Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Erməni vandalizmi indi də Avropada baş qaldırır

Sentyabrın 18-də Fransada yaşayan ermənilər Azərbaycanın bu ölkədəki səfirliyinə hücum ediblər. Erməni vandalları səfirliyin qarşısındakı dəmir maneələri qıraraq binaya daxil olmağa çalışıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə Azərbaycanın Fransadakı səfirliyinin inzibati binasına radikal erməni qrupu üzvlərinin hücu­mu, səfirliyə zorla daxil olmağa cəhd etmələri, əllərindəki əşyalarla binaya və ətraf əraziyə maddi ziyan vurmaları açıq-aydın görünür. Bu, erməni radikallarının növbəti təxribatlarındandır.

Təəssüf ki, Fransanın hüquq-mühafizə orqanları səfirliyin bina­sının mühafizəsini lazımınca təşkil etməyiblər. Ermənilərin qanunsuzlu­ğunu əks etdirən videogörüntülərdə yerli hüquq-mühafizə orqanları əməkdaşlarının erməni vandaliz­minin qarşısını almaq üçün heç bir tədbir görmədiyi əks olunub. Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev öz Tvitter səhifəsində səfirliyin binasına basqınla yanaşı, fransız polisinin laqeydliyinə də etiraz edib: “Fransa­nın erməni fanatları Azərbaycanın səfirliyinə basqın edirlər. Amma gəlin, erməni barbarlarını bir kənara qoyaq cənab Emmanuel Makron, səfirlikləri qorumayan və təhlükəsizliyimizlə bağlı əsaslı tələblərimizə məhəl qoymayan Fran­saya ayıb olsun!”.

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Fransadakı Azərbaycan səfirliyinə qarşı radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası səfirə təqdim edilib. Görüşdə Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən Fransadakı erməni diasporunun radikal ekstremist qüvvələrindən ibarət qrupun Azərbaycan Respublikasının Paris şəhərindəki səfirliyinə hücumunun nümayişkaranə surətdə Fransa qanunlarının və ümumtanınmış beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət edildiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Hücum zamanı səfirliyin binasına maddi ziyan vurulduğu, diplomatik nümayəndəliyin fəaliyyətinə və əməkdaşların həyatlarına təhlükə yaradıldığı qeyd edilib.

Nazir müavini Xələf Xələfov tərəfindən radikal erməni qruplarının bu hərəkətlərinə şəraitin yaradılması və vaxtında qarşısının alınmamasına görə qəti etiraz bildirilib, diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin təhlükəsizliyini qəbul edən ölkə tərəfindən təmin edilməsi öhdəliyinin Fransa tərəfindən yerinə yetirilməməsinə görə dərin təəssüf ifadə edilib. Həmçinin diplomatik nümayəndəliyə və onun heyətinə təhlükə yaradan vandalizm aktının Fransanın hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli araşdırılması, müvafiq hüquqi qiymətin verilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi və vurulmuş ziyanın ödənilməsinin təmin olunması tələb edilib. Fransa səfiri Azərbaycan səfirliyinə qarşı baş verən hadisənin təəssüf doğurduğunu bildirib. Azərbaycan tərəfinin müraciətinə müvafiq olaraq, hadisəyə hüquqi qiymətin verilməsi üçün aidiyyəti addımların atılacağı qeyd edilib.

Bundan əlavə, faktla bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi başlanılıb. Baş Prokuror­luq tərəfindən həmin cinayət işi üzrə istintaqın Fransanın aidiyyəti or­qanları ilə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib. Lakin rəsmi Paris hələ ki, günahkar­ların cəzalandırılmasına nədənsə tələsmir.

Bir müddət keçdikdən sonra Fransanın Xarici İşlər Nazirliyi açıqlama yayaraq, Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüfləndiyini bildirdi: “Fransa hökumətinin səlahiyyətliləri səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyətini təmin etmək üçün bütün tədbirləri görüblər. Belə hadisələrin baş verməməsi üçün ayıq-sayıqdırlar.”

Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə yaşayan erməni fanatiklər tərəfindən Parisdəki səfirliyin binasına edilən hücumdan sonra Fransanın səlahiyyətli orqanlarından müvafiq tədbirlər görməyi tələb edib. Bu məqsədlə Azərbaycanın Fransadakı səfirliyi rəsmi Tviter səhifəsində bəyanat yayıb. Bəyanatda Fransanın səlahiyyətli orqanlarından 2022-ci il sentyabrın 18-də erməni radikal qruplarının hücumunu hərtərəfli araşdırmaq, məsələyə hüquqi qiymət vermək, bu hücumun vurduğu ziyanı aradan qaldırmaq, Azərbaycan Respublikasının Parisdəki səfirliyi və mədəniyyət xidməti binası qarşısında bütün gün ərzində polisin olmasını təmin etmək tələb edilib. Çünki erməni vandalları bu cür əməlləri yenidən törədə, ssenari yenidən təkrarlana bilər.

Məsələ aydındır, Fransa hazırda mövcud məsuliyyətdən yayınır. Çünki səfirliklərin qorunmasına bütün dünyada səfirliyin yerləşdiyi ölkə təminat verir və bu məqsədlə qapısında 24 saatlıq silahlı mühafizə təşkil olunur. Hər hansı problem baş verərsə, həmin mühafizə tərəfindən həyəcan siqnalı verilir və bir neçə dəqiqəyə lazım olan sayda polis əraziyə gəlir. Lakin biz Fransa polisindən bunu görmədik. Bəlkə onlara erməni fitnəkarlığına müdaxilə etməmək tapşırığı verilmişdi?!

Bir məsələni vurğulamaq xüsusilə yerinə düşər ki, elə həmin gün Gürcüstanın paytaxtı Tiflisdə də ermənilər Azərbaycan səfirliyinə qarşı təxribata cəhd ediblər. Belə ki, Tiflisdə yaşayan ermənilər Azərbaycanın Gürcüstan­dakı səfirliyinə doğru yürüş etmək istəyiblər. Polis yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Əraziyə çoxlu sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib. Belə hadisələr Livan, ABŞ, Fransa, Yunanıstan və bir sıra digər ölkələrdə də təkrarlansa belə qarşısını almağa cəhd edilib. Ma­raqlıdır, Fransanın hüquq-mühafizə orqanları təxribatçıların qarşısını ala bilməzdimi?

Xatırladaq ki, avqustun 4-də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum etmişdi. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər. Londondakı hücumla, Fransa səfirliyinə hücum və Tiflisdəki məlum insident arasında əlbəttə ki, əlaqə var. Çünki Londondakı hadisə Azərbaycan Ordusunun Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin terror-təxribat əməlinə cavab olaraq keçirdiyi “Qisas” əməliyyatından bir gün sonraya təsadüf etmişdi. İndi də Ermənistanın sərhəd təxribatına Azərbaycan Ordusunun sərt cava­bından sonra ermənilərin səfirliklərə hücumu başladı. Nəzərə almaq lazımdır ki, ermənilərin ASALA və başqa terror təşkilatları yarandıqları gündən Azərbaycana və Türkiyəyə qarşı fəaliyyət göstərirlər, diplomatik korpusları hədəf alırlar. Son hücum cəhdlərinin arxasında da erməni ter­ror qruplarının dura biləcəyi ehtimalı böyükdür.

Ermənilərin fitnəkarlığı xaricdə də hiddət doğurub. Fransa Milli Assambleyasında Fransa – Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bildirib ki, Azərbaycanın Fransadakı səfirliyinə hücum edənlər qanun qarşısında törətdikləri əməllərə görə cəzalarını almalıdırlar: “Həmin şəxslər Fran­sada olan erməni fanatiklərdir. Onların bu əməllərinə qarşı lazımi tədbirlər görülməlidir və görülüəcək. Belə hadisənin olması iki ölkə üçün utancvericidir. Bununla Ermənistanın özünün imicinə də zərər vururlar. Təəssüf ki, biz onların qarşısını almasaq, daha böyük hadisələrə yol aça bilərlər. Ermənipərəst qüvvələr Fransada fəaldır və ətrafındakı insanlara olduqca böyük ziyanlar vururlar. Fransada böyük erməni lobbisi özünün imicini daha da aşağı salır.”

Səfirlik qarşısında etiraz aksi­yaları bütün dünyada normal haldır, Azərbaycanın xaricdə yaşayan fəalları da müxtəlif dövlətlərin səfirlik binaları qarşısında müəyyən tədbirlər təşkil edirlər. Azərbaycan fəalları heç bir səfirliyin ərazisinə soxulmur, güc tətbiq etmir, ölkələri və millətləri təhqir etmir, aşağılamır, təzyiq göstərmirlər. Çünki diplomatik korpusun yerləşdiyi binaya hücum fərqli anlamdır, cinayət əməlidir. Səfirliyə hücum, elə həmin dövlətə, konkret halda isə Azərbaycana hü­cum deməkdir, çünki səfirlik ərazisi bizim ərazimizdir. Necə olur ki, Azərbaycan vətəndaşları hər hansı səfirlik önündə etiraz keçirəndə on­lardan səfirlikdən ən azı 15-20 metr aralı durmaqları tələb olunur, eynilə bu, bütün ölkə vətəndaşlarına şamil olunmalıdır. Ancaq erməni vandal­larına şərait yaradıb, Azərbaycan səfirliyinə hücum etmələrinə seyirci qalmaq olmazdı.

Hadisələrin gedişatı onu göstərir ki, Azərbaycana qarşı bu və ya buna oxşar şəkildə təxribatlar müxtəlif ölkələrdə təkrar oluna bilər. Bu hadisələrin də siyasi kampaniya şəklində idarə olunması şübhəsizdir. O səbəbdən belə hadisələrə qarşı daha kəskin münasibət ortaya qoyulmalıdır və iştirakçılarıdan daha çox bu işləri təşkil edənlərin və şərait yaradanların üzərinə gedilməlidir. Təxribatçıların bu ad­dımları sərhədimizə olunan təcavüz kimi qiymətləndirilməlidir. Belə hallarda hətta beynəlxalq hüquq tərəfindən sərhəd pozanların saxla­nılıb neytrallaşdırılmalarını, ehtiyac yaranarsa, zərərsizləşdirilməsini məqsədəuyğun hesab edilməlidir. Son olaraq Fransa səfirliyinə hücum bir daha göstərir ki, bü­tün bunlar “gözü qızmış erməni vətənpərvərləri” deyil, bir mərkəzdən idarə olunan prosesdir, dün­yada Azərbaycanın haqq işini əngəlləmək, ölkəmizin diplomatik fəallığını zəiflətmək məqsədi daşıyır.

Təəssüf doğuran başqa bir hal isə odur ki, ermənilərin bu radikal hücumları hansısa antidemokratik ölkədə deyil, Fransa kimi özü­nü demokratiyanın beşiyi hesab edən ölkədə baş verib. Fransa hökuməti cinayətkarları aşkarlayıb cəzalandıra bilməzdimi? Təəssüf ki, yenə də Azərbaycana qarşı ikili standartların sərgilənməsini görü­rük. Ermənilərə havadarlıq etmək birmənalı şəkildə Azərbaycanın haqq işini əngəlləmək, sülh prose­sinin qarşısını almaqdan başqa bir şey deyil.

Dünyaya demokratiya dərsi keçməyə çalışan Fransa illərdir ki, Ermənistana verdiyi dəstəklə həm də işğala, separatizmə dəstək verib. Bu özünü 30 ilə yaxın ATƏT-in Minsk qrupunda həmsədr olduğu illərdə də, 44 günlük Vətən müharibəsində də göstərib. Fransa müharibə günlərində açıq şəkildə işğala, bir ölkənin ərazi bütövlüyü­nün pozulmasına, onun ərazisində separatizmin yuva salmasına haqq qazandırıb. Müharibədən sonra münasibətlərin norma­la düşəcəyini gözləmək olardı. Çünki ən azı Azərbaycanla olan iqtisadi əlaqələr Fransa üçün də vacibdir. Digər tərəfdən, Avropa İttifaqının əsas ölkələrindən olan Fransa qurumun Azərbaycanla münasibətlərini, ölkəmizin Avropa­nın enerji təhlükəsizliyindəki rolunu qiymətləndirməli idi.

Görünən odur ki, səfirliklər qar­şısında bu şəkildə basqınları təşkil edənlər istənilən halda məsuliyyətə cəlb edilə, cinayətkar əməllərinə görə cəzalarını ala bilərlər. Təəssüf ki, səfirliyin yerləşdiyi ölkənin rəsmilərinin bu kimi məsələlərə göz yummaqları, onlara dəstək olma­sı təəssüratı yaradır. Bu isə heç bir beynəlxalq hüquq normasına sığmır, dövlətlər arasında illərlə formalaşmış nüfuza xələl gətirə, münasibətlərin korlanmasına şərait yarada bilər.

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

22 Sentyabr 2022 09:15 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə