Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir

Azərbaycan 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vuraraq, bölgədə yeni reallıq yaratdı və düşməni torpaqlarımızdan qovaraq bu yeni reallıqla barışmağa məcbur etdi. Azərbaycan Prezidenti İlham Əliyev cəsarətlə bəyan etdi ki, bundan sonra hər kəs bu reallıqla barışacaq.

Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat təkcə regiondakı 30 illik müharibəyə son qoymadı, həm də region ölkələri üçün real əməkdaşlıq imkan­ları yaradıb. Bəyanatda Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan müddəalar da yer alıb. Bu, əsasən sənədin 9-cu maddəsində nəzərdə tutulur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verib.

Regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası məsələsi keçən il yanva­rın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında keçirilmiş üçtərəfli görüşdə də ayrıca müzakirə mövzusu olub. Bu işlərin görülməsi üçün artıq Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrup yaradılıb. İndiyədək aparılmış müzakirələr nəticəsində dəmir və avtomobil yollarının bərpası qərara alınıb.

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Zəngəzur dəhlizinin bərpası ilə bağlı ideyanın irəli sürülməsi əməkdaşlıq və nəqliyyat əlaqələrinin yaradılması baxı­mından son dərəcə mühümdür. Yaranacaq əməkdaşlıq Ermənistanın özü də daxil ol­maqla regiondakı bütün ölkələrin maraqlarına xidmət edir. Azərbaycan bu dəhlizin yaradıl­ması və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı öhdəliklərinə sadiq olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda, Qarabağla Ermənistanı birləşdirən Laçın dəhlizi 10 noyabr Bəyanatında nəzərdə tutulduğu kimi, yenidən inşa edilərək istifadəyə verilib.

Ancaq Ermənistan son günlərə qədər Bəyanatın bir sıra müddəalarını, eləcə də sonrakı görüşlərdə əldə olunmuş razılaş­maları, o cümlədən, silahlı tör-töküntülərini Qarabağ ərazisindən çıxarmaqla, Zəngəzur dəhlizini açmaqla və sərhədlərin delimitasiyası ilə bağlı öhdəliklərini yerinə yetirməyib. Pa­şinyan Zəngəzur dəhlizi ilə bağlı qərara gələ bilmədiyindən Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana başqa bir yol çəkmək məcburiyyəti ilə üzləşdi.

Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin də Bakı və İrəvanı atəşkəs rejiminə riayət etməyə və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin üçtərəfli Bəyanatlarına ciddi şəkildə əməl etməyə çağırıb. Rusiya lideri xarici ölkə səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində bildirib: “Bizə yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz tərəfləri təmkinliyə, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli Bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq”.

Onun sözlərinə görə, mübahisəli ərazi məsələlərinin həllinin açarı Rusiyanın məsləhətçi köməyi ilə Ermənistan–Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissi­ya çərçivəsində peşəkar birgə işdədir.

Ermənistanla sülh yaradılması, üçrərəfli Bəyanatın maddələrinin yerinə yetirilməsi Avropa İttifaqının da marağındadır və onun təşəbbüsü ilə bununla bağlı Azərbaycan və Ermənistan liderləri arasında artıq üç görüş keçirilib. Bu ilin mayında Brüsseldə Azərbaycan Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri arasında keçiril­miş görüş zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması, bu xüsusda Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan beş prinsipin təqdim olun­ması, iki ölkə arasında münasibətlərin normal­laşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub, Zəngəzur dəhlizinin açılması, o cümlədən həm dəmir yolu, həm də avtomobil yolunun çəkilməsi məsələləri ilə bağlı razılığa gəlinib. Hətta bu məsələlərlə bağlı hər iki ölkədə yaradılmış komissiyaların ilk görüşü də baş tu­tub. Amma Zəngəzur dəhlizi məsələsi yerindən tərpənmir. Ermənistan elə bilir ki, məsələnin həlli uzandıqca dəhliz yaddan çıxacaq.

Amma belə deyil. 10 noyabr Bəyanatı onu imzalayanlardan heç birinin yadından çıxma­yıb. Sadəcə, hamı istəyir ki, Ermənistan öz öhdəliklərini xoşluqla, sülh və anlaşma yolu ilə həll etsin. Ermənistan isə üzünü Qərbə çevirməklə aradan yayınmaq istəyir. Axı nə vaxta qədər?

İqbal MƏMMƏDOV,

Milli Məclisin deputatı

22 Sentyabr 2022 01:17 - SİYASƏT
SİYASƏT
1 Oktyabr 2022 | 12:08
Qalib xalqin xoşbəxt nəsli

Köhnə versiyamızdan xəbərləri izlə