Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan xəritəsində yeni ünvanlar

“Zəfər yolu”, “Ağıllı kənd,” yeni hava limanları və...

İndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən də bizi gücləndirən xalqın iradəsi, dəstəyidir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Mənim fikrimcə, “bugünkü Azərbaycan reallıqları” ifadəsini yada salaraq söhbətə və ya qəzet materialı hazırlamağa başlayanda giriş kimi ölkəmizin son otuz ildə nümayiş etdirdiyi səbr, təmkin və dözümdən başlamaq, fikirlərimizi yekunlaşdıranda isə bu gün Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən möhtəşəm bərpa-quruculluq işlərini xatırlatmaq lazımdır.

Qürur və iftixar hissi ilə deməliyik ki, bizim otuz illik səbrimiz xalqımıza və dövlətimizə böyük nüfuz gətirmiş, son nəticədə isə müstəqil dövlətimizi ən ali məqsədinə çatdırmışdır. İşğaldan azad edilmiş ərazilərimizdəki bərpa-quruculuq işləri isə respublikamızın xəritəsində yeni ünvanlar yaranması ilə nəticələnmişdir. Bu isə yeni tarix səhifələrinin yazılması deməkdir. Biz tariximizin yeni səhifələrinin yazılmasına xalqın öz dövləti ətrafında mütəşəkkil şəkildə birləşməsi, ordunun ən yüksək peşəkarlıq səviyyəsinə gətirilməsi və ən başlıcası, Prezident İlham Əliyevin böyük liderlik və sərkərdəlik məharəti nəticəsində nail olmuşuq.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda ölkənin iqtisadi xəritəsini yenidən çəkmək zərurəti yaradan çoxsaylı obyektlər tikilib, həmin proses davam edir və bu quruculuq işlərinin gələn illərdə daha geniş miqyas alacağı şəksizdir. Bu yazıda isə biz həmin çoxsaylı ünvanlardan cəmi bir neçəsini yada salmaqla kifayətlənəcəyik.

“Zəfər yolu”

Bu avtomobil yolunun təməli 44 günlük İkinci Qarabağ müharibəsinin başa çatmasından dərhal sonra -- noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğal­dan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı qoyulmuşdur. Sonrakı il noyabrın 7-də isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəfər yolu”nun açılışını etmişlər.

Bu nəqliyyat infrastrukturu barədə olan rəsmi məlumatda deyilir ki, Prezident İlham Əliyev şanlı Qələbəmizdən sonra işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişaf planının hazırlanması üçün tapşırıqlar vermişdir. Belə tapşırıqlardan biri də Şuşa şəhərinə yeni avtomobil yolunun çəkilməsi olmuşdur. Həmin il noyabrın 17-də Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılmışdır.

Xatırladaq ki, Əhmədbəyli –Füzuli –Şuşa avtomobil yolunun tikinti layihəsinin uzunluğu ilkin hesablamalara əsasən 101,5 kilometr idi. Avtomobil yolu Füzuli Beynəlxalq Hava Limanının yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədi ilə yolun 27-ci kilometrində yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulmuşdurr. Yeni tras üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 kilometrlik yolun inşa edilməsi də daxil edilib. İsa Bulağı yolu başlanğıcını yeni Füzuli–Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrindən götürür.

Layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa edilən körpü və tunellər hesabına yolun uzun­luğu 17 kilometrə qədər qısalaraq 84,6 kilometr olub.

2021-ci ilin sentyabr ayında yol bütünlüklə istifadəyə verilib. 7 noyabrda isə yolun rəsmi açılışı olub. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həmin gün Füzuli rayonunda “Zəfər yolu”nun açılışında iştirak ediblər. Bildirilir ki, Əhmədbəyli –Füzuli–Şuşa avtomobil yolu sayəsində Bakıdan Şuşa şəhərinədək olan məsafə daha da qısa­laraq təqribən 345 kilometr təşkil edib.

“Ağıllı kənd”

Məlum olduğu kimi, bu il mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri­ban Əliyeva mərasimdə iştirak ediblər. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Daha sonra isə sakinlərlə görüş təşkil olunub.

Ekspertlər yazırlar ki, bu açılış Azərbaycan tarixində böyük əhəmiyyətə malik olan bir tədbir idi, çünki bu açılış mərasimi ilə “Böyük qayıdış” prosesinə start verirdi. İlk pilot layihə olaraq məhz Zəngilanda icra edilməsinə başlanmış bu qeyri-ənənəvi yaşayış məskənində 200 evdən ibarət gözəl bir “ağıllı kənd” salınıb. Bu kənddə məktəb, tibb məntəqəsi, məşğulluq, sosial və digər xidmətlər fəaliyyət göstərəcək. Burada daha 150 mənzilin inşası nəzərdə tutulur ki, bunlar da ikimərtəbəli və üçmərtəbəli yaşayış binaları olacaq. Bildirilir ki, Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına start verilmiş “Böyük qayıdış” prosesinin əvvəlində ilk olaraq zəngilanlıların dogma torpaqlarına qayıdışı baş tutub.

Bu kəndin məhz Müstəqillik Günü ərəfəsində açılması, həm də böyük rəmzi məna daşıyır. Çünki son 200 ildə ermənilər tərəfindən Azərbaycana qarşı mərhələli şəkildə soyqırımı siyasəti həyata keçirilib, ərazilərimizin bir hissəsi ermənilərə verilib. Ötən əsrin 20-ci illərində də Sovet hakimiyyəti Qərbi Zəngəzuru Ermənistana verib. Təbii ki, bu, Azərbaycana qarşı aparılan ədalətsiz bir siyasətin mərhələləri olub. Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra da o zamankı hakimiyyətin səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizi erməni işğalı altına düşmüşdü. Çox şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanı bugünkü uğurlara gətirib çıxarıb.

Füzuli Beynəlxalq Hava limanı

2021-ci ilin yanvarında Azərbaycan Prezidenti İlham Əliyev Füzulidə beynəlxalq hava limanının tikintisi barədə sərəncam verdi. Gələcək hava limanının təməlqoyma mərasimi həmin il yanvar ayının 14-də baş tutdu. Hava limanının uçuş zolağının inşasının ilin sonuna kimi tamamlanması planlaşdırı­lırsa da, artıq avqust ayında uçuş-enmə zolağı hazır idi və ilk sınaq təyyarəsini qəbul etmişdi.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin Füzuli şəhərinin işğalından öncə şəhərdə yerli əhəmiyyətli olsa da, hava limanı mövcud idi. Bu hava limanı da bütün şəhər kimi, son 27 ildə xarabalığa çevrilmişdi. Həmin hava limanının uçuş zolağı 1600 metr olmuş­du. Yeni hava limanının uçuş-enmə zolağının uzunluğu isə 3 000 metrdir.

Xatırladaq ki, bu hava limanının istifadəyə verilməsindən xeyli əvvəl – 2020-ci il noyabrın 26-da Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnolo­giyalar Nazirliyi ICAO-nun Füzulidəki hava limanı da daxil olmaqla 6 hava limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi barədə Dövlət Mülki Aviasiya Agentliyinin müraciətini təmin etdiyini bildirmişdi.

Bu hava limanını bizim üçün əlamətdar edən faktlardan biri də yeni istifadəyə verilən obyektin açılışında Azərbaycan və Türkiyənin dövlət başçılarının iştirak etməsi idi. Ötən il oktyabrın 26-da keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etmiş və hava limanının rəmzi açılışını bildirən lenti kəsmişdilər.

O zaman dövlət başçılarına məlumat verilmişdi ki, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilmişdir.

Xatırladaq ki, hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlar diqqət mərkəzində saxlanılıb.

Yəni Azərbaycan hər addımda dünya ictimaiyyətinə sübut edir ki, biz qurub yaradan, inkişafa, tərəqqiyə zəmin yaradan xalqıq. Ermənilər isə qurulmuş hər nə varsa, hamısını viranə qoyan, yandırıb yaxan, tarixi, dini abidələri , hətta təbiəti də məhv edən xalq olduqlarını dəfələrlə sübut ediblər. Prezident İlham Əliyev bir neçə dəfə xatırladıb ki, biz ermənilər kimi deyilik: “Biz bundan sonra da qurub-yaratmaq, bərpa etmək, inkişafa yol açmaq kimi milli keyfiyyətlərimizə sadiq olacağıq”.

İttifaq MİRZƏBƏYLİ,

 “Xalq qəzeti”

23 Sentyabr 2022 02:35 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə