Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçında üçrəngli bayrağımız dalğalanır

Bu il sentyabrın 21-i Azərbaycan xalqının, eləcə də biz laçınlılarının yaddaşına heç vaxt unudulmayacaq bir tarix kimi yazıldı. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaltdı.

Prezident İlham Əliyev Laçına səfər edən ilk dövlət başçısı kimi adını tarixə yazdı. Qürurverici məqamdır ki, o,qalib xalqın, qalib ordunun müzəffər Ali Baş Komandanı kimi Laçına qısa zaman­da üçüncü səfərini gerçəkləşdirdi. Laçında çıxış edən dövlət başçısı bir çox mühüm məqamlara diqqət çəkdi. Prezident İlham Əliyev bildirdi ki, qırx dörd günlük Vətən müharibəsinin so­nunda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu və beləliklə, Azərbaycanın tarixi Zəfəri təsdiqləndi. “Bu kapitulyasiya aktının nəticəsində Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxarmalı idi və buna əməl etdi”.

Daha sonra dövlət başçımız Laçın­dan keçən yolun inşasından, dövlətlərin üzərlərinə götürdükləri öhdəliklərin vaxtında icrasından və müzəffər Ordu­muzun Laçını nəzarətə götürməsinin əhəmiyyətindən söhbət açdı. Dövlət başçımız Laçın və Kəlbəcər rayonla­rının bir hissəsinin 44 günlük Vətən müharibəsi dövründə-- Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad edildiyini bildirdi. “Ancaq La­çın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində mənim təkidimlə alterna­tiv yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Biz isə razılaşmaları daha tez bir zaman­da başa çatdırdıq, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi bir il 8 ay çəkdi. Yəni bir il 8 aydan sonra artıq alternativ yol hazır idi. Biz rəsmi qaydada bildiriş göndərmişdik ki, avqustun 2-də yol hazırdır, avqustun 5-də Azərbaycan Laçın şəhərinə və o cümlədən köhnə yola daxil olur və Laçın şəhərinə qayıdır. Ondan sonra bizə Qarabağda yaşayan ermənilər müraciət etmişdilər, xahiş etmişdilər ki, onlara avqustun 25-nə qədər əlavə vaxt verilsin. Baxmayaraq ki, burada qanunsuz məskunlaşma olub, biz yenə də humanistlik göstərərək onlara bu imkanı verdik. Beləliklə, avqustun 26-da Azərbaycan Ordusu Laçın şəhərinə da­xil oldu və biz Laçın şəhərini qaytardıq”.

Laçına səfəri çərçivəsində Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər–La­çın avtomobil yolunda yeni inşa edilən tunellə tanış oldu, Laçın şəhərində inşa ediləcək “Laçın” Qovşaq Yarımstan­siyasının təməlqoyma mərasimində iştirak etdi. Cənab Prezident Laçın şəhərinin yenidən qurulması planın­dan danışarkən, vaxtı ilə salınmış şəhər planından istifadə olunacagı­na diqqət çəkərək bildirdi ki, şəhərin vaxtilə – 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır: “Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik”. Bu məqamda bir haşiyə çıxaraq, xüsusi ilə qeyd etmək istərdim ki, Laçın şəhərinin küçələrində gəzən ölkə başçısı xüsusi ilə qürurlu idi. O sanki artıq yenidən qurulmuş Laçın şəhərinin küçələrində addımlayırdı.

Cənab Prezident Laçının azad olunmasını və milli bayrağımızın Laçında dalğalanmasını qürur hissi ilə bildirdi: “Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!” Prezidentin bu inamı hər birimizdə gələcəyin inkişaf etmiş Laçınının, Zəngəzurun təbii sərvətlərinin ölkə iqtisadiyyatının inkişafına verəcəyi töhfələri səbirsizliklə gözləyirik.

Beləliklə, laçınlıların 30 illlik yurd həsrətinə son qoyulacağı gün ya­xınlaşır. Hər bir laçınlı ailəsi Laçına qayıdacağı günü səbirsizliklə gözləyir. Laçınlılar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qurub-ya­tatmaq, doğma yurdda firavan həyat sürmək arzularını gerçəkləşdirmək istəyindədirlər.

İlqar İLYASOV,

YAP Laçın rayon təşkilatının sədri

23 Sentyabr 2022 01:39 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə