Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçın şəhəri, Zabux və Sus kəndləri yenidən qurulacaq

Möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində tarixi Qələbədən bir həftə sonra dövlət başçımız və Birinci vitse-prezident Mehriban xanım Əliyeva işğaldan azad edilmiş ərazilərə səfər etdilər. Xatırladım ki, ilk səfər Füzuli və Cəbrayıl rayonlarına oldu. Həmin gündən yenidənqurma, tikinti və bərpa işlərinə start verildi. O vaxtdan iki ilə yaxın vaxt keçir. Bu qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri dünya ictimaiyyətini də heyrətləndirib.

Budur, dövlət başçımız işğaldan azad edilmiş ərazilərimizə səfərlərini davam etdirir. Budəfəki səfər Laçın rayonunadır. Bu səfər də beynəlxalq aləmdə maraqla qarşılanıb. Axı bir həftə əvvəl həmin ərazilərdə qızğın döyüşlər gedirdi. Erməni hərbi birləşmələrinin bölmələri Laçında növbəti dəfə təxribat törətmişdi. Məlum olduğu kimi, sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan–Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətmişdi. Qarşı tərəfin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqelər, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutuldu. Nəticədə şəxsi heyət arasında itkilər olmuş, hərbi infrastruktura ziyan dəymişdi. Azərbaycan Ordusu bu dəfə də Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr endirdi. Nəticədə erməni silahlı birləşmələrinin çoxlu sayda canlı qüvvəsi məhv edildi, hərbi infrastruktur darmadağın olundu və strateji əhəmiyyətli yüksəkliklər qəhrəman ordumuzun nəzarətinə keçdi.

Həmin toqquşmadan bir həftə sonra dövlət başçımızın Laçın şəhərində Azərbaycan Bayrağını ucaltması, rayonun küçələrində heç kimdən qorxmadan, çəkinmədən cəsarətlə gəzməsi dünyaya bir mesaj idi: Qarabağ Azərbaycandır! Dövlət başçımız bu yerlərin də tezliklə abadlaşdırılacağını bildirdi. Dedi ki, indi isə vaxt gəlib çatıb ki, biz Laçın şəhərini bərpa edək. Artıq buna hazırlıq işləri görülür: “Mən avqustun 26-dan dərhal sonra buraya bir neçə qrup göndərmişəm, bütün yaşayış fondunun təhlili, uçotu aparılacaqdır, dəymiş ziyan hesablanacaqdır”.

İlk növbədə, Prezident bildirdi ki, təxirəsalınmaz işlərin görülməsi üçün təkliflər hazırlanacaq. Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, yenidən qurulacaq. Dövlət başçımız buna tez bir zamanda nail olacağımıza əminliyini bildirdi. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində görülən işlər, işğaldan azad edilmiş ərazilərdəki tikinti-bərpa işləri, genişmiqyaslı quruculuq və yenidənqurma bir daha təsdiqləyir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik və edəcəyik.

Xatırladım ki, Prezident İlham Əliyevin 22 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Laçın rayonu, Zabux kənd tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 300,0 (üç yüz) min manat ayrılıb.

Çingiz QƏNİZADƏ,

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru

23 Sentyabr 2022 02:11 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə