1.1. publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;

4.2. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə:

4.2.1. publik hüquqi şəxsin nizamnaməsinin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi.

4.3. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə:

4.3.1. bu Qərarın 4.1-ci və 4.2-ci bəndlərində qeyd edilənlər istisna olunmaqla, “Publik hüqu­qi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsi ilə publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

5. Bu Qərarın 1-ci və 2-ci hissələri ilə yara­dılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqları günədək, Azərbaycan Dövlət Dəniz Akademiyası və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci öz fəaliyyətlərini davam etdirsinlər.

6. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu Qərardan irəli gələn məsələləri həll etsin.

7. Bu Qərarda dəyişiklik Azərbaycan Respubli­kası Preziden-tinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

24 Sentyabr 2022 23:02 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə