Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Prokurorluqda davam etdirilən islahatlar: praqmatik yanaşmanın müsbət nəticələri

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müdrik siyasi kursun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində uzun illərdən sonra ölkəmiz ərazi bütövlüyünü bərpa edərək, inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoy­muşdur. İkinci Qarabağ müharibəsi Ali Baş Komandanın qətiyyətli rəhbərliyi altında bütün dünyaya Azərbaycan xalqının dəmir iradəsi və qələbə əzmini, lazımi anda öz dövləti və rəhbəri ətrafında birləşmək ba­carığını nümayiş etdirdi. Ölkə başçısının rəhbərliyi ilə bütün sahələrdə davam etdirilən islahatlar milli mənafeyimizin ən yüksək səviyyədə qorunmasına, dönməz sabitliyə və təhlükəsizliyə, davamlı inkişafa, sosial rifaha, tərəqqiyə və firavan gələcəyə hesablanmışdır.

Mühüm dövlət təsisatlarından olan prokurorluq orqanlarında dövrün tələbinə uyğun olaraq, mütəmadi həyata keçirilən hüquq islahatlarının əsası da ümummilli lider tərəfindən qoyulmuş və hazırda cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilməkdədir. Təsadüfi deyil ki, Azərbaycanda hüquq sahəsində, o cümlədən prokurorluq orqanların­da həyata keçirilən islahatlar aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Prezident İlham Əliyev 1 may 2020-ci il tarixdə Kamran Əliyevi baş prokuror vəzifəsinə təyinatla əlaqədar videofor­matda qəbul edərkən verilən göstəriş və tapşırıqlar prokurorluq orqanlarında həyata keçirilən genişmiqyaslı islahatların keyfiyyətcə yeni mərhələyə qədəm qoy­masını şərtləndirmişdir. Prokurorluqda yeni çağırışlara uyğun olaraq işin səmərəliliyinin artırılması istiqamətində islahatlar apa­rılmış, qurumun fəaliyyətini tənzimləyən normativ-hüquqi baza yenilənmişdir.

Xüsusi qeyd olunmalıdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi islahat­lar nəticəsində ölkəmizdə vətəndaş məmnunluğu ən yüksək həddə çatmaqla yanaşı, dövlət siyasətinin prioritetlərindən biri olmuşdur.

2020-ci ilin may ayından başlayaraq, bu işin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması istiqamətində Azərbaycan Respublikası Prokurorluğu sistemində bir sıra mühüm tədbirlər görülmüş, bu sahədə müasir informasiya texnologiyalarından geniş və səmərəli istifadə olunması təmin edilmiş, habelə prokurorluqda və yerlərdə vətəndaşlar qəbul edilməklə, qaldırı­lan məsələlərin yerində həlli və əsaslı müraciətlərin təmin olunması istiqamətində hərtərəfli tədbirlər həyata keçirilmişdir.

Belə ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə müvafiq olaraq baş proku­ror tərəfindən respublikanın bölgələrində ümumilikdə 18 qəbul həyata keçiril­miş, həmin qəbullar zamanı Lənkəran şəhərində (Lənkəran, Astara, Lerik rayon sakinləri) – 34, Ağdam rayonunda (Ağdam, Ağcabədi və Laçın rayon sakinləri) – 116, Füzuli rayonunda (Füzuli, Beyləqan və Xocavənd rayon sakinləri) – 35, Ağstafa rayonunda (Ağstafa, Qazax, Şəmkir və To­vuz rayon sakinləri) – 23, Bərdə rayonunda (Bərdə və Tərtər rayon sakinləri) – 114, Goranboy rayonunda (Naftalan şəhər, Goranboy və Xocalı rayon sakinləri) – 33, Şəmkir rayonunda (Şəmkir, Gədəbəy və Daşkəsən rayon sakinləri) – 30, Masal­lı rayonunda (Bakı və Lənkəran şəhər, Masallı, Cəlilabad, Yardımlı və Lerik rayon sakinləri) – 82 və Zaqatala rayonunda (Bakı şəhər, Zaqatala, Balakən, Qax, Qəbələ, Şəki və Gədəbəy rayon sakinləri) – 40, İmişli rayonunda (İmişli, Sabirabad, Saatlı və Cəbrayıl rayon sakinləri) – 39, Salyan rayonunda (Salyan, Biləsuvar və Neftçala rayon sakinləri) – 52, Mingəçevir şəhərində (Mingəçevir şəhər, Ağdaş və Yevlax rayon sakinləri) – 63, Ucar rayo­nunda (Ucar, Göyçay, Zərdab və Kürdəmir rayon sakinləri) – 83, Oğuz rayonunda (Oğuz, Şəki və Qəbələ rayon sakinləri) – 19, Şamaxı rayonunda (Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayon sakinləri) – 61, Şirvan şəhərində (Şirvan şəhər və Ha­cıqabul rayon sakinləri) – 27, Xaçmaz rayonunda (Xaçmaz, Quba və Qusar rayon sakinləri) – 30 və Siyəzən rayonunda (Siyəzən, Xızı və Şabran rayon sakinləri) – 27 nəfər olmaqla, cəmi 908 vətəndaş qəbul edilmişdir.

Bundan başqa, ötən dövr ərzində bilavasitə Baş Prokurorluqda keçirilmiş 1785 vətəndaş qəbulunda 1699 vətəndaş qəbul edilmiş, onlardan 151-i baş proku­ror, 63-ü isə baş prokurorun müavinləri tərəfindən qəbul olunmuşdur.

Bununla yanaşı, vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə daha yüksək pilləyə qaldırılma­sı, vətəndaşların qəbulunda şəffaflığın ar­tırılması məqsədilə yaradılan Azərbaycan Respublikasının Prezident Administra­siyasının Vətəndaş Qəbulu Mərkəzində qəbulda olmuş 284 vətəndaşın Baş Prokurorluğun rəhbərliyi və digər vəzifəli şəxsləri tərəfindən operativ qaydada qəbul edilərək müraciətlərinin xüsusi nəzarətə götürülməsi təmin edilmişdir.

Prezident İlham Əliyevin 10 iyun 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni strukturu təsdiq edilərək, dina­mik idarəetməyə malik yeni idarələr, o cümlədən Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi və Cinayət təqibindən kənar icraatlar idarələri, həmçinin Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin tərkibində Müraciətlərə ilkin baxılması şöbəsi yaradılmışdır.

Fəaliyyətə başladığı 2 ildən bir qədər artıq müddət ərzində göstərilən yeni təsisatlar tərəfindən digər idarələrlə əlaqəli şəkildə cinayətkarlığa qarşı mübarizə, in­san hüquq və azadlıqlarının, habelə, dövlət və ictimai maraqların qorunaraq təmin edilməsi, vurulmuş ziyanın ödənilməsi sahələrində əhəmiyyətli nəticələr əldə edilmişdir.

Cinayət yolu ilə əldə edilmiş əmlakların aşkar edilməsi, izlənməsi, idarə edilməsi və müsadirəsi istiqamətində səmərəli mexanizmin yaradılması mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və onun qar­şısının alınmasında mühüm vasitələrdən biridir. Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin yaradılma­sında əsas məqsəd cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və xüsusi müsadirənin tətbiq edilməsi ilə əlaqədar əmlakların bərpa olunmasının səmərəliliyinin yüksəldilməsindən ibarətdir. Vurulmuş ziyanın ödənilməsi üçün cinayət yolu ilə əldə edilmiş aktivlərin aşkar olun­ması və müsadirəsi mühüm əhəmiyyət kəsb edir və beynəlxalq standartların tələblərinə əsasən, bu vəzifə inkişaf etmiş Avropa ölkələrində əmlakın bərpası üzrə ixtisaslaşdırılmış qurumlar tərəfindən həyata keçirliir.

Əsas vəzifəsi xüsusi müsadirənin predmeti olan əmlakların hərəkətinə nəzarət edilməsi, əmlakın bərpası ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsindən ibarət olan Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi fəaliyyət istiqamətlərinə uyğun ola­raq, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə Baş Prokurorluğun struktur qurumlarının fəaliyyəti səmərəli əlaqələndirilməklə, xüsusi müsadirənin tətbiq edilməsi üçün istintaq qurumlarına köməklik göstərilir.

Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən prokurorluq orqanlarında istintaq olunan cinayət işləri üzrə vurulmuş və ödənilən ziyan, üzərinə həbs qoyulmuş əmlaklar, barəsində xüsusi müsadirə tətbiq edil­miş əmlaklarla bağlı elektron məlumat bazası yaradılmışdır. İdarə tərəfindən konkret cinayət işləri üzrə dövlət qurum­larının məlumat bazaları və informasiya sistemləri, o cümlədən xarici və beynəlxalq mənbələrdən müxtəlif məlumatlar top­lanılaraq, qeydiyyatı aparılmaqla əmlak üzərinə həbs qoyulması ilə bağlı istintaq qurumlarının məhkəməyə ünvanlanmış əsaslandırılmış vəsatətlərinin hazırlanma­sında dəstək verilir.

Cinayət aktivlərinin bərpasının gücləndirilməsi istiqamətində və qul­luqda mütərəqqi motivasiya modeli və şəffaflığın təmin edilməsi üçün 16 aprel 2021-ci il tarixdə “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsinə dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən, prokurorluq orqanları tərəfindən istintaq olunan cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə cinayət nəticəsində dövlətə vurulmuş ziyanın ödənilməsi üçün ibtidai araşdırma dövründə dövlət büdcəsinə köçürülmüş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün dövlət büdcəsinə edilmiş ödənişlərdən, habelə prokuror tərəfindən baxılması üçün məhkəməyə göndərilmiş inzibati xətalara dair işlər üzrə tətbiq edilən cərimələrdən daxil olan vəsaitin Azərbaycan Respublikası Prokurorluğu­nun xəzinə hesabına köçürülməsi qay­dası müəyyən edilmişdir. Yeri gəlmişkən, Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2021-ci il tarixli fərmanı ilə “Prokurorluq işçilərinin sosial müdafiəsini gücləndirmək və prokurorluq orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Prokurorluğu­nun xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası” təsdiq edilmişdir.

Aparılmış islahatlar və görülmüş işlər nəticəsində cinayət aktivlərinin bərpası və vurulmuş ziyanın ödənilməsində əvvəlki illərlə müqayisədə əhəmiyyətli irəliləyişlər baş vermişdir. Belə ki, keçən müddət ərzində dövlət büdcəsinə vurulmuş ziyanın əvəzi olaraq 162 milyon 639 min 756,04 manat və 332,482 ABŞ dolları, fiziki və hüquqi şəxslərə dəymiş ziyanın əvəzi olaraq ödənilmiş 939,490,25 manat, 45,700 ABŞ dolları, cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda şəxsin cinayət məsuliyyətdən azad olunması üçün ödənilmiş 2,680,708,96 manat, əməliyyat-axtarış tədbirləri zamanı isə götürülmüş 1,110,536,72 manat və 437,054 ABŞ dolları məbləğlərində vəsaitlərin İdarənin elektron-uçot bazasında qeydiyyatı aparıl­mışdır.

Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi tərəfindən istintaq orqanlarının sorğusuna əsasən, keçən müddət ərzində əmlakların izlənməsi və aşkar edilməsi sahələrində müvafiq tədbirlər həyata keçirilərək, təqsirləndirilən şəxslərə məxsus 334 daşınmaz əmlak, 149 torpaq sahəsi, 608 nəqliyyat vasitəsi, müxtəlif banklarda olan 90 hesab, 100 nəfərin fərdi sahibkarlıq subyekti kimi fəaliyyət göstərməsi aşkar edilmişdir. Bu müddət ərzində 81 əmlak, o cümlədən 21 torpaq sahəsi, 13 nəqliyyat vasitəsi, 28 daşınmaz əmlak və 19 qeyri-yaşayış sahəsinin mövcudluğu yerində yoxlanıl­maqla onların qiymətləndirilməsi aparıl­mışdır.

Bundan əlavə, gələcək əmlak müsadirəsi və vurulmuş ziyanın ödənilməsini təmin etmək məqsədi ilə ilk dəfə olaraq üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi institutunun qanunvericiliyə daxil edilməsi üçün müvafiq qanun layihələri hazırlanmışdır.

“Elektron Prokurorluq” informasiya sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublika­sının Prezidentinin 3 mart 2022-ci il tarixli fərmanı ilə cinayət yolu ilə əldə edilmiş əmlakın aşkar edilməsi üçün prokurorlu­ğun elektron məlumat bazalarına çıxışının təmin edilməsi ilə bağlı zəruri işlər davam etdirilir.

Fəaliyyətə başladığı vaxtdan idarə tərəfindən aktivlərin aşkar edilməsi və bərpası sahəsində dünyada fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığa başlanılmışdır. Belə ki, 2021-ci ilin aprel ayında Belçika Krallı­ğında keçirilmiş aktivlərin bərpası üzrə Kemden qurumlararası şəbəkəsinin (CARİN) idarəetmə qrupunun ümumi illik yığıncağında Azərbaycan Respublikası şəbəkəyə müşahidəçi qismində üzv qəbul olunmuşdur. Hazırda CARİN vasitəsi ilə cinayət işləri üzrə aktivlərin izlənməsi və aşkar olunması üzrə səmərəli əməkdaşlıq həyata keçirilir.

1 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğunun bene­fesiarı olduğu “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı Tvinning layihəsinin icrasına başlanılmışdır. 18 may 2022-ci il tarixdə layihənin rəsmi açılış mərasimi baş tutmuşdur.

Avropa Şurası və Avropa İttifaqı tərəfindən birgə həyata keçirilən “Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq” layihəsinin III mərhələsi icra olunmaqdadır.

Eyni zamanda, aktivlərin bərpası sahəsində Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinə dəstək məqsədi ilə həyata keçirdiyi layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət Tədqiqatı İnstitutu (UNİCRİ), həmçinin nüfuzlu beynəlxalq qeyri-kommersiya təşkilatı olan Bazel İdarəetmə İnstitutunun əmlakların bərpası üzrə beynəlxalq mərkəzi ilə əməkdaşlığa başlanılmışdır.

Qeyd etmək lazımdır ki, xarici ölkələrdə yerləşən əmlakların müsadirə edilərək qaytarılması məqsədilə Azərbaycan Res­publikası Cinayət Prosessual Məcəlləsinin 521-ci maddəsinin tələblərinə əsasən, beynəlxalq konvensiyaların tələblərinə uy­ğun olaraq, 3 ölkənin səlahiyyətli orqanları­na vəsatətlər göndərilmişdir.

Hazırda beynəlxalq praktikada ge­niş tətbiq olunan müsadirə və əmlakın bərpasının digər mexanizmlərinin milli qanunvericiliyə daxil edilməsi istiqamətində işlər davam etdirilir.

Cinayət təqibindən kənar icraatlar idarənin əsas vəzifə və funksiyalarına mülki və kommersiya mübahisələrinə dair icraatda, inzibati xətalar haqqında, hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası, xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması, həmçinin cinayət təqibindən kənar digər icraatlar­da prokurorluğun iştirakını təmin etmək, yetkinlik yaşına çatmayanların maraqla­rının qorunması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin hüquqi vasitələrlə təmin olunması sahəsində prokurorluğun fəaliyyətini əlaqələndirmək, prokurorluq sistemində cinayət təqibindən kənar icraatlar üzrə fəaliyyəti koordina­siya etmək, inzibati xəta haqqında işlər üzrə icraat zamanı tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində qanunların icrasına nəzarət etmək, amnistiyanın tətbiq edilməsi məsələsinə məhkəmədə baxıl­masında, habelə əfvetmə və reabilitasiya barədə müraciətlər üzrə rəy və arayışların hazırlanmasında iştirak etmək və digər məsələlər daxildir.

2021-ci il və 2022-ci ilin ilk 6 ayı ərzində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşları hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında respublikanın məhkəmələrində baxılan 23674 iş üzrə məhkəmə proseslərində iştirak etmişlər. Qeyd edilən dövrdə idarə tərəfindən 215 cinayət xarakterli məlumat üzrə aparılmış araşdırma nəticəsində 175 cinayət işi başlanmış, 244,951 manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. İnzibati icra­atlar üzrə bu dövrdə idarəyə daxil olmuş məlumatlardan 372 şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarlar qəbul edilmişdir.

Göstərilən dövrdə idarə tərəfindən qa­nun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair mü­vafiq təşkilatlara, yaxud vəzifəli şəxslərə ümumilikdə 108 təqdimat verilmişdir.

Bu dövr ərzində “Prokurorluq haqqın­da” Azərbaycan Respublikasının Qa­nununa əsasən qanun pozuntularından çəkindirmək məqsədi ilə 65 vətəndaşa və ya vəzifəli şəxsə rəsmi xəbərdarlıq edilmişdir.

Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə elan edilmiş amnistiya qərarının icrası, icra vəziyyətinin təhlili və ümumiləşdirmənin aparılması Azərbaycan Respublikası Baş Prokurorunun 05.11.2021-ci il tarixli 09/20 nömrəli əmri ilə Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilmiş­dir. Ümumilikdə, qeyd edilən dövr ərzində 05.11.2021-ci il tarixli Amnistiya aktı 17267 şəxsə tətbiq edilmişdir.

Qeyd edilən müddətdə 1621 məhkumun əfvetmə barədə müraciətinin mümkünlüyü idarə əməkdaşları tərəfindən öyrənilmiş və rəylərin layihələri hazırlan­mışdır.

Bu dövr ərzində idarə tərəfindən valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquq­larının məhdudlaşdırılması ilə bağlı mülki iddialar qaldırılmışdır. Ümumilikdə, 24 uşağın 19 valideyni barəsində 16 mülki iddia qaldırılmışdır.

Qeyd edilən müddətdə ümumilikdə idarə tərəfindən xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə apell­yasiya instansiyaları məhkəmələrinə 20 təqdimat verilmiş və həmin təqdimatlar təmin edilmişdir.

Xüsusi qeyd edilməlidir ki, proku­rorluq orqanlarında işin çevikliyinin və səmərəliliyinin artırılması istiqamətində həyata keçirilmiş struktur islahatla­rı çərçivəsində Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin tərkibində Müraciətlərə ilkin baxılması şöbəsi yaradılmışdır.

Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”nın tələblərinə uyğun olaraq şöbəyə dövlət və bələdiyyə orqanların­dan, habelə kommersiya və qeyri-kom­mersiya təşkilatlarından, onların vəzifəli şəxslərindən, o cümlədən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən mənimsəmə və qulluq mənafeyi əleyhinə olan digər cinayət faktları ilə bağlı müraciətlərə və ya materiallara baxılması vəzifələri həvalə olunmuşdur.

Ötən dövr ərzində Müraciətlərə ilkin baxılması şöbəsində 324 materiala baxıl­mış, onlardan 155-i araşdırmanın davam etdirilərək qanunamüvafiq qərar qəbul edilməsi üçün Baş Prokurorluğun aidiyyəti idarələrinə göndərilməklə 34-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanmış, həmin işlərdən 11-i üzrə ibtidai istintaq tamam­lanmaqla baxılması üçün məhkəmələrə göndərilmişdir.

Əldə edilmiş nailiyyətlər dövlət baş­çısı İlham Əliyevin prokurorluq orqan­larının işinin təkmilləşdirilməsi, müasir şəraitə uyğunlaşdırılması istiqamətində genişmiqyaslı islahatlar aparmasına dair verdiyi müdrik tövsiyələrin real nəticələrini əks etdirir.

Elmar CAMALOV,

Azərbaycan Respublikası Baş prokurorunun müavini,

III dərəcəli dövlət ədliyyə müşaviri

 

23 Sentyabr 2022 02:00 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə