Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antalyada Ermənistanın təxribatı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Türkiyənin Antalya şəhərində yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz və Azərbaycan ordusuna dəstək məqsədilə məlumatlandırma aksiyası keçirib.

Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin təşkilatçılığı ilə baş tutan tədbir Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən dərnəyin sədri Lalə Həsənova təcavüzkar Ermənistanın son təxribatını sülh danışıqlarına vurulan növbəti zərbə adlandırıb. Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqlarına məhz Ermənistanın ciddi əngəl törətdiyinə, Azərbaycanın irəli sürdüyü 5 prinsipi yalnız sözdə qəbul etdiyinə diqqəti cəlb edib.

Dərnək sədri Türkiyə rəsmilərini və beynəlxalq qurumları Ermənistanın təxribatlarına, revanşist ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana güclü təzyiqlər göstərilməsinə çağırıb.

Azərbaycanın və Türkiyənin iri ölçülü bayraqlarını dalğalandıran tədbir iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Dönməz geri Türkün əsgəri!”, “Dövlətimin yanındayam!” şüarlarını səsləndirməklə Azərbaycana dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, aksiyada yerli dövlət orqanlarının, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak ediblər.

"Xalq qəzeti"

24 Sentyabr 2022 23:00 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə