Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya və Çin xarici işlər nazirlərinin görüşü

Rusiya əmindir ki, Çin Kommunist Partiyasının oktyabrda keçiriləcək 20-ci qurultayı ölkənin inkişafı ilə bağlı pozitiv qərarlarla başa çatacaq və beynəlxalq arenada ədalətin bərqərar olmasına kömək edəcək. Belə bir bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Van İ ilə görüşdə çıxış edib. Məlumatı “İnterfaks.ru” verib.

“Bir neçə gündən sonra Çin Kommunist Partiyasının 20-ci qurultayı başlayacaq. Bütün dünyanın diqqəti bu vacib tədbirə yönəlib. Əminik ki, çinli dostlarımız qurultayı ölkənin, cəmiyyətin gələcək inkişafı üçün pozitiv razılaş­malarla başa çatdıracaq”.

Lavrov çinli həmkarı ilə görüşdən məmnun oldu­ğunu deyib. Qeyd edək ki, Çin Kommunist Partiyasının qurultayı oktyabrın 16-da Pekində açılacaq, yekunda isə partiya Siyasi Bürosunun Daimi Komitəsinə seçiləcək və yaxın 5 il ərzində Çinin siyasi gələcəyini müəyyən edəcək şəxslərin adları məlum olacaq.

Çinin xarici işlər naziri Van İ isə Lavrovla görüşü zamanı bildirib ki, Rusiyanı BMT-də oynadığı vacib roldan heç kim məhrum edə bilməz.

Van İ deyib: “Biz lap bu yaxınlarda Səmərqənddə görüşdük. Birinci növbədə, sizi salamlayıram və BMT-nin mənzil-qərargahının yerləşdiyi Nyu-Yorka gələ bilməyiniz münasibətilə təbtik edirəm. BMT ABŞ ərazisində yerləşsə də, bizim hamı­mıza məxsusdur. Rusiya Təhlükəsizlik Şurasının daimi üzvüdür və bundan sonra da BMT-dəki vacib rolunu oyna­maqda davam etməlidir. Heç kim Rusiyanı bu hüququndan məhrum edə bilməz”.

Çin XİN başçısı xatırladıb ki, Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşündə ikitərəfli münasibətləri müzakirə edilib və bir çox məsələlər üzrə anlaşma əldə olunub.

Van İ əlavə edib: “Mən sizinlə birlikdə ölkələrimizin liderlərinin son görüşündə qəbul edilmiş qərarların icrası üzərində işləməyə hazıram. Pandemiya hələ başa çatmayıb, dünya­da dərin dəyişikliklər baş verir, hazırkı şəraitdə biz əlaqələrimizi koordinasiya etməli və əməkdaşlığımızı gücləndirməliyik ki, ümu­mi çağırışlara birgə cavab verək, dünya nizamını daha ədalətli etmək üçün qlobal təhlükəsizliklə bağlı təşəbbüslər irəli sürək”.

Paşa ƏMİRCANOV,

“Xalq qəzeti”

22 Sentyabr 2022 23:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
1 Oktyabr 2022 | 23:30
İndoneziyada zəlzələ
1 Oktyabr 2022 | 23:07
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə