Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çay sortlarından alınan ekstraktın bir sıra xəstəliklərin müalicəsində istifadəsi üçün proqram hazırlanacaq

AMEA-nın Lənkəran Regional Elm Mərkəzi (LREM) institut və təşkilatlarla bağladığı müştərək müqavilələrə əsasən, elm-tədqiqat işlərini davam etdirir.

Bu barədə "Xalq qəzeti"nə AMEA-nın Mətbuat xidmətindən məlumat verilib.

14-16 sentyabr tarixlərində Dendrologiya İnstitutunun elmi əməkdaşları - biologiya üzrə fəlsəfə doktoru Hüseynağa Əsədov və elmi işçi Mirməhəmməd Babayev Lənkəran Regional Elm Mərkəzi ilə bağlanmış qarşılıqlı müqaviləyə əsasən Lənkəran bölgəsində elmi ekspedisiyada olublar.

LREM-nin direktoru, professor Fərman Quliyev və mərkəzin əməkdaşları tərəfindən Təcrübə sınaq sahəsində ən müasir cihazlardan istifadə edilməklə eksperimental təcrübələr aparılıb. Dünyada baş verən son iqlim dəyişiklikləri ilə əlaqədar ekoloji amillərin respublikamızın əvəzsiz nadir bitkisi olan çaya təsiri, temperatur dəyişkənliyi nəticəsində havanın radiasiya fonu, havanın kimyəvi tərkibi, torpaqda ağır metalların, duz ionlarının və s. çay bitkisinin fizioloji və biokimyəvi parametrlərinə təsiri tədqiq edilib, Yaponiya istehsalı olan fotosintezmetrlə professor F.Quliyevin yaratdığı 4 yeni çay sortundan ibarət salınan yeni çay sahəsində fotosintez proseslərinin fəallığı, həmçinin yarpaqlar dərilmədən xlorometr cihazı vasitəsi ilə xlorofilin miqdarı avtomatik tədqiq edilib, çay bitkisinin bioloji xüsusiyyətləri, məhsuldarlığı, çayın keyfiyyət dinamikası təyin edilib. Bununla bərabər, təcrübə sahəsində SOEKS cihazı vasitəsi ilə radiasiya fonu, KPJ cihazı vasitəsilə nisbi rütubət təyin edilib, torpaq nümunələri götürülüb və ağır metalların çay bitkisinə təsiri öyrənilib.

Ekspedisiyanın rəhbəri H.Əsədovun sözlərinə görə, alınan tədqiqat nəticələri onu deməyə əsas verir ki, professor F.Quliyevin rəhbərliyi altında yaradılan çay sortları yüksək keyfiyyət göstəricilərinə görə dünyanın məşhur çay sortlarından daha üstündür. Bu çay sortlarından alınan ekstraktın dünyada geniş yayılmış Althsheymer, Parkinson və eləcə də bədxassəli şişlərin müalicəsində istifadə olunması proqramının işlənib hazırlanması qərara alınıb.

Professor Fərman Quliyev tərəfindən çay bitkilərinin toxum və çilinglərindən alınmış və hal-hazırda 4-5 illik olan çay kollarında, həmçinin limonun “Lənkəran meyeri” və digər yeni alınmış 5-7 sortunda, portağal, narınginin yeni alınmış “Karlik tezyetişən”, quayava bitkilərində fotosintez prosesinin fəallıq dinamikası və bitkilərin yarpaq orqanlarında xlorofilin ümumi miqdarı ilə bağlı tədqiqatlar davam etdirilib. 

Qeyd edək ki, tədqiqatların nəticəsi cari ilin sentyabr ayında Rusiya Elmlər Akademiyasının nüfuzlu “Elmi yeniliklər” (N3) məcmuəsində işıq üzü görüb.

Həmçinin Təcrübə sahəsində aparılmış analizlərin nəticələri ingilis dilində ən müasir jurnallarda nəşr olunması üçün göndərilib və müsbət rəy alınıb.

İnstitut əməkdaşları və Lənkəran Regional Elmi Mərkəzinin rəhbərliyi bioloji müxtəlifliyin qorunması və davamlı inkişafına dair Fəaliyyət Planı çərçivəsində biomüxtəlifliyin öyrənilməsi üzrə birgə elmi tədqiqatların aparılması, ərazinin torpaq iqlim şəraitinə uyğun bitki assortimentinin artırılması barədə fikir mübadilələri aparıblar.

20 Sentyabr 2022 17:58 - ELM
ELM
5 Noyabr 2022 | 02:11
12 yaşlı “Eynşteyn”

Köhnə versiyamızdan xəbərləri izlə