Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həyat bilgisi üzrə yeni məzmun standartları müzakirəyə çıxarılıb

Təhsil İnstitutunda Bakı məktəblərindən fizika, kimya, biologiya, coğrafiya və həyat bilgisi fənnini tədris edən müəllimlər və ibtidai sinif müəllimlərinin iştirakı ilə həyat bilgisi üzrə yeni məzmun standartlarının müzakirəsinə dair görüş keçirilib.

İnstitutdan "Xalq qəzeti"nə bildirilib ki, görüşdə Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov bu istiqamətdə görülmüş işlərdən danışıb. Daha sonra təkmilləşdirmə prosesində iştirak etmiş mütəxəssislərdən Elşad Yunusov həyat bilgisi fənn kurikulumunun məzmun dəyişiklikləri barədə geniş məlumat verib və müzakirəni açıq elan edib.

Müzakirə zamanı müəllimlər məzmun standartlarının konkretləşməsini, təkrarlanmaların aradan qaldırılmasını, şagirdlərin yaş səviyyəsinin diqqətə alınmasını, təbiət elmləri üzrə anlayışların sadə formada şagirdlərə tədrisini və digər müsbət dəyişiklikləri təqdirəlayiq hesab edib, yenilənmiş kurikulumun həm dərslik müəllifləri, həm də müəllimlər üçün effektiv bələdçi olacağını vurğulayıblar.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinə istinad edərək, Təhsil İnstitutunun mütəxəssisləri təbiət elmləri üzrə fənn kurikulumlarını təkmilləşdirməyə başlayıb. Bu prosesdə Sinqapurun “Alston” təhsil şirkəti ilə əməkdaşlıq edilir və görülən işlərdən biri də həyat bilgisi fənn kurikulumunun yenilənməsidir. Artıq həyat bilgisi üzrə məzmun standartlarının ilkin variantı hazırlanıb və müzakirəyə təqdim olunub.

24 Sentyabr 2022 17:58 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə