Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhid hərbçilərimizin ailə üzvlərinə sosial dəstək davam edir

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan yeni sosial dəstək proqramı çərçivəsində birdəfəlik ödəmə ilə təmin edilən müharibə əlillərinin sayı artıq 15 mini ötüb. Proqram 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxsləri, onlardan vəfat edənlərin vərəsələrini əhatə edir.

Qeyd edək ki, onlara proaktiv qaydada birdəfəlik ödəmə təyin edildikdən sonra həmin vəsait bank hesablarına köçürülür və bu barədə SMS göndərilir. E-sistemlərdə, habelə müvafiq arxivlərdə 1997-ci ilin 2 avqust tarixinədək hərbi xidmət zamanı aldığı xəsarətlə bağlı məlumat olmadığı üçün proaktiv qaydada birdəfəlik ödəmə təyin edilməmiş şəxslər, habelə birdəfəlik ödəməni almaq hüququ olan şəxs vəfat etmişsə, vərəsələri müvafiq sənədləri təqdim etdikdə onlara da qeyd olunan ödənişlər təyin oluna­raq bank hesablarına köçürülür.

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən 13-nə keçən gecə törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin ailələri də bundan öncə şəhid olan igidlərimizin ailələri kimi hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacaqlar.

Prezident, müzəffər Ali Baş Ko­mandan İlham Əliyevin tapşırığına əsasən, həmin şəhid ailələri ilə bağlı bütün sosial dəstək tədbirlərinin görülməsi təmin olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri tərəfindən son təxribat nəticəsində həlak olan şəhid hərbi qulluqçularımızın ailələri ziyarət olunaraq onlarla bağlı sosial müdafiə tədbirlərinin görülməsi üçün aidiyyəti işlərə artıq başlanıb. Şəhid ailələrinin müvafiq sosial dəstəklə təmin edilmələri məqsədilə onlara zəruri sənədləşdirmə işlərində də yaxından dəstəyin göstərilməsi ilə bağlı yerli struktur bölmələri müvafiq qaydada təlimatlandırılıb.

Həmin ailələr sığorta ödənişi, aylıq sosial ödənişlərlə (Prezidentin aylıq təqaüdü, pensiya, müavinət) təmin olunacaq. Eyni zamanda, qanunvericilik əsasında şəhid hərbi qulluqçularımızın ailələrinin mənzillə, fərdi evlə təminatı və aktiv məşğulluq proqramlarına cəlb olun­maları işləri aparılacaq.

Onlara şəhid ailələri üçün nəzərdə tutulan digər bir sıra imtiyaz və güzəştlərin tətbiqi də təmin ediləcək. Şəhidlərimizin ailə üzvləri ilə görüşlər zamanı onlar yaranmış sosial müdafiə və sosial təminat hü­quqları, imtiyaz və güzəştləri barədə məlumatlandırılır. Şəhid hərbi qulluqçularımızın ailələri qarşıdakı dövrdə də mütəmadi olaraq ziyarət edilməklə onların sosial-məişət şəraiti daim diqqətdə saxlanacaq.

Ötən həftə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının baş iqtisadçısı, iqtisadi tədqiqatlar və regional əməkdaşlıq departamentinin baş direktoru Albert Park ilə keçirilən görüşdə ölkəmizdə aparılan sosial islahatlar barədə məlumat verilib. Son 4 ildə Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən 3 sosial isla­hat paketinin reallaşdırıldığı, bu is­lahatlar üçün 6 milyard manat əlavə vəsait ayrıldığı qeyd edilib. Həmin dövrdə ölkəmizdə minimum aylıq əməkhaqqının 2,3 dəfə, orta aylıq əməkhaqqının 53 faiz, əməkhaqqı fondunun 2,2 dəfə, minimum aylıq pensiyanın 2,2 dəfə, orta aylıq pen­siyanın 77 faiz artdığı bildirilib.

Sosial müavinət və təqaüd ödənişlərində də son 4 ildə 3,5 dəfə artım olduğu, 2022- ci ilin əvvəlindən 3,4 milyon vətəndaşı əhatə edən növbəti islahat paketi üzrə illik 2,1 milyard manat əlavə vəsait yönəldildiyi qeyd edilib. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, digər həssas qrupların rifahına yönəlik sosial proqramlar, əmək, məşğulluq, sosial xidmət sahələrində aparılan isla­hatlar, sosial islahatların hədəfləri barədə də məlumat verilib.

A.Park Azərbaycanda sosial isla­hatların davamlı xarakter almasının, həssas qruplarla bağlı sosial dəstək proqramlarının icrasının təqdirəlayiq olduğunu bildirib.

Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankının ötən dövrdəki uğurlu birgə iş təcrübəsindən bəhs olunub, gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Yeri gəlmişkən, bu ilin yanvar–avqust aylarında ƏƏSMN tərəfindən 18,6 mini pensiya, qalanları müavinət və təqaüd olmaqla, 187,1 min təyinat rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib. Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq həmin sosial təminat növlərinin təyinatı elektronlaşdırılıb. Həmin vaxtdan ötən dövrdə 456,1 min pensiya, müavinət və təqaüd e-qaydada təyin edilib. Bununla da vətəndaşların so­sial təminat növlərinə hüquqları ya­randığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən onlara müvafiq sosial ödənişlərin təyinatı e-sistem üzərindən aparılıb.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnoza nisbətən 7,6 faiz və ya 267 milyon manat çox olmaqla 3 milyard 780 milyon manat təşkil edib. Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları artmaqda davam edib. Bu daxilolmalar yan­var – avqust aylarında proqnoza nisbətən 2,8 faiz və ya 81 milyon manat artaraq, 2 milyard 948 milyon manat olub. DSMF-nin son 8 ayda xərcləri isə ötən ilin müvafiq dövrünə nisbətən 6,2 faiz və ya 202 milyon manat artaraq 3 milyard 467 milyon manata çatıb.

Pensiyaçılar arasında ruh yüksəkliyini artırmaq, onlara həyatdan təcrid olunmadıqları fikrini qəbul etdirmək məqsədilə ƏƏSMN həvəskar şahmatçı­lar arasında “Zəfər turniri”nin keçirilməsini nəzərdə tutub. Turnirdə iştirak etmək istəyən pensiyaçı­lar 142-Çağrı Mərkəzinə şəxsi məlumatlarını təqdim edərək və ya bu məlumatları Dövlət Sosial Müdafiə Fondunun “Facebook” və “Instagram” sosial şəbəkə hesabla­rına göndərərək qeydiyyatdan keçə bilərlər. Onlar, həmçinin DSMF- nin regional filiallarına yaxınlaşaraq ərizə yazmaqla da qeydiyyatdan keçə bilərlər. Onu da xatırladaq ki, qeydiyyatdan keçmiş şəxslər ara­sında ilkin seçim mərhələsi olacaq. “Zəfər turniri” yalnız bu mərhələdən uğurla keçmiş, yaşa görə pensi­yaya çıxan pensiyaçılar arasında keçiriləcək. Yarışda iştirak etmək üçün qeydiyyat sentyabrın 19-dan oktyabrın 19- dək davam edəcək.

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

22 Sentyabr 2022 00:47 - CƏMİYYƏT
CƏMİYYƏT
1 Oktyabr 2022 | 14:16
DSX-nin aylıq hesabatı

Köhnə versiyamızdan xəbərləri izlə