Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanın sülhpərvər mövqeyi dünya ölkələri tərəfindən dəstəklənir

Azərbaycan müstəqillik qazandığı gündən bəri bölgədə və dünyada sülh və sabitlik fəaliyyət göstərir. Rəsmi Bakı ölkə ərazisinin 20 faizdən çoxunun Ermənistanın işğalı altında olduğu dövrlərdə də bu istiqamətdə addımlarını dayandırmayıb. Əksinə, həmin dövrdə şəxsən Prezident İlham Əliyevin birbaşa təşəbbüsləri ilə bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edib, dünyada sülh və əmin-amanlıq işinə özünün dəyərli töhfələrini verməyə çalışıb.

Ölkəmiz 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı ərazilərini tamamilə azad etdikdən sonra da regionda sülh yaradılmasına çalışır. Noyabrın 10-da kapitulyasiya aktına imza ataraq məğlubiyyətini etiraf etmiş Ermənistan Azərbaycanın bu istiqamətdəki səylərini pozmağa nə qədər cəhdlər göstərsə də, rəsmi Bakı sülh iddialarından geri çəkilmir, işğalçı ölkəni sülhə məcbur etməyə çalışır. Bu istiqamətdə Prezident İlham Əliyev xüsusilə geniş səylər göstərir. Dövlət başçısı, eyni zamanda, 10 noyabr tarixli üçtərəfli Bəyanatın icrasını təmin etmək üçün Ermənistana təsir göstərməkdə də davam edir.

Bu istiqamətdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da mühüm addımlar atmaqdadır. Bu günlər Nyu-Yorkda BMT Baş Assamb­leyasının 77-ci sessiyası çərçivəsində XİN başçısı çoxsaylı görüşlər keçirərək, həm ölkəmizin sülhpərvər mövqeyini, həm Ermənistanın sülh prosesini sabo­taj etmək cəhdlərini dünyaya çatdırır, həm də regionda sülhün bəprasına çalışır. Onun bu istiqamətdəki fəaliyyəti ölkəmizin mövqeyinin, bununla paralel olaraq, haqq və ədalətin dəstəkçilərinin sayını artırır.

Bu mənada Ceyhun Bayramo­vun Qoşulmama Hərəkatı ölkələri nazirlərinin görüşündə iştirakı xüsusilə qeyd edilməlidir. Tədbir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə keçirilib. İclasda Qoşulmama Hərəkatına üzv dövlətlərin 50-yə yaxın xarici işlər naziri, nazir müavinləri və BMT yanındakı daimi nümayəndələri iştirak ediblər. Postpandemiya dövründə qlobal vəziyyət və Qoşulma­ma Hərəkatının vəzifələri mövzusuna həsr edilmiş iclasda bəyanatla çıxış edən nazir Ceyhun Bayramov Qoşul­mama Hərəkatına Azərbaycanın sədrliyi çərçivəsində görülən işlər, təşəbbüslər və gələcək planlar barədə məlumat verib. Dünyanın böyük transformasi­yalar dönəmindən keçdiyi, pandemiya, silahlı münaqişələr, iqlim dəyişikliyi və bir çox çağırışlar kontekstində qlobal təhlükəsizlik və inkişaf arxitekturasında indiyə qədər görünməmiş çətinliklər yaşandığı vurğulanıb.

Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiya üzrə Qo­şulmama Hərəkatı Təmas Qrupunun Zirvə görüşünün, Madriddə təsis edilmiş Qoşulmama Hərəkatının Par­lament Şəbəkəsinin, eləcə də Gənclər Təşkilatının təsis edilməsinin tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Şuşa Ak­kordu ilə Hərəkatın Gənclər Təşkilatının loqo və bayrağının təsdiq edildiyi qeyd olunub.

Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan yenidənqurma işləri və sülh qurucu­luğu təşəbbüsləri barədə iştirakçıları geniş məlumatlandırıb. Azərbaycan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri əsasında Ermənistana sülh sazişi imzalanması təklifi irəli sürüldüyü, bütün bunlara baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də Azərbaycana qarşı törədilən növbəti təxribatların bölgədə sülh və quruculuq səylərinə mane olduğu bildirilib. Bununla yanaşı, mina təhdidinin ciddi çətinliklər yaratdığı qeyd edilərək, Ermənistanın ərazilərdə mina yerləşdirməkdə davam etməsi barədə faktlar təqdim olunub. Azərbaycanın sa­bitliyin pozulmasında maraqlı olmadığı və sülhün təmin edilməsi üçün səyləri davam etdirəcəyi vurğulanıb.

Nazirlər çıxış edərək ölkələrinin mövqelərini diqqətə çatdırıb və icla­sın Siyasi Bəyannaməsi qəbul edilib. Uqandanın vitse-prezidenti Cessika Roz Epel Alupo Azərbaycanın Qoşul­mama Hərəkatına sədrliyinin bir çox ölkələr üçün nümunə olduğunu bildirib, növbəti mərhələdə hərəkata sədrlik etmək niyyəti olan Uqandanın ölkəmizlə sıx əməkdaşlıq etmək planları barədə məlumat verib.

Azərbaycanın XİN başçısı Ceyhun Bayramov BMT Baş Assambleya­sının 77-ci sessiyası çərçivəsində finlandiyalı həmkarı Pekka Haavisto ilə də görüşüb. Nazirlər iki ölkə ara­sında ikitərəfli münasibətlər, eləcə də beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində mövcud əməkdaşlıq münasibətlərini müzakirə ediblər. Ceyhun Bayramov həmsöhbətinə bölgədəki gərgin vəziyyətlə bağ­lı, Ermənistanın silsilə təxribatları barədə ətraflı məlumat verib. Nazir Azərbaycanla Ermənistan arasında münasibətlərin beynəlxalq hüququn norma və prinsipləri əsasında normal­laşması istiqamətində işlərin davam etdirilməsinin zəruri olduğunu vurğula­yıb.

Ermənistanın təxribatları və azad olunmuş ərazilərdə görülən bərpa işləri haqqında Ceyhun Bayramov Avstriya Respublikasının Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Aleksandr Şallenberq ilə görüşündə də danışıb. Nazir Ceyhun Bayramov postmünaqişə dövründə həyata keçirilən genişmiq­yaslı bərpa və quruculuq işləri barədə məlumat verib. İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasın­da münasibətlərin normallaşdırılması üçün imkanların yarandığını qeyd edən nazir, Azərbaycanın sülh quruculu­ğu təşəbbüslərini irəlilətdiyini, bütün bunlara baxmayaraq, Ermənistanın proseslərə maneçilik törətdiyini qeyd edib. Ölkəmizin bölgədə sülh və sabitliyin yaradılması istiqamətində səylərdə və mövcud problemlərin siyasi müstəvidə həllində maraqlı olduğunu diqqətə çatdırıb.

Tərəflər, həmçinin Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, enerji təhlükəsizliyi və qar­şılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Ceyhun Bayramov Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Bu­riç, Slovakiyanın xarici və Avropa işləri naziri Rastislav Kaçer, Monqolustanın xarici işlər naziri Battsetseq Batmunx, Suriya Ərəb Respublikasının xarici işlər və xaricdə yaşayan suriyalılar üzrə naziri Fayssal Mekdad, Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abşir Omar Huruse, Laosun xarici işlər naziri Saleumxay Kommasith və Nikara­quanın xarici işlər naziri Denis Ronaldo Monkada Colindres ilə görüşlərində də bölgəmizdə hazırkı durum barədə fikir mübadiləsi aparıb.

Nazir bölgədə münaqişə sonrası vəziyyət və Ermənistanın genişmiq­yaslı təxribatları barədə qarşı tərəfləri məlumatlandıraraq, Azərbaycanın atdığı addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat təqdim edib. Nazir Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğur­duğu ağır fəsadlardan, Ermənistan tərəfindən 2021-ci il istehsalı mi­naların hələ də ərazilərimizdə yerləşdirilməsindən bəhs edib. Ermənistanla sərhədlərin delimitasi­yasının və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin, sülh sazişi imzalanmasının bölgədə sa­bitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğunu vurğulayıb. Ceyhun Bayramov, eyni zamanda, Ermənistanın xarici işlər naziri ilə sentyabrın 19-da görüşü barədə də məlumat verib.

AŞ-nin Baş katibi Mariya Peyçinoviç Buriç təşkilatla Azərbaycan arasında Fəaliyyət Planının tərəflər arasında prioritetləri müəyyənləşdirdiyini və on­ların icrasının əhəmiyyətini diqqətə çat­dırıb. Bölgədə atəşkəsə əməl etməyin, danışıqları bərpa etməyin və normal­laşma prosesinin irəlilədilməsinin vacib olduğunu vurğulayıb. Təşkilat tərəfindən etimad quruculuğu tədbirləri həyata keçirilməsinə hazırlıq ifadə olunub.

Xarici işlər naziri Ceyhun Bayramov, eyni zamanda, Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM Xarici İşlər Nazirləri Şurasının 39-cu iclasında iştirak edib. İclasa Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili, Moldovanın xarici işlər və Avropa inteqrasiyası naziri Niku Popesku və Ukraynanın xarici işlər naziri Dmitro Kuleba da qatılıb­lar. İclasda çıxış edən nazir Ceyhun Bayramov ticarət, nəqliyyat və kommu­nikasiya, parlamentlərarası əməkdaşlıq istiqamətlərində GUAM çərçivəsində həyata keçirilən işlər və perspektivlər barədə fikirlərini bölüşüb, təşkilat çərçivəsində əməkdaşlığın vacib olduğunu bildirib. Nazir postmünaqişə dövründə Ermənistanla keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması məqsədilə səyləri barədə də məlumat verib. O, regionda bərpa və yenidənqurma tədbirləri, məcburi köçkünlərin geri qayıdışı, bölgədə yaşayan etnik ermənilərin reinteqrasiya­sı üçün bəzi layihələr, habelə bölgədə mina təhlükəsi barədə iştirakçıları məlumatlandırıb.

Onun sözlərinə görə, üçtərəfli Bəyanat və Azərbaycanla Ermənistan liderləri arasında əldə edilmiş razı­laşmalar çərçivəsində kommunika­siya və nəqliyyat xətlərinin açılması istiqamətində işlər aparılır, Azərbaycan tərəfindən sülh sazişi təklifi irəli sürülüb. Amma Ermənistan prosesi əngəlləyir və gecikdirmə taktikasına əl atır, üçtərəfli bəyanatlar üzrə öhdəliklərini ciddi şəkildə pozur və son aylar genişmiq­yaslı hərbi təxribatlar törədir, təxribatlar nəticəsində itkilər olur. Ermənistanın destruktiv fəaliyyətlərinə baxmayaraq, ölkəmiz sülh gündəliyini irəlilətməyə çalışır və danışıqlar davam etdirilir.

Nazir Ceyhun Bayramov Ukrayna­dakı vəziyyətin ciddi narahatlıq doğur­duğunu, problemin diplomatik yolla beynəlxalq hüquq əsasında, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlü­yü və suverenlik prinsiplərinə uyğun həllinin vacib olduğunu qeyd edib. Azərbaycanın Ukraynaya humanitar yardım əlini uzadan ilk ölkələrdən oldu­ğu və indiyə qədər bu ölkəyə 15 milyon avro məbləğində Ukraynaya yardım göstərildiyi bildirilib. Nazir Ukraynanı 2023-cü il üzrə GUAM sədrliyini təhvil alması münasibətilə təbrik edib.

İclas zamanı üzv dövlətlər “Azad ticarət zonasının yaradılması haqqın­da Sazişə malların mənşə ölkəsinin müəyyən edilməsi qaydaları haq­qında Protokol”u və “Konsulluq məsələləri sahəsində qarşılıqlı yardım haqqında Demokratiya və İqtisa­di İnkişaf naminəTəşkilat - GUAM Konvensiyası”nı imzalayıblar.

Azərbaycanın xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cam­mu və Kəşmir üzrə Təmas Qrupunun nazirlər görüşündə də iştirak edərək bu məsələnin beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini dəstəklədiyini bildirib. İƏT-in Cammu və Kəşmir üzrə Təmas Qrupunun təşkilata üzv olan dövlətlərin müvafiq İƏT qərarlarından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini nəzərdən keçirmək üçün faydalı bir mexanizm olduğu diqqətə çatdırılıb. Çıxış zama­nı Cammu və Kəşmirlə əlaqəli bütün məsələlərin sülh yolu ilə həllinin Cənubi Asiyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün vacib olduğu vurğulanıb.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

23 Sentyabr 2022 01:17 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə