Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizin İsraillə dostluğuna sədaqətlə xidmət etmiş Azərbaycan oğlu

Avrasiyada heç bir ölkə İsraillə Azərbaycandan daha yaxın, isti, strateji, daha səmimi və dostluq münasibətlərinə malik deyil.

Arye QUT

 

2022-ci il sentyabrın 20-də Azərbaycan – İsrail münasibətlərinin inkişafına əvəzsiz töhfələr vermis, “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının başçısı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, siyasi analitik, “The Jerusalem Post” qəzetinin siyasi şərhçisi Arye Qut uzun sürən xəstəlikdən sonra vaxtsız vəfat etmişdir.

Arye Qut, yalnız ictimai və siyasi düşüncələri ilə deyil, həm də bədii ədəbiyyat sahəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılma­sında müstəsna xidmətlər göstərmiş görkəmli bir şəxsiyyət idi. O, 2 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı Dövlət Univer­sitetinin beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti bitirdikdən sonra müəllimlik təcrübəsi keçmək məqsədi ilə İtaliyanın Genova Universitetinə göndərilmiş, üç il ərzində Bakı Dövlət Univer­sitetinin ən gənc müəllimlərindən biri olmuş, beynəlxalq münasibətlər sahəsində magistr elmi dərəcəsinə yiyələnmişdir. Arye Qut Azərbaycan, rus, ingilis, ivrit, türk və alman dillərində sərbəst danışa bilirdi.

2000-ci ildə İsrail Dövlətinə köçmüş, 2002-2009-cu illər ərzində tanınmış “GİLRO LTD” İs­rail şirkətində idxal-ixrac departamentin rəhbəri vəzifəsində, eyni zamanda 2007-2009-cu illərdə Türkiyənin İsraildəki səfiri Namiq Tanın siyasi müşaviri vəzifəsində çalışmışdır. Bununla yana­şı, Arye Qut İsrail–Turkiyə və İsrail–Azərbaycan münasibətləri sahəsində İsraildə aparıcı mütəxəssislərdən biri kimi tanınırdı və İsrailin dövlət radiosunda “Radio Reka” (rus dilində), “Reşet Bet” (ivrit dilində) və İsrailin daha 10-a yaxın televiziya kanallarında daimi siyasi şərhçi kimi çıxış etmişdir. O, həm də İsrailin hərbi sənaye kompleksində çalışmış və bu strukturda postsovet məkanında olan ölkələr sahəsində nüfuzlu mütəxəssislərdən biri hesab olunmuş, eyni zamanda İsrailin Müdafiə Nazirliyində siyasi analitik və Cənubi Qafqaz regionu üzrə aparıcı mütəxəsislərdən biri hesab olunurdu.

Arye Qut həm İsrail, həm də Azərbaycan mətbuatı ilə fəal şəkildə əməkdaşlıq edərək Türkiyə–İsrail münasibətlərinə, İsrail və Azərbaycan strateji tərəfdaşlığına, Cənubi Qafqazda geosiyasi vəziyyətə, Ermənistan–Azərbaycan münaqişəsinə dair 700-dən artıq analitik məqalələrin müəllifidir. O, İsraildə Azərbaycan diasporunun fəal nümayəndələrindən biri, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru, “İsrail–Azərbaycan” Beynəlxalq Assosiasiyasının idarə heyətinin üzvü və təşkilatın mətbuat katibi, İsraildəki “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, İsrail Dövlətində “Justice for Khojaly” beynəlxalq kampaniyasınin rəsmi əlaqələndiricisi olmuşdur.

2016-cı ildən Arye Qut Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərib. Onun İsraildə “Ağrı” bədii-sənədli romanı çapdan çıxıb. Əsərdə 1992-ci ildə erməni silahlı dəstələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş dəhşətli soyqırımından bəhs edilir.

Arye Qut Azərbaycan xalqını çox sevirdi: “Mən həmişə demişəm, yenə də deyirəm, Azərbaycan xalqının dostu yox, oğluyam” – söyləməklə bir daha ölkəmizə nə qədər bağlı olduğunu nümayiş etdirmişdir.

O, rayonumuzla da sıx bağlı bir insan idi. Dəfələrlə müxtəlif nümayəndə heyətləri ilə birgə rayonumuzda və Dağ yəhudilərinin kompakt şəkildə yaşadığı Qırmızı Qəsəbədə olmuş, ölkəmizdə, o cümlədən rayonumuzda olan multikultural və tolerant mühit barədə dünya ictimaiyyətinə dəyərli məlumatlar çatdırmışdır. Bununla yanaşı, 1918-ci il Azərbaycanlılara qarşı soyqırımı hadisələrini özündə əks etdirən Quba Soyqırımı Memorial Kompleksində bir neçə dəfə olan qonaq, erməni vandal­ları tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş amansız qırğınlar barədə də dünyaya həqiqətləri çatdırmışdır. Xalqımız onun xatirəsini daim uca tutacaqdır.

Quba rayonunun ictimaiyyəti Arye Qu­tun vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Yavuşva SİMANDİYEV,

 Quba rayonu, Qırmızı Qəsəbə 1 nömrəli tam orta məktəbin direktoru

23 Sentyabr 2022 00:21 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə