Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qazanılmış uğurlar idmançılara göstərilən qayğının nəticəsidir

İdmançılarımız Konyadan Vətənə 99 medalla alnıaçıq, üzüağ qayıtdılar. Həmişə olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarında uğurlu nəticələr qazanmış idmançılarla görüşmüşlər. Görüş əsnasında dövlət başçısı respublikamızın idman şöhrətini bir daha yüksəklərə qaldırdıqlarına görə idmançılarımızı təbrik etmiş və qazandıqları nailiyyətlərə görə onlara təşəkkürünü bildirmişdir…

Bu fikirləri “Xalq qəzeti”nə müsahibəsində Azərbaycan Respublikasının Əməkdar elm xadimi, beynəlxalq dərəcəli hakim Ağacan Abıyev dedi.

A. Abıyev qeyd etdi ki, V İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın dördüncü yerə layiq görülməsi çox böyük nailiyyətdir: “Cənab Prezident İlham Əliyevin yürütdüyü düzgün idman siyasəti idmançılarımızı daim qələbəyə ruhlandırır. İdmançılarımız 19 id­man növündə medallar qazanmışlar. Bu, onu göstərir ki, idmanın bir çox növləri ölkəmizdə uğurla inkişaf edir”.

Ağacan müəllim Prezidentin sözlərindən sitat gətirərək bildirdi ki, peşəkar idmançıları yetişdirmək asan məsələ deyil və məşqçilər, idman mütəxəssisləri çox böyük əmək sərf edirlər. Bu gün Azərbaycanda idmana və xüsusilə idmançılara olan münasibət əminəm ki, gəncləri, uşaqları da idmana gətirəcək.

“Prezident İlham Əliyev oyunların açılış günündə Konyada görüş əsnasında idman­çılar qarşısında əminliklə bildirmişdi ki, onlar ölkəmizi ləyaqətlə təmsil edəcəklər. Ölkə başçısı demişdi ki, sizin üzərinizə əlavə məsuliyyət düşür. Çünki siz bu oyunlarda qalib ölkəni təmsil edəcəksiniz. Bu, həm çox qürurverici amildir, eyni zamanda, böyük məsuliyyətdir. Bu məsuliyyəti dərk edən idmançılar ölkəmizi ləyaqətlə təmsil etdilər”, – deyə A.Abıyev bildirdi.

Müsahibimiz sonda onu da vurğula­dı ki, dövlət başçısının yaratdığı şərait sayəsində bu gün bizim beynəlxalq dərəcəli hakimlərimiz beynəlxalq arenada – Avropa, dünya çempionatlarında, Olimpiya Oyunla­rında, həmçinin müxtəlif miqyaslı yarışlarda Azərbaycanı layiqincə təmsil edirlər. Eyni zamanda, gənc nəsildən ölkəmizi beynəlxalq miqyasda təmsil edən hakimlər yetişir. Bütün bu nailiyyətlərin qazanılmasına əsas səbəb ölkə Prezidentinin idmançılara, məşqçilərə, hakimlərə, bütün idman ictimaiyyətinə göstərdiyi diqqət və qayğıdır.

Təqdim etdi: Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”

25 Avqust 2022 00:58 - MÜSAHİBƏ
MÜSAHİBƏ
20 Oktyabr 2022 | 00:17
Daha az fəsadlı anesteziya

Köhnə versiyamızdan xəbərləri izlə