Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmiz regionun gələcəyi naminə sülhə sadiqlik nümayiş etdirir

Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfərləri hər dəfə təzə infrastruktur obyektlərinin açılışı, yenilərinin isə təməlqoyma mərasimləri ilə yadda qalır. Bu baxımdan dövlət başçısının Laçın rayonuna səfəri də diqqət mərkəzindədir.

İşğaldan azad edilən ərazilərimizin siması­nın köklü surətdə dəyişməsi, tərəqqisi respub­likamızın ümumi inkişafına böyük təkan verir. Ölkə rəhbərinin düşməndən təmizlənən rayon­lara mütəmadi səfərlər etməsinin əsas qayəsi də elə budur. Başqa sözlə, bu, vəziyyətlə yerindəcə tanış olmaq, müəyyən çatışmazlıq­ları aradan qaldırmaq, görülməli olan işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermək məqsədi daşıyır.

Mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov qeyd edilən bu məqamla bağlı deyib:

–Prezident İlham Əliyev hər bir çıxışında Qarabağın Azərbaycan xalqının əbədi və əzəli torpağı olduğunu və xalqımızın bundan sonra da bu torpaqlarda daim sülh, barış, təhlükəsiz şəraitdə yaşayacağını əminliklə bəyan edir. Bu mesaj həqiqəti hələ də dərk etməyən və eşitməyənlər üçün həm də xəbərdarlıq məqsədi daşıyır.

Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldandan son­ra etdiyi çıxışında da bu cür xəbərdarlıqla Ermənistana və onun havadarlarına mesaj­larını çatdırdı. Düşməndən təmizlənən digər şəhər və kəndlərimiz kimi, Laçının da böyük hissəsinin erməni faşizmi tərəfindən tamamilə viran qoyulduğunu, bəzi yerlərdə qanunsuz məskunlaşma aparıldığını dedi. Eyni zamanda, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, o cümlədən, bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupu həmsədrlərinin illərlə bu qanunsuzluğa göz yumduğunu diqqətə çatdır­dı: “Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qa­nunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın”.

Dövlətimizin başçısı çıxışında xüsusi stra­teji əhəmiyyətə malik olan Laçın və Kəlbəcər rayonlarının azad edilməsinin xüsusi önəm daşıdığını da bildirdi. Prezident İlham Əliyev Laçın və Kəlbəcər rayonlarının 1990-cı illərin əvvəllərində işğal edilməsi ilə faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlan­tı yaradıldığını vurğulayaraq, Laçının 1992-ci il mayın 18-də, Kəlbəcərin isə 1993-cü il aprelin əvvəlində işğal altına düşdüyünü və beləliklə, ermənilərin öz istəklərinə qovuşduğunu xatır­latdı. Ölkə rəhbəri ermənilərin bu torpaqlarda əbədi yaşayacaqları düşüncəsinin heç bir reallığa əsaslanmadığını da diqqətə çatdıraraq, düşmənin buna nail olmadığını xüsusi vurğu­ladı.

Prezident İlham Əliyev çıxışında beynəlxalq humanitar hüququ, o cümlədən Cenevrə kon­vensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistanın işğal dövründə digər Azərbaycan ərazilərində olduğu kimi, La­çında da qeyri-qanuni fəaliyyəti davam etdirdiyi­ni, rayonun təbii resurslarını dağıtdığını, qanun­suz infrastruktur dəyişiklikləri həyata keçirdiyini, eyni zamanda, məqsədyönlü məskunlaşma siyasəti apararaq bölgənin coğrafi adlarını, de­moqrafik tərkibini dəyişdirdiyini də bildirdi.

Bu məqamda onu da xatırladaq ki, BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə Azərbaycan ərazilərinin işğalını pisləyib, res­publikamızın ərazi bütövlüyünü, suverenliyini və keçmiş Dağlıq Qarabağın Azərbaycanın ay­rılmaz hissəsi olduğunu bir daha təsdiqləyərək, işğalçı qüvvələrin zəbt olunan ərazilərdən dərhal, qeyd-şərtsiz və tam çıxarılmasını tələb edib. Lakin Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin, eləcə də digər beynəlxalq təşkilatların qərarlarının tələblərinə 30 ilə yaxın bir dövrdə məhəl qoymayaraq on­ları ciddi şəkildə pozub və Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaq edilməsi siyasətini yürüdüb. Beləliklə, cəzasızlıqdan həvəslənən Ermənistan daha da irəli gedərək, Azərbaycanı yeni torpaqlar uğrunda yeni müharibə ilə hədələyib, dövlət sərhədi və keçmiş təmas xətti boyu hərbi təxribatlara əl atmaqdan çəkinməyib.

İşğalçı ölkə belə bir növbəti təxribatı isə 2020-ci il sentyabrın 27-də törədərək, Azərbaycana qarşı genişmiqyaslı hərbi hücu­ma başladı. Buna cavab olaraq, Azərbaycan Ordusu öz ərazimizdə əks-hücum əməliyyatına başladı və işğal olunmuş torpaqlarımızı azad etdi.

Beləliklə, Silahlı Qüvvələrimiz 44 günlük sa­vaşla dövlətçiliyimizin ən şərəfli səhifələrini yaz­dı və əldə etdiyi tarixi zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın 30 illik işğalına son qoydu. Bir güllə atmadan, bir şəhid vermədən Ağdam, Kəlbəcər və Laçını düşməndən təmizlədi və dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü təsdiqlədi.

Prezident İlham Əliyev müharibədən dərhal sonra Azərbaycanın Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazır olması barədə dəfələrlə açıq bəyanat verib. Ermənistana sülh gündəliyi təqdim olunub. Azərbaycan tərəfindən delimitasiya və demarkasiya ilə bağlı çox aydın təkliflər irəli sürülüb. Lakin təəssüf ki, Ermənistan indiyədək bu məsələdə aydın mövqe bildirməyib. Dövlətimizin başçısı çıxışla­rının birində bu barədə bildirib: “Ancaq yenə də deyirəm, elə bilməsinlər ki, biz daim onlardan sülh tələb edəcəyik. Biz, sadəcə olaraq, regio­nun gələcəyi naminə və müharibə riskinin sıfra endirilməsi naminə bu təklifi edirik. Yenə də deyirəm, əgər Ermənistan buna hazır deyilsə, onda bu, olmayacaq. Olmasa nə olacaq? Heç nə. Biz nə itirəcəyik? Heç nə itirməyəcəyik, nə bu gün, nə sabah. Bəlkə də əksinə. Amma itirən tərəf Ermənistan olacaq”.

Söhbəti qələmə aldı: V.BAYRAMOV,

 “Xalq qəzeti”

23 Sentyabr 2022 01:23 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə