Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqın maraqlarını təmin edən idarəçilik nümunəsi

Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıca vəzifə olaraq ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

Bu gün dünyanın bütün qütblərində, bütün ölkə və beynəlxalq təşkilatlarda mütərəqqi insanların hamısı etiraf edir ki, gənc müstəqil Azərbaycan Respublikası bəzi dövlətlərin iki-üç əsrdə qazandığı uğur və nailiyyətlərə imza atmışdır. Həmin uğurların sırasında beynəlxalq aləmə inteqrasiya, cəmiyyətin daha da demokratikləşdirilməsi, əsas insan hüquq və azadlıqlarının qo­runması, Seçki Məcəlləsinin Avropa standartları səviyyəsində təkmilləşdirilməsi, güclü ordunun formalaşdırılması... və hərtərəfli islahatların aparılması kimi nailiyyətlər vardır. Ən başlıcası isə aparılan siyasətin xalqın maraq və mənafelərini təmin etməsidir.

Bugünkü Azərbaycan reallıqlarını təhlil edən politoloq və ekspertlər yazırlar ki, həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev siyasi fəaliyyətin bütün istiqamətlərində xalqın maraq və mənafelərini əsas götürmüşlər. Hamının yekdil fikri belədir ki, Prezident İlham Əliyev dövlətimizin xilaskarı olmuş ümum­milli liderin başladığı islahatlar kursunu son bir neçə ildə daha da dərinləşdirmiş və özünəməxsus uğurlara imza atmışdır.

Azərbaycan ictimaiyyəti də görür ki, son zamanlar çox ciddi kadr islahatları aparılıb. Hakimiyyətin demək olar ki, bü­tün qollarında ciddi kadr islahatları aparı­lır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu faktların korrupsiyaya qarşı mübarizədə önəmli rol oynadığı göz qabağındadır.

Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, müasirləşdirilməsin. Ordunun müasirləşdirilməsinin nəticələrini 44 günlük İkinci Qarabağ müharibəsində gördük. Beynəlxalq aləmə inteqrasi­ya istiqamətində atdığımız addımla­rın müasirləşdirilməsinin nəticələrini Azərbaycanın yaratdığı yeni reallıqların dünya ictimaiyyəti tərəfindən qəbul edilməsində gördük. Elm və texnika sahəsindəki müasirləşməni ölkəmizin beynəlxalq “Kosmik ailə”nin üzvü olmasında görürük. Siyasi-diplomatik addımlarımızın müasirləşdirilməsinin nəticələrini BMT Təhlükəizlik Şurasına, Avropa Şurası Nazirlər Komitəsinə, Türk­dilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik zamanı atdığımız addımların alqışlanmasında gördük. Paytaxtımızın infrastrukturu­nun müasirləşdirilməsinin nəticələrini BMT-nin iştirakıyla təşkil olunan bir sıra tədbirlərin, ABŞ, NATO və Rusiyanın ən ali hərbi təmsilçilərinin görüşlərinin, Avroviziya Mahnı Müsabiqəsinin, Avropa Oyunlarının, İslam Həmrəylik Oyunlarının və onlarca digər beynəlxalq tədbirlərin məhz Bakıda keçirilməsində gördük.

Ekspertlər yazırlar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsi istiqamətində ardıcıl islahatlar aparılır, iqtisadiyyatın və dövlət idarəetməsinin səmərəliliyinin, informasiya təhlükəsizliyinin və vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə rəqəmsal təşəbbüslər həyata keçirilir, bu­nunla əlaqədar normativ aktlar və dövlət proqramları qəbul olunur. Rəqəmsal cəmiyyət dövlətimizin başçısının bu ilin fevralında təsdiq etdiyi Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən biri kimi müəyyən edilib. Eyni zamanda, müasir telekom­munikasiya və rəqəmsal arxitektura quruculuğunun idarə olunması, müxtəlif sahələrdə rəqəmsal xidmətlər və həllər üzrə platformanın inkişafı ilə bağlı işlərin səmərəli əlaqələndirilməsi məqsədilə dövlətimizin başçısı tərəfindən yenicə “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqın­da” Fərman imzalanıb.

Prezident Kitabxanasının elektron resurslarında oxuyuruq ki, müasir texnologiyalar cəmiyyət həyatının bütün sahələrinə nüfuz edir və hüquq sahəsi də istisna deyil. BMT-nin Baş katibi Antonio Quterreşin dediyi kimi: “Gələcək qanunun aliliyi texnologiyalar əsasında qurulmalı­dır ki, onların köməyi ilə insanların ədalət məhkəməsinə əlçatanlığını asanlaşdır­maq və yeni çağırışlarla ayaqlaşmaq mümkün olsun”. Bu isə bizim üçün daha vacib amillərdən biridir. Çünki əsrlər boyu başqa dövlətlərin tərkibində olmuş Azərbaycan dövləti bu gün öz əhalisinə məhz dünya təcrübəsi səviyyəsində xidmət etmək kimi mühüm bir məqsədi reallaşdırmaq istəyir.

Ədliyyə Nazırliyinin elektron resurs­larında oxuyuruq ki, hüquq islahatla­rının uğurlu olması üçün, ilk növbədə, onun təməlində sistemli, ardıcıl və elmi cəhətdən əsaslandırılmış hüquq siyasəti durmalıdır. Qeyd olunur ki, bu gün qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması və sair dövlətin hüquq siyasətinin mərkəzində dayanır və bununla bağlı ölkəmizdə mükəmməl qanunvericilik bazası yaradılaraq dinamik inkişaf edir. Təkcə son 5 il ərzində 4200 qanun və Prezidentin sosial-iqtisadi inkişafa, əhalinin rifahının yaxşılaşma­sına dair fərmanı qəbul edilib ki, onların əksəriyyətinin praktiki olaraq işlənib hazırlanmasında Ədliyyə Nazirliyi fəal iştirak edib.

Bu zaman bir məqamı da yada salmaq zərurəti var. Belə ki, ulu öndər Heydər Əliyevin fikrincə, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Qətiyyətlə deyə bilərik ki, bu gün Azərbaycanda həmin faktların tamamilə aradan qaldı­rılması üçün olduqca mühüm addımlar atılmışdır. Yeri gəlmişkən, bu istiqamətdə atılmalı olan addımlardan biri də cəza siyasətinin humanistləşdirilməsidir. Azərbaycanda dövlət başçısının təşəbbüsü ilə bir neçə il əvvəl bu sahədə mükəmməl islahatlar başlanılıb və bu gün də davam etməkdədir. Belə ki, cinayət qanunvericiliyinə 500-ə yaxın dəyişiklik edilərək onlarca cinayət əməli dekriminallaşdırılıb, yeni alternativ cəza növləri təsbit olunub və bununla demək olar, hər yeddinci məhkum cəzadan azad edilib və ya cəzası yüngülləşdirilib.

Ancaq bu gün bizim üçün, daha doğrusu, xalqımızın maraq və mənafelərinin qorunması üçün ən vacib olan məsələlərdən biri ordu quru­culuğu sahəsində atılan addımların daha da intensivləşdirilməsi və silahlı qüvvələrimizin maddi-texniki bazasının müasirləşdirilməsidir. Dövlət başçımız bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bu barədə danışarkən demişdir: “Bu altı ay ərzində hərbi sahədə də islahatlar aparılıb. Struktur islahatları aparılıb, hərbi təhsildə islahatlar aparılıb. Təlimlərlə bağlı ciddi addımlar atılıb. Yeni silahlı birləşmələr yaradılıb. Yeni kontraktlar imzalanıb, hərbi texnika, silah-sursatlar alınır və alınacaq. Biz ordu quruculuğu sahəsində öz işlərimizi davam etdiririk. Bizim bu il artan iqtisadi və maliyyə imkanlarımızın bir hissəsi məhz bu məsələlərə istiqamətləndirilib.”

Xatırladaq ki, Azərbaycan dövləti hərbi xərclərini keçən il bu ilin büdcəsi təsdiq olunanda təsbit etmişdi və hesab edilirdi ki, bu, kifayətdir. Ancaq sonra məlum oldu ki, hərbi xərcləri artırmaq lazımdır. Bu artım məhz yüksək texno­loji imkanları olan silahların alınmasına xərclənəcək. Prezident xatırladır: “Biz görürük ki, yeni imzalanmış kontraktlara ehtiyac var. Ən müasir hərbi texnika və silahların alınması üçün bu il dürüstləşmə zamanı hərbi xərclərimiz artıb. Nə qədər lazımdırsa, o qədər də artıracağıq. Çünki biz müharibə nədir, işğal nədir yaxşı bilirik və təhlükə nədir onu da yaxşı bilirik. Hər an hazır olmalıyıq ki, öz hüququmu­zu istənilən yolla təmin edək”.

Bəli, Azərbaycan bu gün xalqın ma­raqlarına, milli dövlətçiliyin mənafelərinə uyğun şəkildə idarə olunur. Bu isə beynəlxalq aləmdə “xalqın və dövlətin maraqlarını təmin edən idarəçilik nümunəsi” kimi qəbul edilir.

İttifaq MİRZƏBƏYLİ,

“Xalq qəzeti”

22 Sentyabr 2022 02:09 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə