Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bayrağımız Qarabağda əbədi dalğalanacaq!

 Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı möhtəşəm quruculuq layihələrinin təməlqoyma və açılış mərasimlərində iştirak etməklə, həm də bu işlərin icrasına şəxsən özü nəzarət edir. Ölkə rəhbəri bununla da həyata keçirilən işləri diqqət mərkəzində saxlamaqla yanaşı, həm də onilliklər boyu bu torpaqlara göz dikmiş erməni vandallarına və onların havadarlarına gözdağı verir.

 

 Dövlət başçımız hər çıxışında Qarabağın Azərbaycan xalqının əbədi və əzəli torpağı olduğunu və xalqımızın bundan sonra da bu torpaqlarda daim sülh, barış, təhlükəsiz şəraitdə yaşayacağını çox sərt və əminliklə bəyan edir. Bu mesajlar həqiqəti hələ də dərk etməyən və eşitməyənlər üçün həm də xəbərdarlıq kimi diqqət çəkir. Prezident İlham Əliyevin sentyab­rın 21-də Laçın rayonuna səfəri də bunun bariz ifadəsidir.

Xatırladaq ki, dövlətimizin başçısı səfər çərçivəsində Kəlbəcər–Laçın avtomobil yolunun 35-ci kilometrliyində Laçın Beynəlxalq Hava Limanına 2400 metr uzunluğunda giriş tunelinin inşası ilə tanış olub. Ölkə rəhbərinin tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində reallaşdırılan mühüm əhəmiyyətə malik yol infrastruktur layihələrindən biri olan 76,3 kilometrlik bu magistralın hazırda sürətlə inşasının həyata keçirildiyi bildirilib. Eyni zamanda, Kəlbəcər–Laçın avtomobil yolunun başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə işğaldan azad edilmiş Laçın rayonunun ərazisindən keçdiyi, bu rayonların bir çox yaşayış məntəqələri ilə yanaşı, rayon mərkəzinə, habelə yenicə inşasına başlanılmış Laçın Beynəlxalq Hava Limanına qədər rahat gediş-gəlişi təmin edəcəyi də qeyd edilib.

Prezident İlham Əliyev səfər çərçivəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq “Laçın” Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində də iştirak edib.

Laçın şəhərinin və ətraf kəndlərin Azərbaycanın ümumi enerji sisteminə qoşul­ması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün şəhərin cənub girişində inşa olunacaq rəqəmsal yarımstansiya Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaş­dırılmış layihə üzrə tikiləcək. Ümumi gücü 80 meqavatamper olacaq bu yarımstansiya qovşaq funksiyasını daşıyacaq. Belə ki, Füzulidəki “Şükürbəyli” yarımstansiyasından çıxaraq “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiya­larına, oradan isə “Güləbird” Su Elektrik Stan­siyası ilə əlaqələnən 110 kV-luq ikidövrəli xətt, “Daşkəsən” yarımstansiyasından “Kəlbəcər” və “Qorçu” yarımstansiyalarına çəkilən 110 kV-luq ikidövrəli xətt, həmçinin “Şükürbəyli” yarımstan­siyasından “Füzuli” və “Şuşa” yarımstansiyala­rına gətirilən 110 kV-luq ikidövrəli xətt “Laçın” şəhər yarımstansiyası ilə əlaqələndiriləcək.

 

Beləliklə, 44 günlük Vətən müharibəsindən sonra Qarabağda və Şərqi Zəngəzurda tikilən yarımstansiyaların və yeni çəkilən 400 kilometrdən çox yüksəkgərginlikli ikidövrəli xətlərin dairəvi elektrik təchizatı yaradılacaq. Bununla da, işğaldan azad olunmuş ərazilərdəki yüksəkgərginlikli xətlərdən birində qəza baş verərsə, dərhal digər istiqamətdən gələn xətt vasitəsilə oraya gərginlik ötürüləcək. Bununla da Qarabağ və Şərqi Zəngəzurda enerjinin verilişində fasilə yaranmayacaq.

Prezident İlham Əliyev səfər çərçivəsində Laçın şəhərində Azərbaycan Bayrağını ucaldandan sonra isə çıxış edib. Dövlətimizin başçısı nitqində 44 günlük Vətən müharibəsinin nəticəsi ilə bağlı Ermənistanın kapitulyasiya aktına imza atmağa məcbur olduğunu və beləliklə, Azərbaycanın tarixi zəfərinin təsdiqləndiyini bildirib. Bunun nəticəsində isə Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal edilmiş hissəsindən öz qoşunlarını çıxardıb.

Ölkə rəhbəri daha sonra deyib: “Laçın və Kəlbəcər rayonlarının bir hissəsi 44 günlük Vətən müharibəsi dövründə azad edilmişdi. Laçının cənub, Kəlbəcərin şimal hissəsini müzəffər Azərbaycan Ordusu işğalçılardan azad etmişdi. Ancaq Laçın şəhəri nəzarətimizdən kənarda qalmışdı. Bunun da səbəbi o idi ki, Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçir və buna görə biz Laçın şəhərini nəzarətə götürə bilməmişdik. Ancaq 9 noyabr tarixində aparılan danışıqlar nəticəsində mənim təkidimlə alternativ yolun çəkilişi sənəddə təsbit edildi və 3 il ərzində yeni yolun çəkilişi ilə bağlı razılaşmalar aparılmalı idi. Biz isə razılaşmaları daha tez bir zamanda başa çatdırdıq, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmişdi və təxirəsalınmaz tədbirlər görülərək yeni yolun çəkilişinə başladıq. Bu müddət cəmi bir il 8 ay çəkdi...”.

Dövlətimizin başçısı çıxışında bil­dirdiyi kimi, bir il 8 aydan sonra həmin alternativ yol istifadəyə verilib. Bununla da 30 il əvvəlki hadisələrin əksinə olaraq, Azərbaycan bütün beynəlxalq hüquq prinsipləri əsasında həm hərb meydanın­da, həm də diplomatik sahədə Ermənistan tərəfini düşmənin vaxtilə işğala məruz qoy­duğu bu ərazilərdən çıxmağa məcbur edib.

Prezident İlham Əliyev çıxışında Laçı­nın azad edilməsinin tarixi hadisə olduğunu qeyd edərək, bu gün şəhərin mərkəzində Azərbaycan Bayrağını qaldırdığını və bu bayrağın bundan sonra da əbədi dalğala­nacağını bildirib. Ölkə rəhbəri, eyni zaman­da, Laçın şəhərinin bütün Laçın rayonu, işğal altında olmuş digər başqa yaşayış məntəqələri kimi, erməni vandalizminə məruz qaldığını, erməni vəhşiliyinin təzahürlərinin hər bir kənddə, hər bir şəhərdə qabarıq nəzərə çarpdığını qeyd edib. Dövlətimizin başçısı “Bəzi yerlərdə, o cümlədən, Laçın şəhərində ermənilər qanunsuz məskunlaşma aparmışdılar, Ermənistandan və daha çox xaricdən – Suriya və Livandan erməni əsilli insanları gətirib burada qanunsuz yerləşdirmişdilər. Bu, hərbi cinayətdir, bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir”, – deyə vurğulayıb.

Burada onu da qeyd edək ki, ermənilər Laçın və Kəlbəcərdən çıxarılarkən, yenə də vəhşiliklər, barbarlıqlar nümayiş etdirdilər. Evləri, meşələri yandırdılar, hətta öz doğmalarının qəbirlərini də dağıdaraq cəsədləri özləri ilə apardılar.

Yeri gəlmişkən, bu, ermənilərin törətdikləri ilk barbarlıq əməli olmayıb, düşmən oxşar vəziyyəti 2020-ci ildə Ağdam və Kəlbəcərdən çıxarılanda da ya­radıb, apara bildiyini aparıb, bilmədiyini isə od vurub yandırıb, meşələri qırıb, torpağı minalayıb.

Erməni barbarlığı təkcə dağıntılarla, yanğınlarla bitmir. Onlar özlərini dünyaya məzlum göstərərək, “doğma yurdlarından” zorla çıxarıldıqlarını da iddia edirlər, heç bir əndazəyə sığmayan fikirlər səsləndirirlər, guya onlar üçün dogma olan bu yerlərdən “didərgin” salınırlar. Amma çox şübhəsiz ki, düşmən bura haradan və nə niyyətlə köçürüldüyünü yaxşı bilir.

Xatırladaq ki, Laçının Zabux kəndinin hazırda Azərbaycanı haqsızlıqda ittiham edən erməni “sakinləri” Yaxın Şərqdən köçürülüblər. Bu məskunlaşmada xaricdəki erməni diasporu və müxtəlif ianələr toplayan fondlar fəal rol oynayıblar. İndi qəribədir ki, 30 il bundan əvvəl həmin gəlmə ermənilər işğal olunmuş ərazilərə yerləşdirilmələrinin və aldanmalarının belə fərqində deyillər.

Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldandan sonra etdiyi çıxışında bu tarixi yurd yerimizin böyük hissəsinin erməni faşizmi tərəfindən tamamilə viran qoyulduğunu, dağıdıldığı­nı, bəzi yerlərdə qanunsuz məskunlaşma aparıldığını, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, o cümlədən, bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupu həmsədrlərinin bu qanunsuzlu­ğa göz yumduğunu diqqətə çatdırıb: “Ermənistandan Qarabağa, Qarabağ­dan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim tor­pağımızda ikinci erməni dövləti yaradılsın”.

Dövlətimizin başçısı çıxışında daha sonra xüsusi strateji əhəmiyyətə, çətin relyefə, ağır, soyuq iqlimə malik olan Laçın və Kəlbəcər rayonlarının azad edilməsinin xüsusi önəm daşıdığını bildirib. Ölkə rəhbəri Laçın və Kəlbəcər rayonlarının 1990-cı illərin əvvəllərində işğal edilməsi ilə faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaradıldığını vur­ğulayaraq, Laçının 1992-ci il mayın 18-də, Kəlbəcərin isə 1993-cü il aprelin əvvəlində işğal altına düşdüyünü və beləliklə, ermənilərin öz arzularına qovuşduğu­nu xatırladıb. Eyni zamanda, sözlərinə “Onlar hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail olacaqlar. Görürdülər ki, onlara himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələ ilə bilavasitə məşğul olan təşkilat buna biganə qaldı. Sanki onlara bəraət qazandırırdılar və daha da azğınlaşırdılar”, – deyə əlavə edib.

Dövlətimizin başçısının çıxışında diqqətə çatdırdığı bu məqamla bağ­lı onu da deyək ki, Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 18-də Laçının işğal edilməsi və bununla da düşmənin öz çirkin məqsədinə çatma­sı təsadüfi deyildi. Bu acı məğlubiyyətin əsas səbəblərindən biri o vaxtkı AXC–Müsavat iqtidarının yarıtmaz siyasəti, səriştəsizliyi idi. Həmin dövrdə ayrı-ayrı siyasi qüvvələrin hakimiyyət maraqları o dərəcədə idi ki, düşmənlə qeyri-bərabər döyüşlərdə əsl qəhrəmanlıq göstərən Laçının müdafiəsi unudulub arxa plana keçdi. Laçındakı döyüşçülərin xeyli hissəsi Bakıya çağırılaraq, hakimiyyət çevrilişinə cəlb edildi. Düşmən qarşısında tək bu­raxılan, köməksiz qalan bir qrup laçınlı isə mərdliklə döyüşərək, qəhrəmanlıq salnaməsi yazdı. Çox sayda qurbanlar verilsə də, Laçın düşmən əlinə keçdi.

Beləliklə, Ermənistanın Azərbaycan Respublikasına qarşı hərbi təcavüz siyasətinin davamı olan Laçın rayonunun işğalı nəticəsində bölgənin əhalisi etnik təmizləməyə məruz qaldı və 77 min 518 nəfər sakinin respublikamızın müxtəlif bölgələrində məcburi köçkün həyatı baş­ladı.

Ermənistanın işğalı nəticəsində rayonun 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal obyektləri talan edilərək sıradan çıxarıldı. Həmçinin dünya, yerli əhəmiyyətli çox­saylı tarixi abidə vandalizmə məruz qaldı. O cümlədən, VI əsrə aid Alban Ağoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi, Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıq viran edildi, Laçın Tarix Muzeyi və onun qızıl, gümüş və tunc sikkələrdən ibarət qədim kolleksiyası talandı.

Beynəlxalq humanitar hüququ, o cümlədən, Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozan Ermənistan işğal dövründə digər Azərbaycan ərazilərində olduğu kimi, Laçında da qeyri-qanuni fəaliyyəti davam etdirdi, coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını dağıtdı, qanunsuz inf­rastruktur dəyişiklikləri həyata keçirdi, eyni zamanda, məqsədyönlü məskunlaşma siyasəti apararaq bölgənin demoqrafik tərkibini dəyişdirdi.

Təəssüf ki, Ermənistan Azərbaycan ərazilərini işğal altında saxlamaqla güddüyü siyasi məqsədlərinə nail ola bilməyəcəyini anlamadı, torpaqlarımı­zın işğalına əsaslanan status-kvonun qəbuledilməzliyini dərk etmədi.

Beləliklə, işğalçı 30 ilə yaxın bir dövrdə qəsbkar siyasət yürütməklə bölgədə, o cümlədən, Ermənistanda sülh, sabitlik və təhlükəsizliyin inkişafına imkan vermədi.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

23 Sentyabr 2022 00:44 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə