Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Türk Dünyası Simpoziumu

Qlobal problemlərin həlli üçün Türk Dünyasına çağırış

Öz talelərinə sahib olmuş yeni türk dövlətləri 30 ildən artıqdır ki, həyatın bütün sahələrində sıx əlaqə və əməkdaşlıq imkanlarını davam etdirir. İndi müstəqil türk ölkələrinin xalqları tarixin sınaq məqamlarında öz müqəddəratlarını şərəflə həll etdikləri kimi, Avrasiya regionunda, eləcə də dünyada sabitliyin və əmin-amanlığın təminatında xüsusi rolu olan yeni qüdrətli siyasi birliyi də inamla qürur və ardıcıl möhkəmləndirirlər.

Birgə səylərlə qəbul edilən önəmli qərarlar, həyata keçirilən irimiqyaslı layihələr qar­daşlıq və dostluq əlaqələrini zənginləşdirir, qarşılıqlı-faydalı əməkdaşlıq yeni töhfələri ilə gündəmə gəlir. Bu sırada bu ilin 9–12 oktyabırında Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Simpoziumundan qardaş dövlətlərin və xalqların gözləntiləri nədir? Bu suala beynəlxalq elmi məclisin təşkilat komitəsinin üzvü, Ərzincan Binali Yıldırım Univer­sitetinin professoru Əli Kafkasyalı ilə birlikdə cavab axtardıq.

 

– Türkiyənin Ərzincan şəhərində keçiriləcək Beynəlxalq Türk Dünyası Simpoziumu haq­qında mətbuatda gedən silsilə yazılar bu qardaşlıq və dostluq toplantısının xüsusi önəmindən soraq verir. Az bir zaman kəsiyində bu qədər ciddi marağın yaranması nədən qaynaqlanır?

– Dünya çox sıxıntılı günlər yaşayır. Bir tərəfdən, təbii fəlakətlər, iqlim dəyişikliyi, ərzaq qıtlığı, sağlamlıq və pandemiya problemləri, digər tərəfdən, yarım ildir davam edən Rusiya–Ukrayna müharibəsi, dolayısı ilə, Qərb–Rusiya qarşıdurması, bölgədə silahlanmanın güclənməsi, ümumi gərginliyin artması insanları ciddi narahat edir. Bu narahatlıq hökumətlərin fəaliyyətini çətinləşdirir, xalqları ümidsizləşdirir, çox sayda insanı depressiyaya salır. Ərzaq və səhiyyə təhlükəsizliyinin pozulması insanları yuxuda da dinc buraxmır. Ölkələr və xalqlar mütəxəssislərin, elm adamlarının bu qorxulu bəlalara çarə tapmasını gözləyirlər.

Belə bir durumda Türkiyə də strateji və sabit mövqeyi, prinsipial və etibarlı dəstəyi ilə bəşəriyyətin ümid qapısı kimi görünür. Avropa ölkələri, təəssüf ki, irtica qüvvələrinin təsirindən çıxa bilmirlər. Hətta Yuna­nıstan kimi bəzi ölkələr Birinci Dün­ya müharibəsi zamanı olduğu kimi, yanlış siyasətləri ilə bölgədə durumu mürəkkəbləşdirməyə çalışırlar.

Belə bir vəziyyətdə Türkiyə tari­xin onun üzərinə qoyduğu mühüm missiyanı uğurla yerinə yetirməlidir. Bütün gücünü, qudrətini insanlığın ümumi nicatına səfərbər etməlidir. Bunun yolu da Türk dövlət və toplu­luqlarının “Dildə, fikirdə, işdə birlik” amalından keçir. Dil birliyi olmadan düşüncə birliyi, düşüncə birliyi ol­madan da iş birliyi qurmaq mümkün deyildir.

Belə bir məqamda biz – Türk Dünyasının aydınları və alimləri Beynəlxalq Türk Dünyası Simpozi­umunda toplaşaraq, dünyanın təbii problemləri ilə mübarizə aparmaq və öz maraqlarını bəşəriyyətin maraqlarından üstün tutan böyük dövlətlərin yanlış münasibətinin qarşısını almaq üçün Türk Dünyası­nı fikir birliyinə çağırırıq. Zənnimcə, insanlar bu kiçik işığı parlamadan əvvəl görə bildilər. Ona görə də qısa zamanda belə bir ciddi maraq yarandı.

– Simpoziumda bütün Türk dünyasının təmsilçilərinin iştirakı nəzərdə tutulur. Bu coğrafiya haq­qında məlumat vermənizi istərdik.

– Azərbaycandan başla­maqla, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk dövlətindən, habelə Rusiya Federasiyasının tərkibində olan Dağıstan, Şərqi Türküstan, Tuva, Xakasiyadan, İran, Tacikistan, Əfqanıstan, Moldaviya–Qaqauziya, Macarıstan, Bolqarıstan, Krım, Ser­biya, Monteneqro, Makedoniya, Ko­sovo, Yunanıstan, Əlcəzair, Livan, Suriya, İraq və Gürcüstandan dövlət xadimlərini, deputatları, nazirləri və elm adamlarını dəvət etmişik.

– Ənənəvi, həm də çətin bir sual: tədbirdə bütün türk dünya­sının nümayəndələrinin iştirakını təmin etmək mümkün olacaqmı?

– Yuxarıda adlarını çəkdiyim bütün ölkələrdən nümayəndələr dəvət etdik. Demək olar ki, bütün dəvətlərimiz qəbul olundu.

– Statistik göstəriciləri söyləməyiniz mümkündürmü?

– Əlbəttə, ümumilikdə, simpo­ziumda 530 iştirakşımız olacaq. Onlardan 402-si üz-üzə, 128-i isə onlayn şəkildə iştirak edəcək. Azərbaycandan 35 iştirakçı həm üz-üzə, həm də onlayn iştirak edəcək. Qazaxıstandan 37, Qırğızıstandan 27, İrandan 20, Özbəkistandan 10, Balkanlardan 13, digərlərindən 3–7 qonağımız gözlənilir. Nazirlər, millət vəkilləri və digər rəsmi şəxslər bu saya daxil deyil. Bir sözlə, univer­sitetimiz və Ərzincan şəhəri 700-ə yaxın qonağı qəbul edəcək.

– İndiki dövrdə belə bir ideya­nın ortaya çıxması və həlli Türk dünyasının həyatında önəmli hadisədir. Amma ideyanın ağır­lığı da kifayət qədər böyükdür, öhdəsindən gələ bilirsinizmi?

– İnsan ömründə olduğu kimi, hər bir xalqın həyatında da gözlənilməz anlarda fürsət yara­na bilər. Ağıllı dövlət adamları bu imkandan istifadə edirlər. Bu gün Türk xalqlarının qarşısına tarixi fürsət çıxıb. Bu fürsətdən istifadə edilməlidir. Yoxsulluq, aclıq, depres­siya maneə olmamalıdır. Bunu indi dövlətimiz edir. Bir çox arzuolun­maz hallara baxmayaraq, hətta şər qüvvələr prosesin qarşısını almaq üçün birlikdə çalışsalar da, şüurlu insanların, ziyalıların və alimlərin dəstəyi ilə mübarək yürüş davam edir. İnanıram ki, niyyətimiz saf olduğu üçün uğur qazanacağıq. Bir sözlə, Türk Dünyasının birliyi, güclənməsi insanlıq üçün çox yaxşı və faydalı şeylərə səbəb olacaq.

– Simpozimun bir özəlliyi də dəvət olunmuş iştirakçıların bütün xərclərinin təşkilatçılar tərəfindən ödənməsidir. Bu xərclər sırasında nələr var və onların həllində hansı çətinliklərlə üzləşirsiniz?

– Qonaqlarımızın yol və yaşayış xərclərini, əlbəttə ki, universitetimiz qarşılayacaq. Bu baxımdan heç bir çətinliyimiz yoxdur. Beynəlxalq məclis Türkiyə Cümhuriyyətinin Mədəniyyət Nazirliyi, Ərzincan Valiliyi, Universitet rektorluğu, başda Türk Dövlətləri Təşkilatı Ağsaqqal­lar Şurasının sədri Binəli Yıldırdım olmaqla, bir çox könüllü qurum və təşkilatlar tərəfindən dəstəklənir. Ən əsası isə Ərzincan şəhərinin böyükdən-kiçiyə bütün əhalisi bu möhtəşəm tədbirə bayram kimi hazırlaşır, qardaş-bacılarımızıəsl qonaqpərvərliklə qarşılamaq üçün yarışa girirlər. Onu da deyim ki, Türkiyənin hər yerindən əlavə dəstək üçün təkliflər gəlir. Ehtiyacı­mız olmasa da, biz onların hamısın­dan razıyıq, çox sağ olsunlar.

– Yəqin ki, az bir zaman kəsiyində bunları həll etmək də çətindir. Lakin əminik ki, bu işlər kifayət qədər təcrübəsi olan bir heyətin gücü və iradəsi daxilindədir.

– Simpoziumun təşkilində Təşkilat Komitəsinin sədri, olduq­ca təcrübəli və məsəlinin tarixi əhəmiyyətinə ürəkdən inanan professor Abdulkadir Gül də daxil olmaqla, çalışqan bir komandamız var. Gecə-gündüz bütün gücümüzlə işləyirik. Rektorumuz professor Akın Leventin rəhbərliyi altında prorektor, professor Ali Ercan Ekinci, professor Bahadır Gücüyeter, professor Erdal Bay, dosent İlhamə Kasabova, dosent Aygül Noqayeva, dosent Nazgül İsabayeva, Kanat Moldatayev, Həmzə Kolukısa və onlarca həmkarımız böyük zəhmət və fədakarlıqla çalışırlar. Hər şey planlaşdırıldığı kimi gedir.

– Tədbirə bütün Türk dün­yası cəlb olunub və bu sırada Azərbaycanın adını ön sıralarda görməkdən qürurluyuq.

– Biz Türkiyə türkləri üçün, təbii ki, bütün Türk xalqları, Türk tayfaları və Türk dövlətləri əziz və doğmadır. Lakin bir həqiqət var ki, Azərbaycan alimləri bir çox sahələrdə olduğu kimi, türkologiya sahəsində də yüksək və zəngin təcrübəyə malikdirlər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin türkoloji fəaliyyəti olduqca təqdirəlayiqdir. Bolşevik inqilabından sonra da Azərbaycan ziyalıları və alimləri ciddi təqiblərlə üzləşsələr də, türkologiya elminə böyük töhfələr verdilər. 1926-cı ildə Bakıda ilk Türkologiya qurultayı keçirildi və bu gün də əhəmiyyətini itirməyən çox mühüm qərarlar qəbul edildi.

Unutmamalıyıq ki, latın əlifbasına keçməsi barədə qərar da Bakı məclisində qəbul edilib. Türkiyə Azərbaycandan iki il sonra Latın əlifbasından istifadə etməyə başlayıb. Sonrakı illərdə sovet quruluşunun amansız və şiddətli repressiyalarına baxmayaraq, türkologiya sahəsində Azərbaycanl alimləri böyük tədqiqatlar aparılmış­dır. Bu simpoziumda da Azərbaycan nümayəndələrinin təcürbələrindən maksimum faydalanacağıq.

– Bir məsələyə də toxunaq. Beynəlxalq tədbirdə Azərbaycan hansı tərkibdə təmsil olunur?

– Azərbaycandan dəvət olunan iştirakçıların sayı qazax, özbək və türk alimlərindən çox deyil. Tədbirə Beynəlxalq Türk Dünyası Simpo­ziumunun ruhuna uyğun olaraq türkologiyanın bütün sahələrində fərqlənmiş dövlət xadimləri, millət vəkilləri, dünya şöhrətli və türk dün­yasının kifayət qədər geniş tanıdığı elm adamları dəvət olunub.

– Tədbir iştirakçılarından han­sı gözləntiləriniz var?

– Simpoziumun Təşkilat Komitəsi olaraq iştirakçılar qarşı­sında heç bir tələb irəli sürməmişik. Hər kəsin Türk dünyasının istənilən problemi ilə bağlı tənqid və həll təklifləri ilə məclisə qatıla biləcəklərini söylədik. Türk dün­yasının, hətta dünyanın sayılıb-seçilən elm adamları türkoloq olaraq üzərində düşündükləri hər bir problemi ortaya qoya və onun həlli üçün yollar təklif edə biləcəklər. Bu təqdimatlar konfranslar, panellər, se­minarlar və ya müzakirələr şəklində ola bilər. Sonda bu təqdimatlar qeydə alınaraq Türk Dövlətləri Təşkilatının Katibliyinə və Türk dövlətlərinin müvafiq təşkilatlarına təqdim ediləcək.

Bunlara əlavə, Türkiyənin so­nuncu Baş naziri və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın məsləhəti ilə Türk Dövlətləri Təşkilatının birgə işi olaraq: 1. ortaq əlifba, 2. ortaq dil, 3. ortaq ədəbiyyat, 4. ortaq termi­nologiya, 5. ortaq tarix, 6. ortaq coğrafiya komissiyaları qurula­caq. Sonda simpozium dövründə görülən işlər toplanaraq ortaq qərar qəbul ediləcək. Dediyim kimi, nəticələr Türk Dövlətləri Təşkilatının katibliyinə və Türk dövlətlərinin mü­vafiq təşkilatlarına təqdim ediləcək.

– Müsahibəyə görə sağ olun, bu böyük layihənin ölkələrimizə və bütün Türk Dünyasına xeyirli olmasını arzu edirik.

Namiq QƏDİMOĞLU,

“Xalq qəzeti”

14 Sentyabr 2022 01:16 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Köhnə versiyamızdan xəbərləri izlə